Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu gün sülhün alternativi yoxdur

İkinci Qarabağ müharibəsi təkcə ərazilərin azad edilməsi, təkcə milli ruhun oyanması və ləyaqət hissinin qaytarılması demək deyil, bu, çox böyük multiplikativ, müsbət effektdir və düşünürəm ki, daim müsbət təsir göstərəcək.

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Beynəlxalq münasibətlərdə yaranan ikili standartlardan yararlanan Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, təqribən, 30 il ərzində Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxladı. Həm öz ərazisində, həm də işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirdi. Həmçinin 1992-ci ilin fevralında Xocalı soyqırımını törədərək yüzlərlə mülki şəxsi, o cümlədən, 106 qadın və 63 uşağı qətlə yetirdi. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün doğma evlərinə qayıtmaq hüquqlarını pozdu.

Lakin hərbi təcavüzə və 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən və Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin icrasından imtinasına baxmayaraq, Ermənistana qarşı sanksiyalar tətbiq olunmadı. Təcavüzkar Ermənistanla işğala məruz qalan Azərbaycan arasında fərq qoyulmadı. Əslində, Ermənistan işğalı möhkəmləndirir, hərbi cinayətlər törədir, qanunsuz məskunlaşdırma və təbii sərvətlərimizin qeyri-qanuni istismarını həyata keçirir, Azərbaycan xalqının mədəni və dini irsini məhv edirdi. Bütün bunlar azmış kimi yenidən müharibəyə başlayıb yeni ərazilər işğal etmək iddiası ilə çıxış edirdi.

Yaranan münaqişənin nizamlanması üçün 24 mart 1992-ci ildə təsis olunan ATƏT-n Minsk Qrupu fəaliyyətinin 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışıb və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalıb. Həm işğalçıya, həm də işğala məruz qalan tərəfə eyni münasibət bəslənilib və beynəlxalq qətnamələr kağız üzərində saxlanılıb. Məsuliyyətli ölkə olaraq Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirərək, münaqişənin danışıqlar vasitəsilə həllinə çalışıb. Digər bir mötəbər beynəlxalq təşkilat olan BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirib, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənib. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal altındakı Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il icra olunmayıb.

Cəzasızlıqdan həvəslənən Ermənistan isə daha da irəli gedərək, Azərbaycanı yeni torpaqlar uğrunda yeni müharibə ilə hədələyir, dövlət sərhədi və keçmiş təmas xətti boyu hərbi təxribatlara əl atırdı.

İşğalçı ölkə belə bir növbəti təxribatı isə 2020-ci il sentyabrın 27-də törədərək, Azərbaycana qarşı genişmiqyaslı hərbi hücuma başladı. Buna cavab olaraq, Azərbaycan Ordusu öz ərazimizdə əks-hücum əməliyyatına başladı və işğal olunmuş torpaqlarımızı azad etdi.

İkinci Qarabağ nüharibəsində tamamilə məğlub edilən Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur oldu. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının yuxarıda vurğulanan qətnamələrinin icrasını reallaşdırdı, uzun illik münaqişəyə son qoydu və hərbi-siyasi yollarla ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Beləliklə, Qarabağ münaqişəsi artıq keçmişdə qaldı.

Silahlı Qüvvələrimiz 44 günlük savaşla dövlətçiliyimizin ən şərəfli səhifələrini yazdı və əldə etdiyi tarixi zəfərlə Azərbaycan faşist ideologiyasından bəhrələnən Ermənistanın 30 illik işğalına son qoydu. Bir güllə atmadan, bir şəhid vermədən Ağdam, Kəlbəcər və Laçını düşməndən təmizlədi və dünyada qalib xalq, məğlubedilməz dövlət kimi özünü təsdiqlədi.

 Vətən müharibəsində Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycana diplomatik və siyasi təzyiqlər göstərildi. Prezident İlham Əliyev qəti siyasi iradəsini nümayiş etdirdi, bütün təzyiqlərə mərdanə şəkildə sinə gərərək onları dəf etdi, öz prinsipial mövqeyindən dönmədi. Dövlətimizin başçısı dünyanın aparıcı mediasına verdiyi çoxsaylı müsahibələrdə dünya informasiya məkanında ölkəmizə qarşı olan hücumları darmadağın etdi.

 İkinci Qarabağ müharibəsində ordumuz tərəfindən aparılan bütün əks-hücum əməliyyatlarının ən böyük nəticələrindən biri o oldu ki, silahlı qüvvələrimiz mənəvi-psixoloji, döyüş ruhu, sosial, ictimai, texniki-təchizat, silah-sursat, peşəkarlıq baxımından Ermənistan ordusunu müqayisəolunmaz dərəcədə qabaqladığını təsdiqlədi və təbii ki, düşmən də bu üstünlüyü tam anladı. Erməni ictimaiyyəti bu prosesdə gerilədiyini, uduzduğunu öz üzərində açıq-aydın hiss etdi.

Prezident İlham Əliyev 2003-cü ildə qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəfləri gerçəkləşdirmək üçün ötən müddətdə istər beynəlxalq miqyasda, istərsə də ölkə daxilində məqsədyönlü, ardıcıl, düşünülmüş siyasət həyata keçirdi və “güclü dövlət” konsepsiyasını reallaşdırmağa nail oldu. Bununla da dövlətimizin başçısı qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını reallaşdıran, öz fəaliyyətində Azərbaycan dövlətinin maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətə yönəldən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi liderə çevrildi.

 Vətən savaşı ilə Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları alt-üst oldu. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı. Yekun nəticədə, Azərbaycan vətəndaşlarının uzun illik torpaq həsrətinə son qoyuldu. Prezident İlham Əliyev nəyi necə və nə zaman etməyi özünün yaxşı bildiyini bir daha nümayiş etdirdi.

Bu parlaq qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır. Prezident İlham Əliyevin 1 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olunmasının ən başlıca səbəbidir.

Dövlətimizin başçısı bu il yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində Ermənistanın azğın siyasəti barədə deyib: “Ermənistanın indiki hakimiyyəti əgər bu gün özünü daha konstruktiv aparırsa, faktiki olaraq müharibədən əvvəlki dövrdə savaşın qaçılmaz olmasını şərtləndirdi. Axı “Qarabağ Ermənistandır və nöqtə” deyən indiki hakimiyyətin təmsilçisidir, “Yeni torpaqlar uğrunda yeni müharibə” ilə bizi hədələyən indiki hakimiyyətin təmsilçisidir. Cıdır düzündə oynayan, Azərbaycan xalqının heysiyyətinə toxunan indiki hakimiyyətin təmsilçisidir. Yəni, indi biz indiki hakimiyyətin davranışına baxmamalıyıq, özümüzü aldatmamalıyıq...”

Bəli, düşmən bəzən özünü sülhpərvər, konstruktiv göstərsə də, çox zaman revanşist fikirlərini də gizlətmir. Axı qonşu ölkənin ərazisini zəbt etmək barədə düşünən bir dövlət necə sülhü, təhlükəsiz şəraiti arzulaya bilər? Axı 30 il ərzində bir ölkənin 20 faiz torpağında daşı-daş üstdə qoymayan, hər yeri xarabalığa çevirən bir dövlət insanpərvərlikdən necə danışa bilər? Əlbəttə, Azərbaycan əks-həmlə əməliyyatı ilə torpaqlarımızı işğaldan azad etməsəydi, şübhəsiz ki, bu gün də Qarabağ və Şərqi Zəngəzur işğal altında inləyərdi. Ümumiyyətlə, Ermənistanın ərazilərimizi boşaltmaq məqsədi yox idi. Mənasız danışıqlarla vaxtı uzatmaq, Azərbaycanın əzəli-əbədi bir hissəsini özününküləşdirmək istəyirdi. Prezident İlham Əliyev yuxarıda adıçəkilən müsahibəsində bu barədə deyib: “Məhz onlar Azərbaycan ərazilərini daim işğal altında saxlamaq fikrində idilər, məhz indiki hakimiyyət dırnaqarası qondarma “Dağlıq Qarabağ respublikası”nın parlamentini Şuşaya köçürmək istəyirdi və hətta orada binanın daş işləri də artıq tamamlanmışdı. Biz onu yerlə bir etdik. İndiki hakimiyyət nümayəndələri deyirdi ki, biz dırnaqarası “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmalıyıq və dırnaqarası “Dağlıq Qarabağ respublikası” danışıqlar masasında olmalıdır. Yəni Koçaryan-Sarkisyan yox, məhz indiki hakimiyyət. Ona görə yenə də deyirəm, biz heç vaxt indiki hakimiyyətin xoş sözlərinə aldanmamalıyıq. Heç vaxt unutmamalıyıq ki, biz hansı qonşu ilə qonşuluqda yaşayırıq...”.

Əslində, Vətən müharibəsindən sonra sərhəddə dəfələrlə törədilən təxribatlar da Ermənistanın məkrli niyyətinə son qoymaq fikrində olmadığından xəbər verir. Dövlətimizin başçısının müsahibəsində vurğuladığı kimi, qarşı tərəf Azərbaycanı yenə də sınağa çəkmək istəyir. Amma unutmamalıdır ki, İkinci Qarabağ müharibəsindəki kimi, onlara kimin yardım edəcəyindən asılı olmayaraq, Azərbaycan istədiyinə nail olacaq və heç kim bizi dayandıra bilməz.”Bizi dayandıran sadəcə odur ki, üçüncü müharibə istəmirik, bu, bizim planlarımızda yoxdur. Biz istəyirik ki, müharibə dövrü başa çatsın, istəyirik ki, normal əlaqələr yaradılsın, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, nəhayət, tanısın. Biz bunu istəyirik. Amma əgər biz görsək ki, dediyim kimi, bizim üçün təhlükə var, o təhlükə elə yerindəcə məhv ediləcək”.

Prezident İlham Əliyev müharibədən dərhal sonra Azərbaycanın Ermənistanla sülh danışıqlarına və sülh razılaşması üzərində işləməyə başlamağa hazır olması barədə dəfələrlə açıq bəyanat verib. Ermənistana sülh gündəliyi təqdim olunub. Azərbaycan tərəfindən delimitasiya və demarkasiya ilə bağlı çox aydın təkliflər irəli sürülüb. Lakin təəssüf ki, Ermənistan indiyədək bu məsələdə aydın mövqe bildirməyib. Dövlətimizin başçısı bu il yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində də bu barədə fikrini açıq bildirib: “Ancaq yenə də deyirəm, elə bilməsinlər ki, biz daim onlardan sülh tələb edəcəyik. Biz, sadəcə olaraq, regionun gələcəyi naminə və müharibə riskinin sıfra endirilməsi naminə bu təklifi edirik. Yenə də deyirəm, əgər Ermənistan buna hazır deyilsə, onda bu, olmayacaq. Olmasa nə olacaq? Heç nə. Biz nə itirəcəyik? Heç nə itirməyəcəyik, nə bu gün, nə sabah. Bəlkə də əksinə. Amma itirən tərəf Ermənistan olacaq”.

Vaqif BAYRAMOV,

 “Xalq qəzeti”

29 Yanvar 2022 09:00 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə