Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyədə Ukrayna və Cənubi Qafqazdakı vəziyyət müzakirə edilib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib. İclasda, əsasən, Ukrayna ətrafında yaranmış vəziyyət müzakirə olunub. Məlumatı Türkiyənin NTV telekanalına istinadən “İzvestiya.ru” verib

İclasın yekununda qəbul edilmiş bəyanatda deyilir: “Belə bir məsələyə diqqət yetirilib ki, Rusiya və Ukrayna arasında yaranmış gərginlik heç bir tərəfə fayda vermir. Tərəfləri sağlam düşüncəni rəhbər tutaraq, gərginliyi azaltmağa çağırırıq”.

Bundan başqa, Təhlükəsizlik Şurasının üzvləri Cənubi Qafqazdakı vəziyyəti də müzakirə ediblər. Qeyd olunub ki, tərəflərin, xüsusən Türkiyə və Ermənistanın konstruktiv və səmimi səyləri ilə regionda sülh və sabitliyin möhkəmləndirilməsi üçün yaradılmış mexanizmləri təkmilləşdirmək lazımdır.

Qeyd edək ki, bir gün əvvəl Türkiyə Prezidenti Administrasiyasından bildirilmişdi ki, Ərdoğan fevralın 3-də Ukraynaya səfərə gedəcək. Səfər Ankara və Kiyev arasında diplomatik münasibət qurulmasının 30 illiyi ilə əlaqədar həyata keçirilir.

Yanvarın 19-da isə məlumat yayılmışdı ki, Rusiya və Ukrayna prezidentləri aralarındakı fikir ayrılıqlarını müzakirə etmək və nizamlamaq üçün Türkiyəyə dəvət ediliblər. Ertəsi gün Prezident Ərdoğan Ankaranın öz ərazisində Putin və Zelenskinin görüşünü keçirmək istədiyini təsdiq etmişdi.

Türkiyə lideri bəyan etmişdi ki, Moskva və Kiyev arasında yaradılmış “müharibə atmosferi”ndən ciddi narahatdır və Putinlə Zelenskinin “üz-üzə, göz-gözə” görüşünü təşkil etmək mümkündür. Türkiyə Prezidenti əvvəlcə görüşün vaxtı ilə bağlı dəqiq tarix deməsə də, son günlər bunun üçün fevralın 4-ü münasib hesab olunub.

Onu da qeyd edək ki, Moskva Ukraynaya hücumla bağlı bütün spekulyasiyaları əsassız adlandıraraq rədd edib. Yanvarın 10-da Rusiya XİN başçısının müavini Sergey Ryabkov bildirib ki, Moskvanın Ukraynaya hücum niyyəti yoxdur və ola da bilməz.

Paşa ƏMİRCANOV,

“Xalq qəzeti”

29 Yanvar 2022 10:00 - SİYASƏT
SİYASƏT
22 May 2022 | 00:39
Zirvədən-zirvəyə

Köhnə versiyamızdan xəbərləri izlə