Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zəngəzur dəhlizi tarixi nailiyyətdir

 Müharibənin nəticələrindən biri də əlbəttə ki, bu gün müzakirə mövzusu olan Zəngəzur dəhlizidir. Zəngəzur dəhlizi tarixi nailiyyətdir. Üçtərəfli bəyanatda xüsusilə bu məsələnin əks olunması bizim, eyni zamanda, böyük siyasi qələbəmizdir. Hazırda Zəngəzur dəhlizinin fəaliyyəti istiqamətində fəal işlər aparılır, bir çox təkliflər var, artıq bir çox nəqliyyat-kommunikasiya layihələri masa üzərindədir, müzakirə edilir və bu, bizim növbəti tarixi uğurumuz olacaq­dır. Müstəqillik bizim ən böyük sərvətimizdir, ən böyük dəyərimizdir. Müstəqillik illərində biz bir amalla yaşayırdıq ki, doğma torpağımızı düşmənin əlindən alaq, işğaldan azad edək və ərazi bütövlüyümüzü bərpa edək. Biz buna nail olduq.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

 

 Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi ilə nətiəcələn 44 günlük Vətən müharibəsindən sonra həm bizi, həm də regionu maraqlandıran ən önəmli məsələlərdən biri də Zəngəzur dəhlizinin açılmasıdır. Tarixi köklərə malik olan bu yenilənmiş yol həm də qardaş Türkiyə ilə yenidən quru əlaqələrinin bərpası deməkdir. Zəngəzur dəhlizi təkcə Azərbaycan və Türkiyəni deyil, ümumilikdə, bütün türk dünyası­nı yenidən birləşdirəcək. Bu məsələni araşdırarkən əvvəlcə dəhlizin tarixi marşrutunu dəqiq bilmək lazımdır. Qeyd edildiyi kimi, Türkiyə ilə Azərbaycan arasında birbaşa quru yolu əlaqəsi yaradacaq bu dəhliz Türkiyə Cümhuriyyətinin qurulduğu illərdən gündəliyin əsas məsələlərindən biri olmuşdur. Yəni bu, birdən-birə ortaya atılan təklif deyil. Dəhliz 1921-ci ildə Türkiyə ilə Sovet Rusiyası arasında imzalanan anlaşmanın da ən önəmli maddələrindən biri olmuşdur.

Tarixən Zəngəzur və ya Naxçıvan dəhlizi olaraq bilinən bu koridor 2020-ci ildə baş verən II Qarabağ müharibəsində Azərbaycanın qələbəsindən sonra imzalanan Üçtərəfli bəyanatın 9-cu maddəsində yer almış və Naxçıvan Muxtar Respublikası ilə əlaqələri bərpa edəcək quru yoludur.

Burada qeyd edilməli olan ən önəmli məqamlardan biri də odur ki, Zəngəzur dəhlizi təkcə Azərbaycan üçün deyil, ümumilikdə bölgə üçün geniş perspektiv vəd edir. Belə ki, bu dəhliz, hətta II Qarabağ müharibəsində məğlub olan Ermənistan üçün də özünütəcriddən çıxmaq imkanı deməkdir. Belə olan halda, Ermənistan vəziyyəti düzgün dəyərləndirərsə, Türkiyə və Azərbaycanla olan münasibətlərini səhmana salaraq, Cənubi Qafqazda yaranmaqda olan yeni reallıqlardan faydalana bilər. Lakin əvvəlcə qarşı tərəf bu günədək etdiyi xətalardan nəticə çıxarmalıdır.

 

 

Zəngəzur dəhlizinin açılması bir çox müstəvidən bölgənin inkişafını təmin edir. Bunlar, Türk dünyasının ticarət imkanla­rının genişlənməsi, Orta Asiyaya birbaşa çıxmaq imkanı, bölgə üzrə davamlı sülhün və əməkdaşlıq mühitinin yaranması və tarixi İpək yolunun yenidən canlanması perspektivləri başda olmaqla, regionun nəqliyyat-tranzit infrastrukturunun inkişafına vəsilə olacaq.

Zəngəzur bir vaxtlar müsəlman türk əhalinin yaşadığı tarixi Azərbaycan tor­pağı olsa da, keçən əsrin 20-ci illərində Sovet Rusiyası tərəfindən Ermənistana birləşdirilmiş və bugün də Ermənistanın daxilində yerləşən ərazidir. Məlum olduğu kimi, bu torpaqların ermənilərə verilməsi ilə Azərbaycan Naxçıvanla olan quru bağlan­tısını itirmişdi. 100 il sonra baş verən Vətən müharibəsi bizə həm də tarixi ədalətsizliyi aradan qaldırmaq imkanı yaratdı.

Naxçıvanla birbaşa əlaqələrin olmaması rəsmi Bakı üçün hər zaman çətinlik törədib. Bu səbəbdən Vətən müharibəsindən sonra imzalanan bəyanata nəzər saldıqda görə bilərik ki, Prezident İlham Əliyev sadəcə Azərbaycanın bugünü üçün deyil, həm dünəni, həm də sabahı üçün mübarizə aparır. Belə ki, bu dəhlizin açılması ilə 100 il əvvəl öz ata-baba yurdlarından qovu­lan soydaşlarımızın ruhlarını şad edəcək, tariximizdən qara bir səhifə silinəcək, həm də gələcək üçün geniş inkişaf imkanları yarana­caq.

Məlum olduğu kimi, torpaqlarımız ara­sında quru və dəmiryolu əlaqəsini bərpa edəcək Zəngəzur dəhlizi layihəsinin icra edilməsi üçün Azərbaycan başladığı işləri sürətlə davam etdirir. Qeyd edək ki, yanva­rın 25-də İranın Yol və Şəhərsalma naziri, Azərbaycan–İran Hökumətlərarası Birgə İq­tisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qasiminin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edən Prezident İlham Əliyev konfrans zamanı bu məsələyə də toxunub. Dövlətimizin başçısı qeyd edib ki, son günlərdə bu məsələ ilə bağlı Ermənistan tərəfindən də müsbət xəbərlər alırıq və Ermənistanda da bu işlərə start verilməsi planlaşdırılır.

Zəngəzur dəhlizinin yaradılması istiqamətində avtomobil və dəmiryolu artıq inşa edilməyə başlanıb. Paytaxt Bakı ilə Füzulinin Horadiz qəsəbəsinə qədər dəmiryolu xətti işlək vəziyyətdədir. Bu xəttin Horadizdən Ermənistan sərhədinə qədər olan bəzi hissələri işğal dövründə dağıdılıb, bəzi hissələri isə su altında qalıb. Beləliklə, bərpa mərhələsində Horadizdən Ordubada qədər 166 kilometrlik yeni dəmiryolu xətti inşa ediləcək.

Dəmiryolu xəttinin Ermənistan ərazisinə düşən 43 kilometrlik hissəsinin inşası üçün davam edən danışıqlar prosesi də Prezident İlham Əliyevin sözlərinə görə, yaxında müsbət nəticə verəcək. Ordubaddan Türkiyə, Ermənistan və İrana yaxın yerləşən Vəlidağ stansiyasına qədər olan 158 kilometrlik xətt isə əsaslı təmir ediləcək. Burada bitən yol Ermənistan sərhədinə qədər daha 14 kilo­metr uzadılacaq.

Yazının əvvəlində vurğulandığı kimi, Ermənistan regiondakı sülh arayışlarına töhfə olaraq bu layihənin icrasına razı­lıq verərsə, öz dəmiryolu xəttini Bakıdan Horadizə, Horadizdən Naxçıvanın şimalına qədər olan bu yolla birləşdirəcək. Beləcə Rusiya və İranla birbaşa nəqliyyat əlaqəsi imkanı yaranacaq.

Dəmiryolu ilə yanaşı, həmin marşrut üzrə avtomobil yolunun salınmas da gündəlikdə olan digər mövzudur. Azərbaycan bu istiqamətdə də işlərə start verib. Belə ki, Zəngəzura qədər uzanacaq Əhmədbəyli–Horadiz–Minçivan–Ağbənd yolu layihəsinin icrasına başlanılıb və işlər sürətlə davam etdirilir.

Bundan əlavə, Türkiyə ilə Azərbaycanı – Karsla Naxçıvanı birləşdirən digər bir dəmiryolu xətti layihəsi də mövcuddur. Bu layihə bütünlüklə həyata keçirildikdən sonra Türkiyə ilə Azərbaycan arasıənda yeni bir nəqliyyat yolu yaranacaq. Bu, həm də Türkiyə ilə Rusiya arasında birbaşa quru və dəmiryolu əlaqəsinin yaranması deməkdir.

Göründüyü kimi, Zəngəzur dəhlizinin açılması bütün bölgə ölkələri üçün yeni imkanlar vəd edir. Beləliklə, Zəngəzur dəhlizi Naxçıvanla Azərbaycanın digər bölgələrinin birləşməsi, Türkiyə ilə Azərbaycanın, eləcə də digər türk dövlətlərinin arasında quru və dəmiryolu əlaqələrinin yaradılması üçün ən ideal imkandır. Bu, həm də Tarixi İpək yolunun bərpası, Çinin “bir kəmər – bir yol” layihəsinin canlanması, əməkdaşlığın inkişaf etdirilməsi baxımından böyük əhəmiyyətə malikdir. Bu məsələdə təkcə Türkiyə və Azərbaycanın de­yil, eləcə də Rusiya, İran və Ermənistanın da ortaq maraqları birləşdirir. Məsələn, Rusiya bu dəhliz sayəsində İran, Ermənistan və Türkiyə ilə bağlantılarını daha da möhkəmləndirə bilər. Ermənistan isə dəhliz açıldıqdan sonra Azərbaycan ərazisi vasitəsilə Rusiya ilə ticarət əlaqələrini genişləndirə bilər. Bir sözlə, Ermənistan mövcud vəziyyəti düzgün dəyərləndirə bilsə, təcriddən qurtula, rifah imkanlarından pay ala bilər.

Əslində, Prezident İlham Əliyevin dediyi kimi, bu əlaqəni qurmaq üçün o qədər də böyük vaxta ehtiyac yoxdur. Burada nəzərdə tutulan yolun Ermənistandan keçən ümumi uzunluğu cəmi 40 kilometrdir. Azərbaycan müharibədən sonra bir il ərzində min kolimetrdən çox yol çəkmişdir. Bu da onu göstərir ki, nəzərdə tutulan 40 kilometrlik yolun açılması o qədər də çətin iş deyil. Bax­mayaraq ki, Ermənistan uzun müddət buna razılıq vermirdi. Biz uzun müddət səbr etdik. Bütün dünya gördü ki, səbrimiz tükənəndə nələr olur.

Sonda bir daha qeyd edək ki, Zəngəzur dəhlizi layihəsinin icrası üçün Azərbaycan öz öhdəsinə düşən hər bir işi yerinə yetirir. Bu istiqamətdə bütün işlər start götürüb və intensiv davam edir. Bu işlərin icrası üçün həm qonşu, həm də digər dövlətlər Qaraba­ğın bərpasında olduğu kimi, Zəngəzur dəhlizi layihəsinin icrasında da Azərbaycana dəstək olmaq, fəal iştirak etmək niyyətindədirlər. Bu, Azərbaycanın beynəlxalq arenada qazandığı nüfuzun və etimadın göstəricisidir.

İmran ƏLİYEV,

“Xalq qəzeti”

27 Yanvar 2022 04:17 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə