Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiya–NATO qarşıdurması “partlayış həddi”nə çatacaqmı?

Son vaxtlar Ukrayna ilə bağlı Rusiya və ABŞ, eləcə də Rusiya və NATO arasında münasibətlər kifayət qədər gərginləşib. Həm ABŞ, həm də NATO Rusiyanı Ukraynaya hücuma hazırlaşmaqda ittiham edir və bunu Moskvanın Ukrayna sərhədləri yaxınlığında hərbi qüvvələrini artırması, yeni təlimlər keçirməsi ilə əsaslandırır.

Təbii ki, Rusiya tərəfi də Ukrayna ilə bağlı belə bir niyyətinin olmadığını dönə-dönə bəyan edir. Amma Qərbdə bu sözlərə inanan yoxdur. Odur ki, hazırda münasibətlər gərginləşməkdə davam edir. Eyni zamanda, Rusiya NATO-nu özünün sərhədlərinə doğru genişlənməkdə, qonşu ölkələrin ərazisində qoşun hissələri yerləşdirməkdə, eləcə də Ukrayna və Gürcüstanı alyansa üzv qəbul etməyə hazırlaşmaqda ittiham edir.

ABŞ və NATO rəsmiləri Rusiya­nın ittihamlarını nəzərə almayaraq, birmənalı şəkildə Ukraynaya dəstək verəcəkləri barədə bəyanatlar səsləndirirlər. Hətta Qərbdə Ukrayna­ya hərbi qüvvələr göndərmək arzusu­nu ifadə edən ölkələr də var.

Keçən ilin sonlarında, qarşılıqlı ittihamların artdığı bir vaxtda Rusi­ya ABŞ və NATO-ya təhlükəsizlik təminatı ilə bağlı iki təklif göndərdi. O zaman Rusiya XİN başçısının müavini Sergey Ryabkov bildirmişdi ki, əgər Birləşmiş Ştatlar təhlükəsizlik təminatı məsələsinə müsbət yanaşsa, Moskva Vaşinqtonla münasibətlərini yaxşılaşdıra bilər. Ona görə də ABŞ Rusiyanın təklifindən imtina etməmlidir.

RF XİN başçısının digər müavini Aleksandr Qruşko isə bəyan etmişdi ki, Moskvanın təhlükəsizlik təminatı ilə bağlı təklifləri gizli deyil, açıq və aydındır. RF XİN-in dərc etdiyi Rusiya, ABŞ və NATO arasında müqavilə layihələrinə görə, alyans Ukrayna və Şərqi Avropanın digər ölkələrində, Zaqafqaziya və Mərkəzi Asiya dövlətlərinin ərazisində hər cür hərbi fəaliyyətdən imtina etməlidir.

Təkliflər Rusiya–NATO Şurası­nın iclasında və ABŞ rəsmi şəxsləri ilə görüşdə geniş müzakirə olundu. Amma razılıq əldə olunmadı. Dekab­rın sonlarında RF XİN başçısının da­nışıqlarda iştirak etmiş nümayəndəsi Ryabkov bəyan etdi ki, Rusiya və NATO arasında münasibətlər part­layış həddindədir: “Rusiya ilə NATO arasında vəziyyət qəbuledilməz səviyyəyə çatıb, vəziyyət potensial partlayış həddindədir. Bununla bağlı nəsə etmək lazımdır”.

Rusiya tərəfinin təkliflərinə ABŞ və NATO tərəfindən yalnız bu ilin yanva­rında münasibət bildirildi. Bu barədə ABŞ-dan bəyan edildi ki, təkliflərə cavab hazırlanır və tezliklə Rusiyaya göndəriləcək. Ancaq xahiş olundu ki, onların məzmunu geniş ictimaiyyət üçün açıqlanmasın.

Bununla yanaşı, Qərbdən Rusiya­nın ünvanına yenidən ittiham yağışı başlandı. Bildirildi ki, Rusiya Ukrayna­ya qarşı ildırımsürətli müharibə planı hazırlayıb. Böyük Britaniya Baş naziri Boris Conson bəyan etdi: “Kəşfiyyat çox aydın şəkildə göstərir ki, Ukrayna sərhədlərində Rusiyanın 60 hərbi qruplaşması var. Kiyevi məhv edə biləcək ildırımsürətli müharibə planı hamıya aydındır”.

Conson hətta deyirdi ki, Rusiyanın işğalı məhz Ukraynanın paytaxtına hücumla başlaya bilər. ABŞ isə Aralıq dənizində yeni hərbi təlimlərə başladı. Gərginlik artdıqca tərəflər konkret hərbi addımlarını gücləndirməyə, san­ki yarışmağa başladı.

Bu vəziyyətdə Rusiya Şərq Hərbi Dairəsindəki artilleriyaçılarının və Sakit okean donanmasının dəniz pi­yadalarının silah və hərbi texnikasını ittifaq dövləti olan Belarusun ərazisinə göndərərək, yeni təlimlərin anonsunu verdi. Rusiya Müdafiə Nazirliyinin bununla bağlı məlumatında deyilirdi: “İttifaq dövləti qüvvələrinin təliminə cəlb olunan hərbçilər Belarusun tanış olmayan poliqonlarında bir sıra tapşırıqları yerinə yetirməli olacaqlar. Manevrlər iki mərhələdə aparılacaq. Praktiki təlimlər Domanovski, Qojs­ki, Obuz-Lesnovski, Brest, Osipoviç poliqonlarında keçiriləcək. Bundan başqa, Baranoviç, Lunineç, Lida və Maçulişi aerodromlarından da istifadə olunacaq”.

ABŞ isə Rusiyaya qarşı yeni hədələr səsləndirməkdə davam edir. Dünən ABŞ-ın dövlət başçısı Co Bayden bəyan edib ki, Ukraynaya müdaxilə baş verərsə, bunun çox ağır nəticələri olacaq, hətta şəxsən Prezi­dent Vladimir Putinə qarşı sanksiyalar tətbiq edilə bilər.

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin buna cavab olaraq bildirib ki, ABŞ bu addımı ilə sadiq və idarə olunan prezident axtardığı­nı açıq şəkildə ortaya qoydu: “Hər şey yerinə oturdu. Nəhayət ki, ABŞ rəhbərliyi açıq şəkildə nə istədiyini dedi. Vaşinqton loyal və onlar tərəfindən idarə olunan Rusiya prezi­denti istəyir. ABŞ Prezident Vladimir Putinin dövründə Rusiyanın güclü və müstəqil olmasından məmnun deyil”.

Nəhayət, dünən yayılmış məlumatlara görə, NATO Ukraynaya qoşun yeritməyəcək”. Bunu CNN-ə müsahibəsində alyansın baş katibi Yens Stoltenberq bildirib. Böyük Bri­taniyanın Baş naziri Boris Conson isə deyib ki, hazırda NATO-nun heç bir üzvü Ukraynaya böyük hərbi qüvvə göndərməyə hazır deyil: “Mütləq deməliyəm ki, NATO-nun elə bir üzvü yoxdur ki, hazırda Ukraynaya Rusiya hücumuna qarşı böyük kontingent göndərsin”.

Stoltenberq onu da bildirib ki, alyans təhlükəsizlik təminatı ilə bağlı məktubunu bu həftə ərzində Rusiyaya göndərəcək: “Biz təkliflər üzərində işi­mizi tamamlayırıq. NATO bu məsələni ABŞ-la paralel həll edəcək”.

Onu da qeyd edək ki, Rusiya ilə Qərb arasında gərginliyin artması bu ölkənin milli valyutasına da öz mənfi təsirini göstərib. Rusiya valyutası son bir ayda 6 faizə yaxın dəyər itirib. Son məlumatlara görə, Rusiyanın səhm bazarında ciddi enmələr müşahidə olunur. Dünən rubl indeksli səhmlər 6 faiz, dollar indeksli səhmlər isə 8 faizdən çox dəyər itirib. Rus rublunda da son illərin ən yüksək ucuzlaşması müşahidə edilib, dolların məzənnəsi 80 rubla yaxınlaşıb.

Sonda qeyd edək ki, NATO üzvü olan Türkiyə kimi dövlətlər də var ki, Ukrayna ətrafında müharibənin qarşısını almağa çalışır. Bununla bağlı Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın vasitəçilik təklifi ortadadır. Bu isə ümid etməyə əsas verir ki, Ru­siya–NATO münasibətləri “partlayış həddi”nə çatmayacaq…

Paşa ƏMİRCANOV,

“Xalq qəzeti”

27 Yanvar 2022 04:30 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə