Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Yaşıl enerji” zonasında “ağıllı kənd”lər

“Yaşıl enerji” zonası layihəsinin Qarabağ və Şərqi Zəngəzurda reallaşdırılmasını potensial imkanlarla bərabər, digər amillər də şərtləndirir. Belə ki, bu gün dün­yanın ən qabaqcıl texnologiyaları alternativ enerjidən istifadənin stimullaşdırılmasına və ekoloji tarazlığın təmin edilməsinə yönəldildiyindən, adları çəkilən bölgələrin bərpa-yenidənqurma məsələlərində də bu istiqamət əsas götürülür. Başqa sözlə, “yaşıl enerji” zonası kimi bərpa olunması nəzərdə tutulan Qarabağ və Şərqi Zəngəzurun dünyanın ən müasir yaşayış məskənlərindən biri olaraq yenidən qurulmasına xüsusi əhəmiyyət verilir.

Azərbaycan Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də qlobal iqlim dəyişikliklərinin miqyasının azaldılması, təmiz ətraf mühitin təmin olunması və Azərbaycanın “yaşıl enerji” ölkəsinə çevrilməsi kimi məsələlər yaxın onilliyin əsas strateji istiqaməti kimi göstərilib.

Dövlətimizin başçısı ayrı-ayrı çıxışlarında da düşməndən təmizlənən ərazilərimizdə “yaşıl enerji” zonası yaradılmasının zəruriliyini diqqətə çat­dırıb. Ölkə rəhbəri bunun üçün böyük imkanların, habelə kifayət qədər geniş həcmdə su resurslarının mövcudluğu­nu vurğulayıb. Azərbaycan Prezidenti, həmçinin xarici tərəfdaşları, investorları bu layihələrin gerçəkləşdirilməsinə cəlb etməyin, yerli şirkətlərə şərait yaratma­ğın önəmi barədə fikirlərini bildirib.

Ölkə rəhbərinin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “Yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqın­da” 3 may 2021-ci il tarixli sərəncamı da bu sahəyə dövlətimizin başçısı­nın mühüm önəm verməsinin bariz ifadəsidir. “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov mətbuata sərəncamın icrası ilə bağlı açıqlamasında rəhbərlik etdiyi qurumun ötən müddətdə bu istiqamətdə genişmiqyaslı layihələr həyata keçirdiyini, artıq paylayı­cı şəbəkələrin “Yaşıl enerji” zonası tələbləri üzərində qurulduğunu bildirib. Səhmdar Cəmiyyətin sədri daha sonra deyib: “ Belə yarımstansiyalar elektrik şəbəkəsinin vəziyyəti haqqında bütün məlumatları toplayır, emal edir, avadan­lığın rəqəmsal formatda idarə olunması­nı reallaşdırır. Bununla yanaşı, nəzarət, mühafizə və idarəetmə sistemlərinin innovativ həll layihəsi olan bu tipli ya­rımstansiyalarda optik rəqəmsal ölçmə transformatorlarının, həmçinin yeni nəsil rəqəmsal avadanlıq komplekslərinin işlənib hazırlanması gerçəkləşdirilir, bütün ölçülər yüksək dəqiqliklə aparılır”.

Vüqar Əhmədovun sözlərinə görə, avtomatlaşdırma insan amilinin şəbəkənin işinə təsirini azaltmağa, etibarlılığını artırmağa və elektrik enerjisinin ötürülməsi zamanı itkiləri minimuma endirməyə imkan verir. Həmçinin enerjinin əldə olunması dəyəri və istismar xərcləri azalır. Rəqəmsal yarımstansiyalarda iş alınan və ötürülən elektrik enerjisinin miqdarına görə multifunksional rejimdə qurulur, cihaz və avadanlıqlar bir-birilə koordinasiya vəziyyətində işləyir, əməliyyatlar pay­layıcı şəbəkənin tələblərinə avtomatik uyğunlaşdırılır, informasiya və texniki təhlükəsizlik sistemlərinin qərarvermə qabiliyyəti təmin edilir. Ən əsası isə “Yaşıl enerji” mənbələri şəbəkəyə inteqrasiya olunur. Bərpa olunan enerji mənbələrinin şəbəkələrə inteqrasiyası rəqəmsal yarımstansiyada avtoma­tik idarə edildiyindən elektrik enerjisi təchizatında fasilələrin yaranması tam aradan qaldırılır. İstehlakçı yarana biləcək texniki fasilə barədə məlumatı onlayn qaydada əvvəlcədən alır.

Dövlətimizin başçısının işğaldan azad edilmiş ərazilərdə “Yaşıl enerji” zonasının yaradılması ilə bağlı mü­vafiq sərəncamından ötən müddətdə Qarabağ və Şərqi Zəngəzurda tikilən 9 yarımstansiyanın hamısı Azərbaycanın ümumi enerji sisteminə qoşulmaqla yanaşı, həm də tam rəqəmsallaşdırılıb. Başqa sözlə, düşməndən təmizlənən torpaqlarda dördüncü sənaye inqila­bına uyğun intellektual enerji sistem konsepsiyası həyata keçirilərək müasir, dayanıqlı, rəqəmsallaşdırılmış yarıms­tansiyalar modeli formalaşdırılıb.

Hazırda istismara verilən rəqəmsal yarımstansiyalarda aktivlərin, proseslərin, resursların idarə edilməsi, açılıb qoşulma əməliyyatları, tədarük və paylanma zəncirlərinin təkmilləşdirilməsi, qüsurların vaxtında aradan qaldırılması, problemlərin tez bir vaxtda həlli proqram təminatı vasitəsilə avtomatik həyata keçirilir.

Ötən il ərzində Qarabağ və Şərqi Zəngəzurda “Güləbird”, “Suqovuşan-1” və “Suqovuşan-2” kiçik su elektrik stansiyaları yenidən qurularaq istismara verilib. “Kəlbəcər-1” Kiçik Su Elekt­rik Stansiyasında isə yenidənqurma işləri tamamlanıb. Qarabağ və Şərqi Zəngəzurda keçən il 110/35/10 kV-luq 9 rəqəmsal yarımstansiya tikilib. Mayın 12-də “Şuşa”, iyunun 14-də “Füzuli” və “Şükürbəyli”, avqustun 16-da “Kəlbəcər”, oktyabrın 4-də “Cəbrayıl”, oktyabrın 20-də “Zəngilan”, oktyabrın 25-də isə “Qubadlı” yarımstansiyaları­nın açılışı olub.

Ötən il ərzində Ağdam rayo­nunda inşa edilən 110/35/10 kV-luq “Ağdam-1”, “Ağdam-2” yarımstansiyala­rının, o cümlədən “Qarabağ” Regional Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi yekunlaşıb.

“Şükürbəyli” yarımstansiyasına Beyləqandan 51 kilometr məsafədə 110 kV-luq yeni xətt çəkilib. Ən əsası Şükürbəylidən Şuşaya 75 kilometr, eyni zamanda, “Cəbrayıl” və “Qu­badlı” yarımstansiyalarına giriş-çıxış olmaqla “Zəngilan” yarımstansiyasına qədər 110 kilometr məsafədə ikidövrəli olmaqla 110 kV-luq ötürmə xətti çəkilib və “Qubadlı” yarımstansiyasından “Güləbird” SES-ə 19 kilometr məsafədə 110 kV-luq xətt inşa edilib. Bundan əlavə “Daşkəsən” yarımstansiyasından Murov dağını keçməklə yeni tikilən “Kəlbəcər” yarımstansiyasına 70 kilo­metr məsafədə ikidövrəli olmaqla 110 kV-luq ötürmə xətti gətirilib. Həmçinin “Xındırıstan” yarımstansiyasından mi­nalanmış əraziləri keçməklə yeni tikilən “Ağdam-1” və “Ağdam-2” yarımstansi­yalarına 35 kilometr məsafədə ikidövrəli olmaqla 110 kV-luq ötürmə xətti çəkilib.

Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzurda “Yaşıl enerji” zonasının sürətlə reallaşması ilə paralel olaraq, “Ağıllı kənd”lərin salınması da diqqət mərkəzində saxlanılıb. Belə ki, ötən il azad olunan ərazilərə “Böyük qayıdış”ın reallaşması istiqamətində atılan ən mühüm addımlardan biri Zəngilan ərazisində “Ağıllı kənd”in inşası olub. Artıq rayonun Ağalı kəndində ilk “Ağıllı kənd”in inşası başa çatıb.

Bu gün “Ağıllı kənd”ə köçürüləcək sakinlərin yaş qrupları, peşə ixtisasları və digər kateqoriyalar üzrə təsnifatı aparılır, qadın icmalarının doğma yurdlarına qayıdışdan sonra təsərrüfat fəaliyyətlərində iştirak imkanları müəyyənləşir.

Kənd təsərrüfatı naziri İnam Kərimov Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Qarabağ: Cənubi Qaf­qazdan dünyaya açılan yeni mənzərə” adlı elmi-praktik konfransda deyib: “Azad olunmuş ərazilərdə quruculuq işləri “Ağıllı kənd” və “Ağıllı şəhər” konsepsiyasına əsasən aparılır. Artıq Zəngilan rayonunda ilk “Ağıllı kənd”in inşası başa çatmaq üzrədir. Bu kənd azad olunmuş ərazilərə Qayıdışın ilk məntəqəsi olacaq. Kəndin inşasında çoxsaylı innovativ yanaşmalar tətbiq olunub. Kənddə enerjiyə tələbat “Yaşıl enerji” sistemi ilə təmin ediləcək. Dayanıqlı enerji təminatı Həkəri çayı üzərində inşa olunan Arximed qurğusu tipli su elektrik stansiyaları vasitəsilə həyata keçiriləcək. Arximed qurğu­su vasitəsilə alınan enerji hesabına kənd öz enerji tələbatını ödəyəcək. “Ağıllı kənd”də evlərin dam hissəsində yerləşdirilən vaakum Günəş kollektorla­rı vasitəsilə enerji toplanaraq evlərin və suyun qızdırlmasında istifadə ediləcək. Evlərdə quraşdırılacaq anod-katod sistemləri otaqları daha az enerji sərfiyyatı ilə qızdırmağa imkan verəcək. “Ağıllı kənd”də həmçinin “Ağıllı kənd təsərrüfatı” sistemi üzrə camışçılıq ferması, “Ağıllı ictimai ferma” istifadəyə veriləcək, emal müəssisələri yaradıla­caq, dəyər zənciri formalaşdırılacaq”.

Füzuli rayonunun Dövlətyarlı kəndində isə ikinci “Ağıllı kənd”in salın­ması üçün hazırlıq işlərinə başlanılıb. Milli Məclisin deputatı Vüqar Bayramo­vun sözlərinə görə, burada üç, dörd və beş otaqlı olmaqla, ümumilikdə ilkin mərhələdə 450 evin inşası nəzərdə tutulub. Kənddə məktəb və uşaq bağ­çasının tikilməsi, yaşayış məntəqəsinin mərkəzində meydan salınması, bazar inşa edilməsi də planlaşdırılıb.

Deputatı daha sonra əlavə edib ki, kəndin yerləşmə coğrafiyası və təbii üstünlükləri nəzərə alınmaqla burada bir neçə sektor üzrə müəssisələrin yara­dılması nəzərdə tutulub. Məsələn, kar­tofçuluq üzrə müəssisələrin yaradılması planlaşdırılıb. Bu müəssisələrdə 40 daimi, 300-dək mövsümi iş yerinin ya­radılması, eyni zamanda, Köndələnçay su anbarı əsasında “Ağıllı akvakultura” sistemlərinin tətbiqi hesabına balıqçılıq təsərrüfatının və quşçuluq təsərrüfatının qurulması da nəzərdə tutulub.

Dövlətyarlı kəndinin iqlim və relyef üstünlükləri nəzərə alınaraq, bu yaşayış sahəsində turizm infrastrukturunun for­malaşdırılması və otellərin yaradılması da qarşıya mühüm vəzifə kimi qoyulub. Bütün bunlarla yanaşı, kəndin ətrafında “Ağıllı kənd təsərrüfatı” sahəsinin yara­dılacağı da planlaşdırılıb.

Deputat açıqlamasının sonunda Dövlətyarlı kəndinin enerji təminatının “yaşıl” və alternativ mənbələr hesabına ödəniləcəyini də diqqətə çatdırıb: “Ağıllı kənd”də xarici investisiya əsasında al­ternativ enerji həlləri məqsədilə “günəş paneli tarlası” salınacaq. İnvestisiya layihəsinin gücü 50 meqavat olacaq. Burada 20 daimi iş yeri yaradılacaq”.

Yeri gəlmişkən, yaşayış sahəsinin salınması üçün artıq hazırlıq işlərinə başlanılıb. “Ağıllı kənd”in layihəsi də təsdiq olunub.

Bütün bunlar deməyə əsas verir ki, işğaldan azad olunan ərazilərin dirçəldilməsi və yüksək texnologiyalar əsasında, o cümlədən “ağıllı” texno­logiyalar bazasında müasir kəndlərin salınması, şəhərlərin yenidən qurul­ması Qarabağ və Şərqi Zəngəzuru təkcə ölkəmizdə yox, dünyada dina­mik və sürətlə inkişaf edən bir diyara çevirəcək.

V.BAYRAMOV,

 “Xalq qəzeti”

27 Yanvar 2022 09:00 - EKOLOGİYA
EKOLOGİYA
24 May 2022 | 16:56
Sabahın HAVA PROQNOZU
23 May 2022 | 16:54
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə