Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sankt-Peterburqda Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Yeddi gözəl” sərgisi açılıb və Üzeyir Hacıbəylinin abidəsinin təməl daşı qoyulub

Yanvarın 26-da Sankt-Peterburqdakı Mərmər sarayda Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Yeddi gözəl” sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, sərginin ekspozisiyası bir neçə tarixi dövrü birləşdirən xalça, zərgərlik, bədii metal, miniatür və teatr-dekorasiya sənətinin, həmçinin klassik musiqi və rəqsin, müasir incəsənətin və deklamasiya layihəsinin sintezindən ibarətdir.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov sərginin açılışında çıxış edərək bildirib ki, mədəni əlaqələr xalqların yaxınlaşmasında ən qısa yoldur. “Bizim ölkələri çoxəsrlik dostluq, qardaşlıq, mehriban qonşuluq ənənələri birləşdirir. Biz bu qarşılıqlı münasibətləri ildən-ilə möhkəmləndirməyə çalışırıq. Dövlətlərimizin başçıları nümunəvi qarşılıqlı münasibətləri ilə humanitar sahə də daxil olmaqla, bütün istiqamətlərdə əməkdaşlığın gücləndirilməsinə töhfə verirlər”, - deyə Anar Ələkbərov vurğulayıb.

Prezidentin köməkçisi xatırladıb ki, Heydər Əliyev Fondunun ilk nümayəndəliklərindən biri məhz Rusiyada yaradılmışdı. “Fond təhsil, səhiyyə, ekologiya sahələri də daxil olmaqla bir çox layihələr həyata keçirib. Lakin bu layihələrin böyük hissəsini mədəniyyət sahəsindəki layihələr təşkil edir”, - deyə Anar Ələkbərov qeyd edib.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxışında möhtəşəm sərginin təşkilinə görə Heydər Əliyev Fonduna, habelə Rus Muzeyinin və Azərbaycan Milli Xalça Muzeyinin rəhbərliyinə təşəkkürünü bildirib.

Rus Muzeyinin baş direktorunun müavini vəzifəsini icra edən Qriqori Qoldovski deyib ki, sərgidə tətbiqi incəsənət əsərləri, videoinstallyasiyalar, nadir miniatürlər, toy bəzəkləri və başqa eksponatlar təqdim edilib. Bu sərgi Nizami Gəncəvi dövründən və onun yaradıcılığının xüsusiyyətlərindən xəbər verən şərq mədəniyyətinin orijinal rəngarəngliyini göstərir.

Nizami poeziyası əsrlər boyu bir çox sənətkarların yaradıcılığına təsir edib. Klassik əsərə çevrilən diqqətəlayiq əsərlərdən biri də görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baletidir. Balet məşhur “Xəmsə” poemalarından biri əsasında yazılıb. Bu əsər ilk dəfə 1956-cı ildə Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində nümayiş etdirilib.

Bu iki - ədəbi və musiqi-xoreoqrafiya mənbə əsasında sərginin ekspozisiyasında dekorativ-tətbiqi incəsənətin qiymətli eksponatlarının nümayişi üçün xüsusi mühit yaradılıb. Azərbaycanlı məşhur konseptualist-rəssam Rəşad Ələkbərovun “kölgələrdən rəsmlər” metodu ilə XVI əsrə aid “Kitab oxuyan gənc” adlı Təbriz miniatürü əsasında yaratdığı “miniatür” installyasiyası bu mühitə giriş kimi xidmət edir.

Layihənin konsepsiyası vizual və səsli obrazların vahid qavrayışını nəzərdə tutur. Videoinstallyasiyalar sayəsində tamaşaçının gözləri qarşısında cərəyan edən hadisələrdə şəxsən iştirak etməsi effekti yaranır. Məsələn, qədim əlyazma kitabların təsvir edildiyi videoinstallyasiyalarında miniatürlərin personajları sanki canlanır, tamaşaçını öz sehrli dünyalarına dəvət edir. Tamaşaçı bu canlanmış orta əsr kitabını vərəqlədikcə, dəbdəbəli saray binaları arasında gəzişdikcə balet məkanına düşür: Kainatın ucsuz-bucaqsız məkanlarından peyda olan rəqqasə-balerinalar onu əhatə edir.

Heydər Əliyev Fondu və İCOM-un Azərbaycan Milli Komitəsi tərəfindən təşkil edilmiş “Nizami: dildən-dilə” beynəlxalq onlayn-deklamasiya layihəsinin videoçarxı sərginin interaktiv davamıdır. Bu hissədə Azərbaycan, Rusiya, Özbəkistan, Qazaxıstan və Qırğızıstanı təmsil edən 150-dən çox məşhur incəsənət və mədəniyyət xadimi Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından fraqmentləri estafet prinsipi ilə deklamasiya edirlər.

Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin və Azərbaycan Milli Xalça Muzeyinin dəstəyi ilə təşkil edilmiş “Yeddi gözəl” sərgisinin ekspozisiyasına Heydər Əliyev Fondunun, Azərbaycan Milli Xalça Muzeyinin və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin eksponatları daxildir.

Sərgi mayın 9-na qədər davam edəcək.

Sankt-Peterburqda, həmçinin dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin abidəsinin təməl daşının qoyulması mərasimi keçirilib.

Abidə Bəstəkarlar küçəsində Üzeyir Hacıbəylinin adını daşıyan bağçada Heydər Əliyev Fondunun və Sankt-Peterburq hökumətinin dəstəyi ilə qoyulacaq.

Təntənəli mərasimdə Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, səfir Polad Bülbüloğlu, Sankt-Peterburqun vitse-qubernatoru Anatoli Poveliy, Qanunverici Məclisin sədrinin müavini Marina Şişkina, Vıborq rayonu administrasiyası başçısının müavini Arina Artyomova, Sankt-Peterburqdakı Azərbaycan diasporunun sədri Vaqif Məmişov və digər fəxri qonaqlar iştirak ediblər.

Təbrik sözlərindən sonra təməl daşının rəsmi açılışı olub, mərasim iştirakçıları təməl daşının önünə tər çiçəklər qoyublar.

Qeyd edək ki, abidənin müəllifi heykəltəraş, Rusiya Rəssamlar Akademiyasının akademiki Aydın Zeynalov olacaq.  

27 Yanvar 2022 04:24 -

Köhnə versiyamızdan xəbərləri izlə