Ən son xəbərlər
Bu yaxınlarda Azrbaycan Memarlar İttifaqının 85-ci ildönümü qeyd olundu. Yubileylə bağlı müxtəlif tədbirlər keçirildi, Prezident İlham Əliyevin sərəncamı ilə təltif olunmuş memarlarımıza orden və medallar, fəxri adlar verildi, ittifaqın inkişaf istiqamətləri müəyyənləşdirildi.
Memarlar İttifaqının sədri Elbay Qasımzadə bizimlə söhbətində bildirdi ki, 85 il ərzində Azərbaycan memarlıq sənəti şərəfli inkişaf yolu keçmişdir. Bildirdi ki, XX əsrin sovet dövründə Azərbaycanın kifayət qədər tanınmış dünya şöhrətli memarları olub. Mikayıl Hüseynov, Sadıq Dadaşov, Nəsrulla Kəngərli, Həsənağa Məcidov, Qəzənfər Əlizadə, Ənvər Qasımzadə və digərləri milli memarlıq üslubunda gözəl əsərlər yaradıblar.
XX əsrin 70-ci illərindən Azərbaycana rəhbərlik etmiş ulu öndər Heydər Əliyev memarlığa, o cümlədən milli memarlığa, tarixi və müasir memarlıq üslublarından istifadəyə böyük diqqət yetirib. Həmin dövrdə çox sayda nadir memarlıq nümunələri hesab edilən binalar tikilib. Bakıda, Gəncədə, Sumqayıtda və digər şəhərlərdə müasir yaşayış kompleksləri salınıb.
Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizdə memarlığın inkişafı prioritet istiqamətlərindən biri olub. Bu ənənə hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Azərbaycanda memarlıq sənəti tərəqqi yolundadır. Çünki dövlət tərəfindən bu sahəyə böyük diqqət və qayğı var. Bu gün şəhərlərimizin siması necə dəyişib. Yeni parklar, xiyabanlar, təhsil, səhiyyə obyektləri-- şübhəsiz ki, bunların hamısı Prezidentimizin şəhərsalmaya göstərdiyi diqqətin nümunəsidir. Abidələrimizin UNESCO-nun irs siyahısına salınması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu istiqamətdə əldə olunan nailiyyətlər həm də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gördüyü işlərin nəticəsidir.
Mədəniyyət naziri Anar Kərimovun da Memarlar İttifaqının yubileyi ilə bağlı fikirlərinə diqqət yönəltmək istərdik. O, deyib ki, memarlıq sənəti dünya xalqlarının inkişaf mərhələsini göstərən bir amildir: "Azərbaycanda olan memarlıq nümunələri onu göstərir ki, ölkəmizdə tarixən mədəniyyət inkişafda olub və bu günümüzə gəlib çatıb. Sevindirici haldır ki, müstəqil Azərbaycanda da bu ənənə yaşayır, yaşadılır. Bu gün memarlıq haqqında danışarkən otuz il işğal nəticəsində törədilən cinayətləri də xatırlatmalıyıq. Bildiyiniz kimi, Qarabağ memarlıq dəyərləri olan diyar idi. Otuz il ərzində bu irs ermənilər tərəfindən dağıdılmışdır. Bu gün əsas vəzifələrdən biri yenidən o mədəniyyəti canlandirmaqdir. Bu işdə bizim memarlarımıza da ehtiyacımız var. Mən istərdim ki, memarlar bu işdə dövlətimizə dəstək olsunlar".
Azərbaycan Memarlar İttifaqı daim pozitiv mövqe nümayiş etdirib. Bu gün Bakıda dünya miqyaslı memarlıq əsərləri mövcuddur. Memarlar İttifaqı Bakı şəhərində olan idarəetmə orqanları ilə daim sıx ünsiyyətdə fəaliyyət göstərir.
Memarlıq hər bir xalqın mədəni irsinin və tarixi keçmişinin aynasıdır. Xalqın estetik dünyagörüşünün və mədəniyyət zənginliyi əks etdirən yaradıcılıq mənbəyidir. Azərbaycan memarları qədim tarixi, zəngin ənənələri, inkişaf perspektivləri ilə seçilir.
Azərbaycan memarlığı dünya memarlığına da böyük töhfələr verib. Bu günə qədər gəlib çatmış və gələcək nəsillər üçün qorunan nadir əsərlər Azərbaycan memarlarının fitri istedadını dünyaya nümayiş etdirir. Memarlarımız nəinki respublikamızda, hətta onun hüdudlarından çox-çox uzaqlarda da öz dəstxətlərini yadigar qoyublar.
Azərbaycan Memarlar İttifaqı ölkənin şəhər və kəndlərinin abadlaşdırılmasında, memarlıq görkəminin formalaşmasında aparıcı rol oynayır, yaradıcılıq proseslərini istiqamətləndirir.
Müstəqillik illərində onlarca memarımız beynəlxalq müsabiqələrin laureatı adına layiq görülüb, fəxri adlarla, orden və medallarla təltif edilib. Ölkədə həyata keçirilən layihələrdə memarlarımızın uğurlu iştirakı isə Azərbaycan memarlarının istedadının əyani təzahürüdür.
Bunlarla yanaşı, bütün dövrlərdə memarlığın qarşısında duran əsas vəzifələrdən biri də insanlar üçün rahat mühit, təhlükəsiz şərait yaratmaqdır. Bu rahatlığı yaratmaq üçün Memarlar İttifaqının ölkəmizin memarlarını səfərbər edəcəyi şübhəsizdir.
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə