Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zəngəzur dəhlizi Türk dünyasına qapı açmaqla Şərqlə Qərbi də ən qısa yolla qovuşduracaq

Son üç onillikdə Azərbaycanın millətçiliyi və separatizmi dövlət siyasəti səviyyəsinə qaldırmış Ermənistanın hərbi təcavüzünə məruz qalması, dünyanın güc mərkəzlərinin ölkəmizə qarşı ədalətsiz mövqeyi, beynəlxalq aləmdə hökm sürən çirkin ikiüzlü siyasi münasibətlər müstəqil dövlətimizin ərazi bütövlüyünü bərpa etməsinə, işğala son qoyulmasına imkan vermirdi. Lakin dəmir siyasi iradə, yüksək dövlət-xalq həmrəyliyi, liderə möhkəm inam və orduya güclü dəstək 44 günlük Vətən müharibəsində mütləq qələbəmizlə nəticələndi.

30 ilə yaxın davam edən işğala son qoyulması ilə yenidən Vətən torpaqları bütövləşdi, tarixi ədalət bərpa olundu. Bununla Azərbaycan dövləti özü BMT Təhlükəsizlik Şurasının illərlə kağız üzərində qalmış qətnamələrinin icrasını gerçəkləşdirmiş oldu. Xalqımızın şərəf, qürur və heysiyyətini alçaltmağa çalışan mənfur düşmən layiq olduğu cavabı artıqlaması ilə aldı. 

Prezident İlham Əliyev həm müdrik siyasi lider, həm də dəmir iradəli Ali Baş Komandan kimi bütün çətinliklərə sinə gərərək icra etdiyi missiyanı uğurla başa vurdu, ata vəsiyyətini yerinə yetirdi. Vətən müharibəsindən sonra regionda geosiyasi vəziyyət əhəmiyyətli dərəcədə dəyişdi. Cənubi Qafqazda növbəti əməkdaşlıq imkanlarına yol açacaq yeni şərait yarandı. Bu reallıqları Azərbaycan, onun Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev formalaşdırdı.

Bu gün post-münaqişə dövründə dövlətimizin qarşısında duran başlıca məqsəd, dinc mühitə və tərəqqiyə əsaslanan, işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərini sürətli şəkildə həyata keçirmək, bölgənin iqtisadi inkişafına nail olmaq, ən yaxın gələcəkdə qaçqın və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına geri dönməsini təmin etməkdən ibarətdir. Bu məqsədlə, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2021-ci ilin dövlət büdcəsindən 2 milyard manat sərf edilmiş, bu ilin dövlət büdcəsində isə 2,2 milyard manat vəsait ayrılması nəzərdə tutulmuşdur. 

II Qarabağ müharibəsində əldə edilən tarixi qələbədən sonra ölkəmiz öz nəqliyyatkommunikasiya, logistika imkanlarını genişləndirməsi baxımından çox əlverişli imkanlar əldə etmişdir. Belə ki, Vətən müharibəsinin sonunda Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladıqları birgə üçtərəfli Bəyanatda Zəngəzur dəhlizinin açılmasına razılıq əldə edilməsi buna bariz nümunədir. Azərbaycan, Rusiya və Ermənistan arasında 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatın 9-cu bəndi və 2021-ci il 11 yanvar tarixində Moskvada imzalanmış 4 bəndlik bəyanat, 2021-ci ilin sonunda Soçi, Moskva və Brüssel danışıqlarının müsbət nəticələri Zəngəzur dəhlizinin reallaşması üçün hüquqi zəmin yaradır.

10 noyabr 2020-ci il tarixində bütün hərbi əməliyyatların dayandırılmasının elan edilməsi ilə bağlı üç ölkənin dövlət başçıları tərəfindən imzalanmış bəyanatın 9-cu bəndində deyilir: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Ermənistan, Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir. Nəqliyyat nəzarəti Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin, Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir”.

İrimiqyaslı, davamlı dövlət siyasətinin real nəticəsidir ki, müharibənin bitməsindən cəmi bir il 3 ay keçməsinə baxmayaraq, azad olunmuş ərazilərdə köklü şəkildə bərpa və quruculuq işləri həyata keçirilmişdir. Qarabağda və Şərqi Zəngəzurda yeni yollar salınmış, kommunikasiya xətləri çəkilmişdir. Bölgədə həyati əhəmiyyətli inzibati infrastruktur obyektləri tikilmiş, bir sözlə, azad edilmiş ərazilərə yeni həyat gəlmişdir. Hazırda bölgənin gələcək inkişafını və ən müasir şəkildə təşkilini nəzərdə tutan bir sıra əhəmiyyətli layihələrin icrası davam etdirilməkdədir.

Cəmi 8 aya boş çöldə başa gətirilmiş və 2021-ci ildə açılışı olan Füzuli Beynəlxalq Hava Limanı, aprel ayında təməli qoyulan Zəngilan Beynəlxalq Hava Limanı və gələcəkdə inşası nəzərdə tutulan Laçın Beynəlxalq Hava Limanı bölgənin beynəlxalq nəqliyyatlogistika mərkəzinə çevrilməsi üçün yeni və geniş imkanlar açır.

Eyni zamanda, cari ilin oktyabrın 26-da, Prezident İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Zəngəzur dəhlizinədək uzanan Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolunun təməlqoyma mərasimindən dərhal sonra bu layihənin də icrasına başlanılmışdır. 

Ümumi uzunluğu 124 kilometr olan, beynəlxalq strateji əhəmiyyəti ilə seçilən bu layihə Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirməsi baxımından da misilsizdir. Bu avtomobil yolu ilə yanaşı, inşası nəzərdə tutulan Horadiz– Zəngilan–Ağbənd dəmir yolu da istər Azərbaycan, istərsə də region ölkələri üçün böyük strateji önəm daşıyır.

Beləliklə, dəhliz uzun illər blokadada qalmış Naxçıvan Muxtar Respublikasını bu ağır şəraitdən çıxarmaqla yanaşı, xalqımızın 101 ildən sonra tarixi ərazisi olan qədim Zəngəzur torpağına yenidən qayıdışını da təmin edəcəkdir. Cəmi 40 kilometrlik Zəngəzur dəhlizinin bərpa olunması ölkəmiz üçün yeni iqtisadi perspektivlər yaradacaqdır. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla, oradan isə Naxçıvan vasitəsilə Türkiyə ilə birləşdirmək ölkəmizin qazanacağı növbəti tarixi zəfər olacaqdır.

Prezident İlham Əliyevin də bunu xüsusi vurğulamışdır: “Bizim əsas rəqibimiz zamandır. Çünki dəmir yolunun, avtomobil yolunun çəkilişi vaxt tələb edir. Ona görə bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin. Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır... Bu baxımdan, Zəngəzur dəhlizinin yaradılması Azərbaycanın milli, tarixi və gələcək maraqlarına tam cavab verir”.

Hazırda Azərbaycan tərəfindən bu istiqamətdə ciddi işlər görülməkdədir. Eyni zamanda, bu dəmir yolu, azad edilmiş torpaqlara həm vətəndaşların gediş-gəlişi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaqdır. Ümumilikdə isə işğaldan azad edilən torpaqlarda inşa olunan hər bir yol və gələcəkdə icrası nəzərdə tutulan mühüm əhəmiyyətli hər bir layihə regionun tranzit və logistik əhəmiyyətini artırmağa, bölgənin inkişafını sürətləndirməyə xidmət edəcəkdir.

Bu gün respublikamız Şərq– Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında önəmli rola malikdir. Belə ki, qədim İpək yolu üzərində yerləşən Azərbaycan Bakı–Tbilisi–Qars dəmiryol xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Şimal–Cənub beynəlxalq nəqliyyat və Trans-Xəzər tranzit dəhlizləri vasitəsilə Çin ilə Avropa arasında çoxxətli logistik körpü rolunu oynayır. Bu baxımdan, Zəngəzur dəhlizi də ölkəmiz üçün, onun gələcək nəqliyyat və logistik imkanlarının daha da genişlənməsi baxımından önəmli keçid olacaq.

Bu gün artıq post-münaqişə dövründə Zəngəzur dəhlizi dövlətimizin strateji hədəf və maraqları çərçivəsindədir. Bu layihə təkcə ölkəmiz üçün deyil, ümumilikdə, region ölkələrinə böyük fayda gətirməklə, beynəlxalq nəqliyyat layihələrində regionun rolunu əhəmiyyətli dərəcədə artıracaq, Qafqazı əhəmiyyətli logistik mərkəzə çevirəcək. Bu layihə region ölkələrinin, onun imkanlarından yararlancaq digər tərəfdaş ölkələrin maraqlarına, ümumi sosial-iqtisadi inkişafa və xalqlarının rifahının yüksəlməsinə də xidmət etmiş olacaq.

Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının “Asiya və Sakit okean hövzəsində regional əməkdaşlıq vasitəsilə böhranlardan sonra daha güclü inkişafın təmin olunması” mövzusuna həsr edilən 77-ci sessiyasındakı çıxışında vurğuladığı kimi: “Azərbaycan regionda dayanıqlı sülh və təhlükəsizliyi təmin etmək arzusundadır. Azərbaycan Şərq–Qərb, Şimal–Cənub, Şimal–Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrinin icrasına mühüm töhfə vermişdir. Hazırda biz Azərbaycan ərazisindən Asiyanı Avropa ilə birləşdirən Şərq–Qərb dəhlizinin tərkib hissəsi olacaq “Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışırıq. Bu dəhliz Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək. Mən Asiya və Sakit okean hövzəsindən olan tərəfdaş ölkələri bu regional layihənin potensialını nəzərdən keçirməyə dəvət edirəm”.

İllərdən bəri dövlət səviyyəsində dəstəklənən və təbliğ edilən faşizm ideologiyası və ifrat torpaq tamahkarlığı ilə qonşu ölkələrə qarşı bitibtükənməyən ərazi iddialarının ağır nəticəsidir ki, bu gün Ermənistan iqtisadiyyatı hələ də öz tənəzzül dövrünü yaşamaqdadır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi düzgün strateji xətt, həyata keçirilən sistemli siyasi-iqtisadi kurs nəticəsində ötən illərdə işğalçı Ermənistan bütün mühüm beynəlxalq əhəmiyyətə malik regional layihələrdən kənarda qalmışdır.

Artıq münaqişə keçmişdə qalmış, ölkəmiz öz ərazi bütövlüyünü təmin etmiş və yeni bir dövr – sülh, əməkdaşlıq və inkişaf üçün dəyərli fürsət dövrü başlamışdır. Bu səbəbdən qeyri-konstruktiv mövqeyi səbəbindən bütün regional layihələrdən təcrid olunmuş və hələ də onun ağrı-acısını çəkən Ermənistan höküməti yaranmış bu fürsəti maksimal dərəcədə dəyərləndirmək, qonşu ölkələrə qarşı ərazi iddialarından imtina etmək məcburiyyətindədir. Post-münaqişə dövründə əsas məqsəd də məhz kommunikasiya əlaqələrinin qurulması və bölgədə davamlı sülhü təmin edəcək dövlət sərhədlərinin delimitasiya və demarkasiya proseslərinin başlanılması və iki ölkə arasında iqtisadi münasibətlərin bərpa edilməsidir. Yalnız bundan sonra qonşu ölkələrin ərazi bütövlüyünü tanımaq və ölkəmizlə imzalanacaq sülh müqaviləsini əldə etməklə inkişafa nail olmaq mümkündür.

Ermənistandan fərqli olaraq, ölkəmiz hər zaman üzərinə götürdüyü bütün öhdəliklərin, o cümlədən, kommunikasiya əlaqələrinin açılması ilə bağlı razılaşmaların yerinə yetirilməsinə sadiqliyini vurğulamışdır. Azərbaycan bölgədə davamlı sülh və sabitliyin bərqərar olmasına, beynəlxalq hüququn ali prinsiplərinə, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət əsasında yeni əməkdaşlıq formatları çərçivəsində münasibətlərin normallaşdırılmasına tərəfdardır. Bu baxımdan, Zəngəzur dəhlizi uğurlu regional əməkdaşlıq nümunəsi olmaqla yanaşı, bölgədə sülhün və sabitliyin möhkəmlənməsinə də öz töhfəsini verəcək.

Bu proses dünyada yük daşımalarının həcminin artdığı bir dövrdə, Xəzər dənizində su nəqliyyatının inkişafında da böyük rol oynayacaq. Belə ki, bu dəhlizin Avropa və Asiya ölkələri arasında qitələrarası yeni alternativ nəqliyyat şəbəkəsinin formalaşmasında əhəmiyyəti olduqca yüksəkdir. Bu baxımdan, Zəngəzur dəhlizi Uzaq Çin və Qərb dünyası arasında yeni nəqliyyat yolu kimi yükdaşımaların fasiləsiz və səmərəli şəkildə daşınmasında önəmli ticarət marşrutu kimi də çıxış edərək Azərbaycana və bütün iştirakçı ölkələrə yeni dividendlər qazandıracaq. 

Beləliklə, yaradılacaq yeni nəqliyyat-kommunikasiya infrastrukturu yük daşımalarının artımına xidmət etməklə regional və dünya miqyasında iştirakçı, tərəfdaş ölkələrə iqtisadi cəhətdən yüksək fayda verəcək, eyni zamanda, iqtisadi inkişafın və beynəlxalq ticarətin stimullaşdırılmasında da böyük rola malik olacaq. Zəngəzur dəhlizi 30 ilə yaxın çətin blokada şəraitində yaşamasına rəğmən öz inkişaf yolunu uğurla qət etmiş Naxçıvan Muxtar Respublikasının da Azərbaycanın əsas ərazisi ilə çıxışını təmin etmiş olacaq. 

Bu dəhliz Naxçıvan Muxtar Respublikası vasitəsilə qardaş ölkə Türkiyə Cümhuriyyəti ilə əlaqələri də möhkəmləndirəcək və bu əlaqələrin daha da inkişaf etməsinə xidmət edəcək. Qardaş ölkələrimiz uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsilə bir-birinə daha sıx və möhkəm qovuşacaq. Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycanla dünyada ciddi nüfuza, böyük potensiala və gücə malik Türkiyə arasında olan bu birlik regionda sülhə, sabitliyə və əməkdaşlığın bərpa olunmasında müsbət dəyişikliklərə töhfə verəcək. Bu baxımdan, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması, ümumilikdə, Türk dünyasının coğrafi baxımından birləşməsi deməkdir

Bu təkcə coğrafi və siyasi anlamda deyil, həmçinin böyük iqtisadi gücə malik və nominal ümumi daxili məhsulu 1,1 trilyon dollardan çox olan türkdilli dövlətlərin strateji və iqtisadi cəhətdən birləşməsi də deməkdir. Belə ki, Türkiyə 761,4 milyard dollar, Qazaxıstan 181,7 milyard dollar, Özbəkistan 57,9 miyard dollar, Azərbaycan 48 milyard dollar, Türkmənistan 48 milyard dollar və Qırğızstan 8,5 milyard dollar nominal ÜDM-si olan ölkələrdir. Bu isə Zəngəzur dəhlizini kifayət qədər yüksək iqtisadi potensialı və təbii resursları olan böyük və geniş coğrafi ərazini birləşdirən önəmli nəqliyyat infarstrukturuna çevirəcək. 

Prezident İlham Əliyev bu barədə fikrini açıq söyləyib: “Müharibə başa çatdı, münaqişə tarixdə qaldı. Yeni imkanlar yarandı. Onların arasında hesab edirəm ki, ən vacib imkan nəqliyyat imkanlarıdır. Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq. Naxçıvanda keçirilmiş Zirvə görüşündə mən demişdim ki, vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Çünki əgər xəritəyə baxsaq, görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq, o cümlədən, Ermənistan üçün”.

Çox keçməyəcək ki, qədim yurd yerimiz olan Zəngəzur yenidən böyük Türk dünyasını birbaşa birləşməşdirmək rolunu oynayacaq. Zəngəzur dəhlizi beynəlxalq layihəsi müasir geosiyasi reallıqlar və siyasi-iqtisadi maraqlar baxımından Türk dövlətlərinin güclənməsinə, bu birliyin beynəlxalq və regional siyasi-iqtisadi proseslərdə rolunun və iştirakının artmasına xidmət edəcək.

Coşqun MƏMMƏDOV,

AMEA-nın vitse-prezidenti xidmətinin elmi katibi

29 Yanvar 2022 09:27 - SİYASƏT
SİYASƏT
22 May 2022 | 00:39
Zirvədən-zirvəyə

Köhnə versiyamızdan xəbərləri izlə