Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Erməni vandalizmi sərhəd tanımır

Daşnaksütyun partiyasının təmsilçisi İşxan Saqatelyan bir neçə gün bundan əvvəl Ermənistan mediasına ölkəsinin heç vaxt “itirilmiş torpaqlarla” barışa bilməyəcəyini bildirib: “Mən bunu Daşnaksütyun adından bəyan edirəm: Şuşa və Hadrut geri qaytarılmalıdır, bunu açıq və birbaşa vurğulayıram. Bunun necə bir dəqiqliklə, uğurla həyata keçiriləcəyini isə indidən görürəm. Ermənistanda qurulacaq milli hökumət tərəfindən ordumuz güclənəndən sonra bu arzunun gerçəkləşəcəyinə əminəm...”

Bəli, bu fikir İşxan Saqatelyanın heç zaman çin olmayacaq yuxusudur. Bu, təkcə Daşnaksütyun partiyasının təmsilçisinin deyil, həm də Ermənistanın yüzlərlə, minlərlə revanşist düşüncəli işğalçısının sayıqlamasıdır. O və həmfikirləri hələ də özlərinə gəlib anlaya bilmirlər ki, Qarabağ onlar üçün doğma torpaq ola bilməz, ona görə ki, soydaşları 30 il ərzində bu əraziləri elə günə qoyub, elə hala gətiriblər ki, bu yerlərə sahib çıxmağa, bu kənd və şəhərlərə Vətən deməyə heç birinin mənəvi haqqı çatmır. Murdar əlləri ilə Qarabağ və Şərqi Zəngəzur Xirosimaya çevrilib. Azərbaycanlıların əzəli-əbədi yurd yerlərinin indi, necə deyərlər, izi-tozu belə yoxdur. Bu, dünyada misli-bərabəri görünməyən bir vəhşilik, vandallıqdır. Hələ biz onların utanıb-qızarmadan, həyasızcasına özününküləşdirdikləri Şuşa və Hadruta yiyəlik edəcəkləri xəyallarını demirik. Sual vermirik ki, o təbiət inciləri olan şəhərlər sizin idisə, niyə 30 il ərzində həmin torpaqlara yad gözlə baxırdınız? Niyə daşı-daş üstə qoymurdunuz? Axı heç kim sizə mane olmurdu, istər beynəlxalq təşkilatlar, istərsə də dünya gücləri işğalçılığınız, qəsbkarlığınız qarşısında susurdular, o torpaqların əsl sahiblərinin illərlə tikib-qurduqlarını vəhşicəsinə niyə dağıtmağınız barədə bir kəlmə fikir yürütmürdülər. Siz də elə zənn edirdiniz ki, vəziyyət elə belə, yüz illərlə davam edəcək, evlərin divarlarını söküb, meşələrdəki ağacları doğrayıb satacaqsınız. Amma yanılırdınız. Anlamırdınız ki, barbarcasına dağıtdığınız həmin yurd yerlərinin didərgin düşən sahiblərinin səbr kasası daşan günlərin birində dərsinizi verəcək, sizin kimliyinizi özünüzə tanıdacaq...

Ermənistanın quduzluğu, qəddarlığı bitibtükənmir. İnsan qanına susayan bu vəhşi qəbilə tayfasının törətdikləri cinayətlər adamı dəhşətə gətirir. Elə torpaqlarımızın başdanbaşa minalanması bunun bariz ifadəsidir. Onlar təkcə işğal dövründə deyil, həm də torpaqlarımızı tərk edərkən bütün yollarımıza, şəhər və kəndlərimizə saysız-hesabsız mina basdırıblar. Yeri gəlmişkən, hazırda Ermənistanın Azərbaycana qarşı elan edilməmiş mina müharibəsinin qurbanlarının sayı 200-ə yaxınlaşıb və bu, getdikcə artır.

Düşmənin qəddarlığı o həddə çatıb ki, işğalçı minaları təkcə yaşayış sahələrinə deyil, eyni zamanda, qəbiristanlıqlara da basdırıb. Bu, Laçın rayonunun Minkənd məzarlığında da müşahidə edilib... Azərbaycan Silahlı Qüvvələrinin istehkamçılarının fədakar və son dərəcə diqqətli fəaliyyəti sayəsində həmin qəbiristanlıq ərazisində 30-dan çox piyada əleyhinə mina zərərsizləşdirilib. 

Burada bir məqamı da qeyd etmək istərdim. Erməni faşizminin cinayətləri təkcə bu vəhşiliklə kifayətlənmir. Ermənistanın Əməkdar artisti Samvel Baginyanın erməni vandallığı haqqında fikirləri bu baxımdan diqqət çəkir: “Əgər Şuşa bizə lazım idisə, niyə ermənilər oranı tərk edəndə hər şeyi dağıdıb, məhv edib, yandırıb, qarət edirdilər? Mən öz gözlərimlə görmüşəm onlar bunu necə edirdilər. Hələ mən Ağdamı, Cəbrayılı, digər şəhərləri demirəm. Ermənilər kütləvi dağıntılar törədirdilər. Əksər ermənilər bunu azərbaycanlılar oraya qayıda bilməsinlər deyə etdiklərini deyirdilər. Məgər bu, idiotizm deyilmi? Mən bu adamları axmaq adlandırardım”.

Samvel Baginyan Azərbaycan Ordusunun isə torpaqları necə azad etməsi barədə vurğulayıb: “Azərbaycan Ordusu torpaqları dağıtmadan, yandırmadan, hətta pəncərələrin şüşələrini sındırmadan azad edirdi. Niyə belədir? Çünki torpaq onlara lazımdır ki, qaçqınlar, məcburi köçkünlər öz yürdlarına qayıtsınlar”.

Əməkdar artist işğal edilən ərazilərdə Ermənistanın heç nə yaratmadığını, tikmədiyini də bildirib: “Otuz il müddətində erməni hökuməti Şuşada bir dənə də olsun ev tikməyib, bərpa etməyib. Biz Şuşada bir dənə də olsun yeni bir şey tikməmişik. Biz bilirik ki, 1988-ci ilə qədər Şuşada azərbaycanlılar yaşayırdı, söhbət 90 faiz əhalidən gedir. Hətta İkinci Qarabağ müharibəsi zamanı şəhərdə cəmi 2-3 min erməni yaşayırdı. Səbəb nə idi? Bəlkə erməni xalqına Şuşa, ümumiyyətlə, lazım deyildi? Paşinyan özü bu şəhəri boz və bədbəxt şəhər adlandırır. Belə olan halda biz necə təsdiq edə bilərik ki, Şuşa bizə lazım idi”

Burada diqqətçəkən bir məqamı xatırlatmaq istərdim. Erməni müəllif Ruben Vartazaryanın öz sosial şəbəkə hesabında bu günlərdə qeyd etdiyi bəzi həqiqətlər bütün Ermənistanda səs-küy yaradıb. O yazıb: “Mən televiziya ilə əvvəlcə Ağdam, sonra isə Zəngilan, Cəbrayıl və digər şəhər və kəndləri görəndə özümdən soruşdum: “Axı bu ərazilərdə necə döyüşlər gedib ki, bir dənə də olsun qapı və pəncərə, yaxud salamat ev qalmayıb?! Görəsən, Ermənistan Ağdam və Zəngilan istiqamətində hidrogen bombasından istifadə etməyib ki?!.”

Ruben Vartazaryan fikirlərinin davamında vurğulayıb: “Hörmətli oxucular! Yəqin ki, monqol hücumları haqda eşitmisiniz. Təxminən min il bundan əvvəl onların düşmənin yaşayış məntəqələrini necə ələ keçirmələri, sonra talan etmələri, daşı-daş üstə qoymamaları haqda, şübhəsiz ki, az-çox təsəvvürünüz var. Siz mütləq buna oxşar bir vəziyyət barədə eşitmisiniz. Çünki uşaqlarını monqollarla qorxudan insanların əksəriyyəti cəmi min il sonra öz yurd-yuvalarından didərgin düşən azərbaycanlıların əmlakını talamaqla məşğul olurdular”.

Erməni müəllif artıq bu gün çöllüyü, səhranı xatırladan Ağdamın bu hala düşməsinin səbəbini soydaşlarının qəddar hərəkətlərində, onların yerə-göyə sığmayan talan törətmələrində görür: “Ağdam şəhəri planetdə niyə yoxdur? Döyüşlər barədə məlumat əldə etdikdən sonra mənə məlum oldu ki, bu şəhərə hidrogen bombası atılmayıb, bəs onda Ağdam niyə məhv olub? Bunun bir adı var: erməni qəddarlığı və heç bir əndazəyə sığmayan erməni tamahı”. 

Bəli, erməni cəlladları təkcə Ağdamda deyil, 30 illik işğal zamanı bütün şəhər və kəndlərimizdə bir salamat ev belə saxlamayıblar, qəbiristanlıqlardakı məzarları dağıdıb meyitlərin qızıl dişlərini çıxarıb, müqəddəs yerlərdə donuz saxlayıblar. Bəs indi dünya bu vəhşiliyə necə baxır? Beynəlxalq ictimaiyyət Ermənistanı bu vandal əməllərdə qınayırmı? Bu ölkənin havadarları əlaltılarının bu vəhşiliklərindən heç xəcalət hissi keçirirlərmi?..

Daha sonra Vartazaryan deyib: “Hörmətli Facebook erməniləri! Siyasi baxışlarınızdan asılı olmayaraq etiraf edin ki, özünü sivil adlandıran xalq 21-ci əsrdə müdafiəsiz şəhər və kəndləri dağıdıb qarət etmir. Azərbaycan televiziyaları Ağdamın və digər şəhərlərin xarabalıqlarını hər gün göstərir. Çernobıla çevrilən bu yerlərdə bir dənə də olsun, bina qalmayıb. Cəmi iki məscid qalmışdı, orada da donuz və mal-qara saxlanılırdı”.

Erməni müəllif, hətta barbar adlandırdığı soydaşlarını Azərbaycan Prezidenti İlham Əliyevin gördüyü işlərə baxmağa da çağırıb. Şuşadakı Qazançı kilsəsinin əvvəlki görkəminə uyğun təmir edildiyini xatırladıb. “Təbii ki, uşaqlıqdan beyni yuyulmuş bəzi oxucularda indi belə bir fikir yaranacaq ki, mən azərbaycanlılara sadəcə pərəstiş edirəm. Ona görə də işğaldan təmizlənən ərazilərdə baş verən barbarlıqdan narahatam. Mən düşmən agenti deyiləm. Mən Vətənsiz insan deyiləm. Mən sadəcə olaraq eqosentrik, təbliğatla əzilməmiş və şikəst dünyagörüşü olan yırtıcı faşist deyiləm” – Ruben Vartazaryan fikirlərini belə tamamlayıb.

V.BAYRAMOV,

“Xalq qəzeti”

29 Yanvar 2022 10:16 - SİYASƏT
SİYASƏT
22 May 2022 | 00:39
Zirvədən-zirvəyə

Köhnə versiyamızdan xəbərləri izlə