Ən son xəbərlər
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda son illərdə qeyri-neft sektorunun inkişafının təmin olunması, iqtisadiyyatın müxtəlif sahələrinin şaxələndirilməsi, ölkəmizin ixrac potensialının artırılması, xarici investisiyanın cəlb edilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində bir sıra önəmli layihələr icra olunub. Pandemiyanın dünyada yaratdığı böyük iqtisadi və maliyyə çətinliklərinə baxmayaraq, hazırda Azərbaycanda bu proseslər uğurla davam edir.
Ölkədə xarici investiya qoyuluşu diqqət mərkəzində saxlanılmaqla yanaşı, dövlət müəssisələrinə ayrılan sərmayələrin səmərəli istifadəsinə də nəzarət gücləndirilib. Belə ki, dövlət müəssisələrinin maliyyə sağlamlığını və dayanıqlılığını yaxşılaşdırmaq, maliyyə resurslarının, habelə xarici borcların cəlb olunmasını səmərəli meyarlar əsasında idarə etmək məqsədi ilə Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən Azərbaycan İnvestisiya Holdinqi yaradılıb.
Bu, dövlət müəssisələrinin profisitinin artırılmasına, onların büdcədən asılılıqlarının azaldılmasına, azad bazar münasibətlərinin hərtərəfli inkişafına, özəl mülkiyyətin genişlənməsinə, daha sağlam prinsiplərə söykənən idarəçiliyə əsaslanmaqla iqtisadi inkişafın sürətləndirilməsinə hesablanan mühüm bir qərardır. Başqa sözlə, Azərbaycan İnvestisiya Holdinqinin yaradılması ilə ölkədə vahid idarəetmə modeli işə düşür və bununla da dövlət şirkətlərinin maliyyə durumlarının yaxşılaşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsinə başlanılır.
Azərbaycan Prezidenti tərəfindən aparılan islahatların məntiqi davamı olan Azərbaycan İnvestisiya Holdinqinin yaradılması respublikada yerli və xarici investisiyaların sağlam təməllər üzərində reallaşdırılmasına da öz müsbət təsirini göstərir. Çünki bu gün Azərbaycana investisiya yatırmaqda maraqlı olan iri şirkətlər var. Pandemiya ilə bağlı layihələrin sürəti hazırda bir qədər zəifləsə də, postpandemiya dövründə onların Azərbaycan iqtisadiyyatının inkişafında rolu, şübhəsiz ki, güclənəcək. Ən əsası isə xarici investisiyaların fəal şəkildə iqtisadiyyata cəlb edilməsi sürətlənəcək.
Ötən il əsas kapitala 16 milyard 127 milyon manat məbləğində vəsait yönəldilib. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, istifadə olunan vəsaitin 10 milyard 536,7 milyon manatı və ya 65,3 faizi məhsul istehsalı sahələrinə, 4 milyard 560,8 milyon manatı (28,3 faizi) xidmət sahələrinə, 1 milyard 29,5 milyon manatı (6,4 faizi) isə yaşayış evlərinin tikintisinə xərclənib.
Əsas kapitala yönəldilən vəsaitlərin 11 milyard 794,3 milyon manatını və ya 73,1 faizini daxili vəsaitlər təşkil edib, 11 milyard 15,7 milyon manatı və ya 68,3 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Sadalan istiqamətlərdə xərclənən vəsaitlərin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 54,7 faiz, büdcə vəsaitləri 25,7 faiz, digər vəsaitlər 7,5 faiz, bank kreditləri 6,1 faiz, əhalinin şəxsi vəsaitləri isə 6 faiz təşkil edib.
Ötən il ölkəmizdə özəl sektorda investisiya fəallığı kifayət qədər yüksək olub. Qeyri-dövlət mülkiyyətində olan təşkilatlar tərəfindən əsas kapitala investisiyalar (Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti istisna olmaqla) real ifadədə 23,3 faiz artaraq 4,5 milyard manata çatıb.
Vətən müharibəsindən dərhal sonra işğaldan azad edilən ərazilərdə aparılan tikinti-quruculuq işlərinə də investisiya qoyuluşu diqqət mərkəzində saxlanılıb. Son vaxtlar bununla bağlı yerli və xarici sahibkarlıq subyektlərinin müraciətlərində bu, öz ifadəsini tapıb. Düşməndən təmizlənən yaşayış sahələrində biznes qurmaq istəyən sahibkarlardan indiyədək Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) 945 müraciət daxil olub. Bunlardan 446 müraciət investisiya layihələri, 499-u isə digər iş və xidmətlərin (əsasən podrat əsaslı) həyata keçirilməsi ilə bağlı olub. Müraciətlərin 27 faizi tikinti, 27 faizi ticarət və xidmət, 21 faizi sənaye, 18 faizi kənd təsərrüfatı və digər 7 faizi turizm, səhiyyə, təhsil, mədəniyyət, nəqliyyat və logistika sahələrini əhatə edib. Yeri gəlmişkən, 2022-ci ildə əsas kapitala yönəldiləcək investisiyaların ümumi həcminin real ifadədə 3,4 faiz artaraq 18,5 milyard manat olacağı proqnozlaşdırılır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda son illərdə qeyri-neft sektorunun inkişafının təmin olunması, iqtisadiyyatın müxtəlif sahələrinin şaxələndirilməsi, ölkəmizin ixrac potensialının artırılması, xarici investisiyanın cəlb edilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində bir sıra önəmli layihələr icra olunub.
Hazırda respublikada bu proseslər uğurla davam edir. Bütün bunlar isə ölkəmizə xarici investisiya qoyuluşuna müsbət zəmin yaradır. Son illərdə Azərbaycan iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyaların 60 milyard ABŞ dollarına çatması da elə bunun nəticəsidir.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayevin sözlərinə görə, 2021-ci ilin doqquz ayında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar təqribən 580 milyon dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə bir neçə dəfə çoxdur.
Xatırladaq ki, Azərbaycana xarici investisiya qoyuluşunu sürətləndirmək üçün bir sıra tədbirlər həyata keçirilib. Belə ki, son illərdə investisiya mühitinin daha da yaxşılaşdırılması məqsədilə vergi və gömrük islahatları davam etdirilib, onlayn vahid ixrac ərizəsi, “Yaşıl dəhliz”, elektron məhkəmə, elektron satınalma, tikintidə “bir pəncərə”, biznesə başlama, elektrik enerjisinə çıxış, kreditlərə əlçatanlıq, müqavilələrin icrası və əmlakın qeydiyyatı sahələrində mühüm tədbirlər həyata keçirilib.
Azərbaycana investisiya qoyuluşuna marağın getdikcə artması, həm də ölkəmizin siyasi cəhətdən sabit olması, milli, dini və irqi tolerantlığı baxımından seçilməsi ilə bağlıdır. Bununla bərabər, respublika hökuməti tərəfindən həyata keçirilən iqtisadi siyasət, aparılan islahatlar nəticəsində ölkədə güclü iqtisadi potensial mövcuddur. Yaradılan əlverişli biznes və investisiya mühiti, Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınması, regionda əlverişli mövqeyə malik mühüm tranzit mərkəzi olması, insan kapitalının inkişafı da ölkəmizin investisiya qoyuluşu baxımından cəlbediciliyini artırır. Eyni zamanda, Azərbaycan beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərini tam şəkildə və vaxtında yerinə yetirir. Ölkəmizin təşəbbüskarı olduğu transmilli layihələr bu gün Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.
Göründüyü kimi, hökumət ölkədə investisiya fəaliyyətinin genişləndirilməsinə, biznes mühitinin yaxşılaşdırılmasına, sənaye istehsalının artırılmasına, qeyri-neft sektorunun inkişaf etdirilməsinə ciddi önəm verir. Bu istiqamətdə qarşıya qoyulan əsas hədəflər sərmayə qoyuluşlarının artırılması, sahibkarların ixrac potensialının gücləndirilməsi, investisiya imkanlarının genişləndirilməsi, potensial tərəfdaşların tapılması və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsidir.
Azərbaycanın dünya miqyasında sabit iqtisadiyyata malik dövlət kimi tanınması, beynəlxalq birliyin etibarlı tərəfdaşı olması ölkəmizə investisiya axınını şərtləndirib. Bu məsələdə hökumət tərəfindən “açıq qapı” siyasətinin reallaşdırılması da stimullaşdırıcı rol oynayıb. Bu, öz ifadəsini investorların hüquq və mənafelərinin qorunmasında, mülkiyyətin toxunulmazlığında, yerli və xarici sahibkarlara bərabər şəraitin yaradılmasında daha qabarıq büruzə verib. “İnvestisiya fəaliyyəti haqqında”, “Xarici investisiyaların qorunması haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunların və bir sıra normativ sənədlərin qəbulu məhz bu məqsədi daşıyıb. Bundan savayı, Azərbaycan hökuməti ilə xarici dövlətlər arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması ilə bağlı çoxsayda saziş imzalanıb. Avropa İttifaqının 20-dən çox üzv ölkəsi ilə respublikamız arasında ikiqat vergitutma aradan qaldırılıb.
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə