Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İctimai nəzarətin gücləndirilməsi sosial-iqtisadi inkişafı daha da sürətləndirəcək

“Son vaxtlar Azərbaycan ictimaiyyəti görür ki, çox ciddi kadr islahatı aparılıb. Hakimiyyətin demək olar ki, bütün qollarında ciddi kadr islahatları aparılıbdır. Hökumətdə, Milli Məclisdə, Prezident Administrasiyasında, nazirliklərdə, yerli icra orqanlarında artıq böyük dərəcədə ciddi kadr dəyişikliyi baş verib və bu, hesab edirəm ki, korrupsiyaya qarşı mübarizədə önəmli rol oynayacaq. Eyni zamanda, biz cəmiyyətdə də elə ab-hava yaratmalıyıq ki, ictimai nəzarət güclənsin. Siz yaxşı bilirsiniz ki, mən dəfələrlə bu məsələ ilə bağlı öz fikirlərimi bildirmişəm. Mən daim bunu deyirəm, vətəndaşlara müraciət edirəm, biganə qalmayın və nəzarət edin. İctimai nəzarət bir çox məmurları bu cinayət xarakterli işlərdən çəkindirəcək. Ona görə ictimai nəzarətin hansısa institusional formatı da gərək işlənilsin”.

Prezident İlham Əliyev bu fikirləri bir neçə həftə əvvəl yerli televiziya kanallarına müsahibəsində səsləndirmişdi. Söz yox ki, dövlət başçımız həmin müsahibədə, demək olar ki, son illər baş verən bütün hadisələrə münasibət bildirdi. Həmçinin Azərbaycanda 2021-ci ildə iqtisadi, sosial sahələrdə görülən işlərə, postmüharibə dövründə Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərə, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinə, ölkəmizin xarici siyasətinə və digər məsələlərə dair sualları cavablandırdı. Ermənistanın işğalçılıq siyasətini davam etdirməsindən tutmuş, ta dünya birliyinin bu ədalətsizliyə göz yummasını, nəhayət, işğalçı ölkənin beynəlxalq hüquq normalarını kobud şəkildə pozduğuna görə, sanksiyalar tətbiq olunmamasını, keçmiş münaqişənin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürmüş, lakin 30 il müddətində işğalçı ölkənin bütün bəşəri cinayətlərinə laqeyd münasibət göstərən ATƏT-in Minsk qrupu həmsədrlərinin susqunluğunu kəskin tənqid etdi.

Dövlət başçımız, həmçinin postmüharibə dövründə Qarabağda aparılan yenidənqurma, bərpa və quruculuq işləri, eləcə də, digər sahələrdə görüllən tədbirlər barəsində də məlumat verdi. Möhtərəm Prezidentimizin münasibət bildirdyi məsələrdən biri də ölkəmizdə korrupsiyaya və rüşvətxorluğa qarşı aparılan mübarizə oldu. Dövlət başçımız bu sahəyə ictimai nəzarətin gücləndirilməsini vacib hesab edir.

Cənab Prezident bəzi məmurlara mesaj da göndərdi: “Elə məlumatlar var ki, onlar qərəzli xarakter daşıyır. Amma məlumatların mütləq əksəriyyəti təsdiqlənir və dərhal ölçü götürülür. Ona görə dövlət məmurları bilməlidirlər, onların işinə təkcə Prezident Administrasiyası yox, həm ictimaiyyət, həm də media nümayəndələri nəzarət edirlər”.

Təbii ki, sosial-iqtisadi inkişafı gücləndirmək, bunu reallaşdırmaq, eyni zamanda, şəffaflığa nail olmaq üçün korrupsiya və rüşvətxorluqla barışmaz mübarizə aparılmalıdır. Bu sahədə dövlət başçımızın barışmaz mövqeyi hər kəsə bəllidir. Son illər bir sıra nazirliklərdə, rayon icra hakimiyyətlərində aparılan kadr islahatları da bundan xəbər verir. Bütün bunlara baxmayaraq, hələ də məmur bürokratiyası kimi neqativ hallarla rastlaşırıq. Bu da cəmiyyətdə haqlı narazılığa səbəb olur.

Prezident İlham Əliyev bildirib ki, bu il də həmin sahədə mübarizə davam etdiriləcək. Dövlət başçımız qeyd edib ki, son illər ərzində göstərdiyimiz qətiyyət və sözlə əməl arasında olan vəhdət hər kəs üçün dərs olmalıdır. Çünki ölkə başçısı dəfələrlə dövlət məmurlarına həm rəsmi qaydada, həm də görüşlər zamanı, onları vəzifəyə təyin edərkən korrupsiya və rüşvətxorluqla ciddi mübarizə aparmaları barədə tövsiyə verib, onları təlimatlandırıb. Möhtərəm Prezidentimiz ciddi xəbərdarlıq da edib: “Əgər bu və ya digər məmur bu çirkaba bulaşarsa, cəza çox sərt olacaq. Nəticə də onu göstərir – ən yüksək vəzifəli məmurlar bu gün istintaq qarşısında, məhkəmə qarşısında cavab verməli olublar və haqlı cəzalarını alıblar. Bir daha demək istəyirəm ki, heç kim bu məsuliyyətdən boyun qaçıra bilməz, heç kim qanundan üstün deyil, qanun qarşısında hamı bərabərdir, heç kimin əvvəlki xidmətləri nəzərə alınmayacaq. Xüsusilə, bu əyri yola gedən insanların xidmətləri daha çox “ayı xidməti”nə bənzəyir. Ona görə hesab edirəm ki, bunu hər kəs artıq görüb və bilib. Ona görə bizim addımlarımız çox sərt olacaq, cəzalarımız da çox sərt olacaq”.

Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin effektivliyinin zəruri şərtlərindən biri də bu mübarizədə hökumətvətəndaş əməkdaşlığının təmin edilməsidir. Təcrübə göstərir ki, cəmiyyətə xas problemlərin həllində birtərəfli yanaşma hər zaman effektli olmur. Təbii ki, bu kimi dərin tarixi köklərə, formalaşmış təcrübəyə və xüsusilə də maddi üstünlükləri təmin edə bilən əməllərə qarşı sadəcə inzibati üsullarla mübarizə aparılmasının son nəticəyə təsir imkanları az olur. Məhz bu səbəbdəndir ki, korrupsiya və rüşvətxorluğa qarşı hökumət-vətəndaş əməkdaşlığı ilə mübarizədə vətəndaşlar da, ən azı, dövlət qədər məsul olmalıdırlar.

Cənab Prezidentin korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə tövsiyələri, ictimai nəzarətin gücləndirilməsi və onun institusional formatının işlənib hazırlanması ilə bağlı fikirləri vətəndaş cəmiyyəti təsisatları, o cümlədən QHT-lər qarşısında da yeni vəzifələr qoyub. Məhz bununla əlaqədar olaraq, Bakıda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “Korrupsiyaya qarşı mübarizə və ictimai nəzarətin gücləndirilməsində QHT-lərin rolu" mövzusunda “dəyirmi masa” keçirilib. ADA Universitetində keçirilən tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev, agentliyin icraçı direktoru Aygün Əliyeva, həmçinin ölkədə fəaliyyət göstərən qeyrihökumət təşkilatlarının 60-a yaxın nümayəndəsi iştirak edib.

Tədbirdə ölkədə korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə hökumət–vətəndaş əməkdaşlığının və ictimai nəzarətin gücləndirilməsi məsələləri müzakirə olunub. Biz QHT-lər həmin tədbirdə dövlətimizin başçısının ictimai nəzarətin institusional formatının işlənib hazırlanması ilə bağlı ideyasını dəstəklədiyimizi bildirdik və bu tövsiyələri gələcək işimizdə örnək kimi qəbul edirik. Korrupsiya və rüşvət həyatın müxtəlif sferalarında müxtəlif formalarda təzahür edir. Bu zaman zərər çəkən tərəf isə birmənalı olaraq dövlətçilik və bütövlükdə, cəmiyyətdir.

Ümumiyyətlə, korrupsiyaya qarşı mübarizə və ictimai nəzarət prosesində cəmiyyətin bütün təbəqələri, o cümlədən QHT-lər fəal iştirak etməlidir. Qeyri- Hökumət Təşkilatları nümayəndələrinin bu işdə əhəmiyyətli rolu qeyd edilməlidir. QHT üvzləri dövlət qurumları ilə birlikdə tərəfdaşlıq əsasında müxtəlif tədbirlər keçirməlidir. Unutmamalıyıq ki, dövlət başçısının ictimai nəzarət mexanizmlərinin hazırlanması ilə bağlı tövsiyələri hər birimizin qarşısında yeni vəzifələr qoyub. Çünki QHT-lər daim vətəndaşlarla sıx təmasda olurlar. Ona görə də bu məsələlərdə QHT-lərin üzərinə böyük məsuliyyət düşür. Bu baxımdan hesab edirəm ki, ictimai nəzarətlə bağlı sosial institutların və ictimai nəzarət mexanizmlərinin yaradılması çox vacibdir. Eyni zamanda, QHT-lər kütləvi informasiya vasitələri ilə əlaqəli işləməli və dialoq platformasının yaradılmasına çalışmalıdırlar.

İctimai iştirakçılığın və ictimai nəzarətin inkişaf etdirilməsi dövlət başçısının daim diqqət mərkəzində saxladığı prioritet vəzifələrdəndir. 2021-ci ilədək mərkəzi icra hakimiyyətləri yanında 12 ictimai şura fəaliyyət göstərib. Ötən il isə digər 8 mərkəzi icra hakimiyyəti yanında ictimai şura yaradılmaqla, ümumilikdə, mərkəzi icra hakimiyyəti yanında ictimai şuraya seçkilər keçirilib. Hazırda mərkəzi icra hakimiyyəti yanında 20 ictimai şura fəaliyyət göstərir. Əminliklə deyə bilərəm ki, ictimai nəzarətin həyata keçirilməsi üçün yeni institusional formatın yaradılması çatışmazlıqların aradan qaldırılması baxımından mühüm mexanizm olacaq.

Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə əsas vasitələrdən biri də ictimai maarifləndirmədir. Bu prosesə start hökumət tərəfindən verilsə də, əsas ağırlıq mətbuatın və vətəndaş cəmiyyəti institutlarının, o cümlədən, QHT-lərin üzərinə düşür. Maarifləndirmə tədbirlərinə informasiya texnologiyalarından səmərəli istifadə, treninqlərin keçirilməsi, broşurların hazırlanması və yayılması, kütləvi informasiya vasitələrində, internet resurslarında, həmçinin sosial şəbəkədə informasiya xarakterli proqramların təqdim edilməsi və digər vasitələr aid edilə bilər. Bunun nəticəsində bu sahədə ictimai savadlılıq yüksəlir, vətəndaşın öz hüquqlarını qoruma instinkti möhkəmləndirilir. Proseslərdə vətəndaş və vətəndaş cəmiyyəti institutlarının iştirakçılıq imkanlarının genişləndirilməsi – müasir mübarizə üsulları, təbii olaraq, vətəndaş iştirakçılığı olmadan təsəvvür edilə bilməz. Çünki korrupsiya və rüşvət kimi əməllərdə zərərçəkən tərəf, bir qayda olaraq, vətəndaş və cəmiyyətdir. Məhz bu səbəbdən vətəndaş cəmiyyəti institutlarının bu mübarizədə fəaliyyətlərinin gücləndirilməsi həm məntiqi və həm də hüquqi cəhətdən əhəmiyyətlidir. Digər tərəfdən isə bu, ictimai fəallığı daha da artırır. Bu da ictimai nəzarətin stimullaşdırılmasında mühüm rol oynayır.

Dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutlarının əlaqəli şəkildə fəaliyyət göstərməsi təqdirəlayiq haldır. Dövlət qurumlarının yanında ictimai şuraların təsis edilməsi və bu şuraların qurumun fəaliyyətinə tam nəzarət hüququna malik olması ictimai maraqları müdafiə edir, həmçinin mövcud problemləri ictimai müzakirəyə təqdim etməklə vətəndaşın həmin fəaliyyətini qiymətləndirməsində bələdçi rolunu oynayar.

Söz yox ki, ölkəmizdə ictimai nəzarətin hüquqi əsasları və institutları mövcuddur. Buna baxmayaraq, bu sahədə fəallığın daha da artırılması prioritet təşkil etməlidir. Eyni zamanda, ictimai şuraların fəaliyyətinin mərkəzləşdirilməsi də zəruri məsələlərdən biridir. Dövlət başçımız müsahibəsində də bu məsələnin vacibliyini qeyd etdi. Dedi ki, vacib amillərdən biri də korrupsiya üçün meydanı daraltmaqdır. Bundan ötrü institusional tədbirlər görülməlidir, şəffaflıqla, hesabatlılıqla bağlı əlavə addımlar atılmalıdır. Yəni, bütün sahələrdə ASAN modeli tətbiq edilməlidir. Çünki bu model artıq sınaqdan çıxmış modeldir. Qürurverici haldır ki, bu model dünyada ilk olaraq, Azərbaycanın təşəbbüsüdür: “Orada tam şəffaf mənzərə mövcuddur. Ona görə bütün sahələrdə – iqtisadi, sosial, məmur–vətəndaş münasibətləri sahəsində bu model tətbiq edilməlidir. Məmur– vətəndaş təmasları da, yəni harada ki, korrupsiya imkanları var, minimuma endirilməlidir. Belə olan halda, uğurlar daha da təsirli olacaq”.

Eyyub KƏRİMLİ,

İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri 

29 Yanvar 2022 10:07 - SİYASƏT
SİYASƏT
22 May 2022 | 00:39
Zirvədən-zirvəyə

Köhnə versiyamızdan xəbərləri izlə