Ən son xəbərlər
Uşaqlar gələcəyimizdir. Bu səbəbdən sağlam gələcək yetişdirmək bütün cəmiyyətin əsas vəzifələrindən biri olmalıdır. Lakin əfsuslar olsun ki, dövrümüzdə uşaqlar bir qrup psixoloji sindromlardan əziyyət çəkirlər. Bunlardan biri də autizm spektr pozuntusudur. Mütəxəssislər sindromun səbəblərini müxtəlif faktorlarda görürlər. Bununla bağlı klinik psixoloq Nuriyyə Quliyeva ilə söhbət etdik.
Autizm spektr pozuntusunun yaranma səbəbləri hansılardır? Bunun genetik faktorlarla əlaqəsi varmı?
– Səbəblər tam olaraq dəqiqliklə elmə məlum deyil. Amma genetik faktorlar təsdiq olunmuş səbəblər sırasında öndədir. Bununla bağlı tədqiqatlar da aparılıb. Genetik olaraq kimdəsə belə bir problem varsa, onun da üzə çıxmaq ehtimalı yüksəkdir. Orqanizmdə ağır metalların olması da səbəblərdən biri kimi özünü göstərir. Bunun üçün də onlara xüsusi pəhrizlər tövsiyə olunur. Tətbiq edilən metod çoxunda fayda verir, lakin bəzilərində özünü doğrultmur. Bir qrup alim beyin hüceyrələrində tipik uşaqlara nisbətən neyronların sayının az olmasını səbəb kimi təqdim edir. Hətta son dövrlərdə atanın yaşının çox olması övladında autizm spektr pozuntusunun olduğu fikrini də üzə çıxarıb. Ümumiyyətlə, autizm sindromu həyatın ilk illərində özünü göstərən, ömür boyu davam edən neyropsixiotrik bir pozuntudur. “Ömür boyu davam etməsi” ifadəsi bu sindromdan əziyyət çəkən uşaqların valideynlərini qorxutmasın. Bu, o demək deyil ki, hər zaman başqalarının köməyinə möhtac qalacaqlar. Vaxtında təsbit edilən erkən diaqnoz və intensiv məşğələlərlə onları cəmiyyətə, fəal həyata qaytarmaq mümkündür. Onların potensialını, istedad və bacarıqlarını kəşf etmək, eləcə də onlara dəstək olmaqla, hər hansı bir sahədə özlərini təsdiq etmələrinə şərait yaratmaq olar. Qeyd etdiyim kimi, erkən yaşlarda bu problemin həllinə səy göstərdikdə, demək olar ki, 85 faiz, bəzi hallarda hətta daha yüksək nəticələr əldə edilir. Onların təhsillərində, davranışlarında, anlamalarında, nitqlərində, ünsiyyət qurmalarında irəliləyişlər müşahidə olunur.
– İlkin əlamətlər özünü necə büruzə verir, nələrdən şübhələnməliyik?
– Uşağın nitqində, ünsiyyətində, qarşılıqlı əlaqələrdə problem nəzərə çarparsa, diqqətli olmaq lazımdır. Eyni zamanda stereotipik davranışların müşahidəsi də əlamətlər çərçivəsindədir. Əgər müəyyən dərəcədə sadalanan problemlər varsa, bu, autizm spektr pozuntusundan şübhələnməyə əsas verə bilər. Mütləq şəkildə uşaq psixiatrı ilə görüşmək lazımdır. Bundan əlavə, belə uşaqlarda göz təması, nəyisə işarə etməklə göstərməsi zəif olur. Halbuki, artıq 18 ayından etibarən uşaq işarə barmağıyla istədiyi bir şeyi göstərmək iqtidarındadır. Onların isə ünsiyyəti məhdudiyyətlidir. Oyun oynaması digər uşaqlardan fərqlənir. Heç nəyə maraq göstərmir, əşyaları fırladır və ya özləri öz ətraflarında fırlanırlar. Bunlar da spesifik davranışlara daxildir və əlamətlər hesab edilir.
– Bu cür uşaqlarla ünsiyyət necə qurulmalıdır? Onların daha çox nəyə ehtiyacı olur?
– Bu uşaqlarla qayğıkeş, nəzakətli, sevgi ilə ünsiyyət qurmaq lazımdır. Onlarla daha çox nəvazişlə, diqqətlə, ehtiyatlı şəkildə davranmalıyıq. Onların müəyyən narahatlıqları, toxunulmağa, səslərə qarşı qorxuları, həssaslıqları olur. Bunlara diqqət edərək, həmin uşaqlarla məcbur etmədən, nə də laqeyd yanaşmadan ünsiyyət qurmağa çalışmalıyıq. Cəmiyyətdə, ictimai nəqliyyatda, məktəbdə, bağçada, ümumiyyətlə, hər yerdə bu uşaqları diqqət mərkəzində saxlamalıyıq. Unutmamalıyıq ki, onlar da bizdən biridir.
– Tətbiq olunan müalicə metodları və terapiyalar nədən ibarətdir?
– Diaqnozu uşaq psixiatrı təyin etməlidir. Daha sonra əsas məsuliyyət psixoloqun üzərinə düşür. Onlarla intensiv şəkildə məşğələlər aparılmalıdır. Doğru, vaxtında və planlı şəkildə təşkil edilən təlimlər bu uşaqları fəal həyata qaytarmağa yönəlməlidir. Mütləq şəkildə məşğələlərə valideynlərin, bağçaya gedirsə, bağçadakı müəllimlərin, ümumiyyətlə, uşağın ətrafında olan insanların dəstəyi və təlimlərə qoşulması vacibdir. Bu istiqamətdə bir sıra proqramlar tətbiq olunur. Onlardan ən çox təsir edəni təsdiq olunmuş ABA (tətbiqi davranış analizi) proqramıdır. Beləliklə, fərdi inkişaf proqramı hazırlayırıq. Müalicə isə vacib bilinmədikdə təyin olunmur. Yaş artdıqca dərman müalicəsinə ehtiyac duyula bilər. Adətən, azyaşlı uşaqlar dava-dərmanla deyil, intensiv təlimlə müalicə olunurlar.
Şahxanım ƏLİZADƏ,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə