Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu gün Fərdi Məlumatların Mühafizəsi Günüdür

28 Yanvar - Fərdi Məlumatların Mühafizəsi Günüdür.

Avropa Şurasının təşəbbüsü ilə 2007-ci ildən etibarən 28 Yanvar beynəlxalq miqyasda Məlumatların Mühafizəsi Günü kimi qeyd olunur. Bu günün qeyd olunmasında əsas məqsəd internet istifadəçilərinin virtual və real həyatlarının təhlükəsizliyini təmin edən davranış qaydalarına riayət etmələrini təmin etmək, insanları fərdi məlumatların mühafizəsi ilə bağlı risklər, fərdi məlumatlar üzrə hüquqlar və onları həyata keçirmək yolları ilə bağlı maarifləndirməkdir.

Məhz 1981-ci il yanvarın 28-də Avropa Şurası “Fərdi məlumatların avtomatlaşdırılmış qaydada işlənməsi ilə əlaqədar şəxslərin qorunması haqqında” konvensiya imzalayıb. Konvensiya şəxsi məlumatların qorunması sahəsində insan hüquqlarının müdafiəsi mexanizmlərini müəyyənləşdirən və “fərdi məlumatlar” anlayışının tərifini verən ilk beynəlxalq sənəddir.

 "Xalq qəzeti" xəbər verir ki, Azərbaycan “Fərdi məlumatların avtomatlaşdırılmış qaydada işlənməsi ilə əlaqədar şəxslərin qorunması haqqında” konvensiyanı 2009-cu ildə müvafiq bəyanatlarla ratifikasiya edib. 2010-cu ildə isə milli səviyyədə fərdi məlumatların tənzimlənməsi haqqında ayrıca hüquqi sənəd – “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib.

“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa, eləcə də fərdi məlumatların mühafizəsi ilə bağlı digər qanunvericilik aktlarına uyğun olaraq, fərdi məlumatlar toplanıldığı andan mülkiyyətçi, operator və bu məlumatlara giriş hüququ olan istifadəçilər tərəfindən mühafizə olunmalıdır. Subyekt onun barəsində fərdi məlumatların qanunsuz toplanılması və işlənilməsi, mühafizəsinin təmin edilməməsi, habelə bu qanunun tələblərinə əməl olunmaması nəticəsində onun hüquqlarının pozulduğu hallarda müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə şikayət etmək, habelə ona vurulmuş mənəvi və maddi ziyanın ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir.

Fərdi məlumatların toplanılması və işlənilməsinin hüquqi bazasının yaradılması, onun daim təkmilləşdirilməsi istiqamətində dünyanın müxtəlif ölkələrində tədbirlər görülməkdədir. 2018-ci il mayın 25-də Avropa İttifaqının Ümumi Məlumatın Mühafizəsi Qaydaları (GDPR) qüvvəyə minib. Ölkəmizdə də beynəlxalq təcrübəni nəzərə almaqla fərdi məlumatların qorunması istiqamətində artıq hüquqi islahatlar aparılır.

AMEA İnformasiya Texnologiyaları İnstitutunda da artıq uzun illərdir ki, informasiya təhlükəsizliyinin təmin olunması problemləri çərçivəsində fərdi məlumatların mühafizəsi məsələlərinə dair tədqiqatlar aparılır.

2019-cu ildə institutda keçirilən “İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri” V respublika konfransı fərdi məlumatların təhlükəsizliyinin təmin edilməsi və qorunması problemlərinə həsr olunmuşdu. Konfransda fərdi məlumatların təhlükəsizliyinin multidissiplinar problemləri, cəmiyyətdə informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması, fərdi məlumatların təhlükəsizliyinin etibarlı idarə edilməsi kimi məsələlər müzakirə edilmişdi.

28 Yanvar 2022 17:12 - TEXNİKA
TEXNİKA

Köhnə versiyamızdan xəbərləri izlə