Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vətənimdə inkişaf və tərəqqini müşahidə etdikcə sevincimdən qəlbim dağa dönür

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-quruculuq işlərinin miqyası və sürəti hər bir vətənpərvər insan kimi, məni də çox sevindirir. Bir vaxt düşmən cay­nağında qalan əzəli torpaqlarımızda bu gün yenidən həyat qaynayır və orada xoşbəxt günlər başlayır. Bundan böyük xoşbəxtlik ola bilərmi?

Bu böyük xoşbəxtlik bizə 44 günlük şanlı Vətən müharibəsində möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin yüksək qətiyyəti, rəşadətli Azərbaycan Ordusunun igid əsgər və zabitlərinin qeyri-adi şücaətləri sayəsində nəsib olubdur. Qərinələr, əsrlər keçəcək, lakin qədirbilən Azərbaycan xalqı bu şanlı Zəfəri heç vaxt unutmayacaq.

Sevindirici haldır ki, cənab İlham Əliyev həmin ərazilərə tez-tez səfərlər edir və orada həyata keçirilən mühüm layihələrin icrasına şəxsən nəzarət edir. Görünən budur ki, bu gün xalq və iqti­dar əl-ələ verərək, ermənilərin vandal­casına dağıtdığı şəhər və kəndlərimizi yenidən qurmaqla məşğuldur. Bu, olduqca şərəfli missiyadır.

Mən indi ömrümün ahıl çağında­yam. Yaşım səksəni ötüb. Bütün şüurlu həyatımı ölkəmizdə aqrar sektorun inkişafına həsr etmişəm. Doğma məmləkətimin xalqımızın sevimli lideri cənab İlham Əliyevin müdrik liderliyi ilə günbəgün inkişaf və tərəqqi etdiyini müşahidə edəndə, qəlbim sevincimdən dağa dönür. İnsanı sevinc yaşadır. Xalqımın və dövlətimin uğurları mənə güc və həyat eşqi verir. Mən xalqım və dövlətimlə qürur duyuram.

Dünya görür ki, biz sivil, mədəni və güclü xalqıq. Biz keçmişimizə hörmət etməyi bacaran xalqıq. Azərbaycan öz tarixi keçmişinə hörmət və ehtiramla ya­naşmağı bacarır. Azərbaycan Respubli­kasının Prezidenti İlham Əliyev yanva­rın 18-də xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışında dərin məzmunlu, parlaq çıxış edib. Mən həmin çıxışı böyük maraqla izləmişəm.

Cənab Prezident tədbirdəki çı­xışında deyib: “Bu gün isə müstəqil Azərbaycanda xeyriyyəçilik ənənələri, onun qoyduğu xeyriyyəçilik ənənələri davam edir, geniş vüsət almışdır. Bildirməliyəm ki, bu sahədə ən böyük xeyriyyəçi nəinki Azərbaycanda, Cənubi Qafqazda Heydər Əliyev Fondudur. Heydər Əliyev Fondu 20 ilə yaxındır ki, yaradılmışdır və bütün bu illər ərzində Fondun əsas məqsədi, vəzifəsi insan­lara kömək göstərmək, Azərbaycan mədəniyyətini dünyada təbliğ etmək, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, elm sahələrinə töhfə verməkdir. Azərbaycanın multikultural dövlət kimi, müasir dövlət kimi dünyada tanıdıl­masında Heydər Əliyev Fondunun müstəsna xidmətləri vardır”.

Bəli, bu, bir həqiqətdir ki, məhz fon­dun fəaliyyəti nəticəsində Azərbaycan daha çox tanınır və məhz bu amil bizə İkinci Qarabağ müharibəsi dövründə kömək göstərdi. Bu gün Heydər Əliyev Fondu qarşısında yeni vəzifələr dayanır. Ənənəvi fəaliyyətlə yanaşı, bu gün fond azad edilmiş torpaqlarda geniş fəaliyyətə başlamışdır. Şuşa barədə xü­susi danışmaq istəyirəm. Bu gün Şuşa azaddır, xoşbəxtdir. Şuşa ilə bərabər xalqımız da özünü haqlı olaraq xoşbəxt sanır. Azərbaycan əsgəri Şuşanın azad edilməsi zamanı tarix yazıb. Bütün dünya bunun fərqindədir. Biz bir dövlət və xalq olaraq öz qədim tariximizin ən şərəfli günlərini yaşayırıq.

Şuşanı sevməyən, ona qəlbən bağlanmayan insan tapılmaz. Amma, mənə elə gəlir ki, möhtərəm Prezi­dentimiz Şuşanın hər birmizdən daha çox sevir. Cənab İlham Əliyev bir dəfə bu barədə danışarkən demişdir: “Şuşa Azərbaycan xalqının qəlbində xüsusi yerə malikdir. Şuşa Qarabağın tacıdır, Şuşa təkrarolunmaz şəhərdir. Şuşanın yerləşməsi, təbiəti, havası, iqlimi, tarixi abidələri, dini abidələrimiz, şəhərin memarlıq ansamblı bizim milli sərvətimizdir. Şuşanı biz qorumalıyıq, qoruyacağıq. Biz Şuşaya qayıtmışıq və bundan sonra Azərbaycan xalqı Şuşada əbədi yaşayacaqdır”.

Fikrimcə, 2022-ci ilin “Şuşa ili” elan edilməsi xalqımız üçün çox əlamətdar hadisədir. İnanıram ki, Xan qızı Natəvanın, dahi Üzeyir bəyin, böyük müğənni Bülübülün vətəni olan Şuşanın gələcəyi daha da parlaq olacaq.

Babakişi QULİYEV,

aqrar elmləri üzrə fəlsəfə doktoru,

Əməkdar kənd təsərrüfatı işçisi

 

27 Yanvar 2022 04:41 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə