Ən son xəbərlər
Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Boçarnikov 2021-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib ki, Rusiya Azərbaycanın regionda vəziyyətin normallaşması ilə bağlı mövqeyini yüksək qiymətləndirir.
Mixail Boçarnikov yanvarın 26-da keçirdiyi mətbuat konfransında qeyd edib ki, Azərbaycan, Rusiya və Ermənistanın baş nazirlərinin müavinləri səviyyəsində regionda kommunikasiyaların açılması üzrə yaradılmış üçtərəfli işçi qrupu özünü doğruldub: “Üçtərəfli işçi qrupunun formatı çox səmərəli oldu, ortaq dil tapıldı. Danışıqlar yaxşı, peşəkar şəkildə gedir. Biz Rusiyada Azərbaycan Prezidenti İlham Əliyevin regionda vəziyyətin və iqtisadi əlaqələrin normallaşması ilə bağlı səsləndirdiyi mövqeləri yüksək qiymətləndiririk, bu da bütün tərəflər üçün faydalı olacaq”.
Səfir vurğulayıb ki, ötən il noyabrın 26-da Soçi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında baş tutan üçtərəfli görüş işçi qrupun işinə əlavə təkan verdi.
Üçtərəfli işçi qrupunun məqsədi birgə infrastruktur təşəbbüslərinin parametrlərinin müəyyənləşdirilməsini ən qısa zamanda başa çatdırmaq, Cənubi Qafqazda nəqliyyat və logistika layihələrinin icrasına başlamaqdır.
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə