Ən son xəbərlər
Tarixin bütün dövrlərində, dünyanın insan yaşayan hər yerində, ictimai-siyasi quruluşundan və idarəetmə sistemindən asılı olmayaraq, hər bir dövlətin ən vacib vəzifələrindən biri əhalinin təhlükəsiz ərzaq məhsulları ilə etibarlı təminatı olmuşdur. Bu məsələ müasir dövrdə aktuallığını nəinki itirməmiş, əksinə, daha da artırmışdır.
Dünya tarixi inkişafın ən yüksək səviyyəsinə çatsa da istənilən dövlətin qarşısında duran çoxsaylı vəzifələr arasında ölkə əhalisinin təhlükəsiz ərzaq məhsulları ilə etibarlı təminatı məsələsi üstün yer tutur. Qlobal və ümumbəşəri hədəfləri öyrənən və yönləndirən qurumlar müasir dövrdə ərzaq təhlükəsizliyinin təmin edilməsini hər bir dövlətin strateji xarakter daşıyan vəzifələrindən biri kimi müəyyən etmişdir. Ərzaq təhlükəsizliyi hər bir ölkənin siyasi və iqtisadi təhlükəsizliyinin ən mühüm tərkib hissələrindən olub onun strateji maraqlarının qorunmasında böyük əhəmiyyət daşıyır.
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı təşkilatı bu sahədə ayrı-ayrı ölkələrlə milli, regional və ümumdünya layihələri həyata keçirir. Dövlət müstəqilliyi illərində Azərbaycanın da fəal qoşulduğu bu layihələr kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, potensialın artırılması, resursların idarə edilməsi, heyvan və bitki xəstəliklərinə qarşı mübarizə, təchizat və digər müvafiq sahələrdə texniki yardımları nəzərdə tutur.
Dövlət müstəqilliyinin ilk 2 ilində ölkəmizdə səriştəsizlik və hərc-mərclik nəticəsində ərzaq məhsulları yetişdirən və emal edən təsərrüfatlar dağılıb getmiş, sahənin zavod və fabrikləri bağlanmışdı. Nəticədə, Azərbaycan kənd təsərrüfatı məhsulları ixrac edən ölkədən həmin malları idxal edən dövlətə çevrilmişdi. Respublikada iqtisadi bazanın olmasına baxmayaraq, naşı rəhbərlərin apardığı dağıdıcı siyasət nəticəsində bütün sahələrdə olduğu kimi, aqrar bölmədə də tənəzzül sürətlə getmişdi. Nəticədə, ötən əsrin 90-cı illərinin əvvəllərində respublikada kənd təsərrüfatı məhsullarının istehsalı bir çox əsas ərzaq məhsulları üzrə hətta 2–3 dəfə aşağı düşmüşdü.
Yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu istiqamətlərdə ciddi addımlar atılmış və tədricən aqrar sahə dirçəlməyə başlamışdır. Müstəqil dövlətin lideri olaraq onun həyata keçirdiyi kənd təsərrüfatının strateji inkişaf konsepsiyası ölkənin ərzaq təhlükəsizliyini təmin etməklə yanaşı iqtisadi inkişafın sürətlənməsinə də böyük töhfə vermişdir. 1994-cü ildə kənd təsərrüfatı problemlərinin həllinə həsr olunmuş müşavirədə Prezident Heydər Əliyev yaranmış vəziyyəti və qarşıda duran vəzifələri belə ifadə etmişdir: “Bildiyiniz kimi, respublikamız ağır iqtisadi-sosial böhran içərisindədir. Bu böhran təəssüf ki, ilbəil dərinləşir, ölkənin həyatına mənfi təsiri güclənir, ümumiyyətlə, respublikanın bu günü və gələcəyi üçün çox böyük çətinliklər yaradır. Ancaq xalqımız bilməlidir ki, Azərbaycanın daxili imkanları çox böyükdür, böhran vəziyyətindən çıxmaq üçün yollar var. Biz bu imkanların hamısını işə salmalı, onlardan səmərəli istifadə etməli və respublikamızı bu ağır vəziyyətdən çıxartmalıyıq”.
Qısa müddətdə hazırlanmış iqtisadi inkişafın strategiyası əsasında 1994-cü ildən başlayaraq dövlət aqrar sektorun fundamental inkişafı üçün stimullaşdırıcı tədbirlər görməyə başlamışdır. Özəlləşdirilmə prosesi həyata keçirilmiş, torpaqların kəndlilərə paylanmasına başlanmış, azad sahibkarlığın inkişafına dəstək verilmiş və s. İqtisadiyyat, xüsusilə də aqrar sektor “kollaps”dan qısa müddətdə və məharətlə çıxarılmışdır. Buna baxmayaraq, 2000-ci ilədək ölkə iqtsadiyyatında, xüsusən də aqrar sektorda çoxsaylı həll edilməmiş problemlər qalırdı.
Prezident Heydər Əliyevin 22 mart 1999-cu il tarixli fərmanı ilə Nazirlər Kabineti kənd təsərrüfatı məhsulu istehsalçılarına dövlət büdcəsi hesabına güzəştli pərakəndə satış qiyməti ilə neft məhsullarının satılması barədə qərar qəbul etmişdir. Milli Məclis isə həmin fərmana əsasən kənd təsərrüfatı məhsulları istehsalçılarının torpaq vergisi istisna olunmaqla digər vergilərdən azad edilməsi barədə qanun qəbul etmişdir.
Heydər Əliyevin 10 il ərazində həyata keçirdiyi aqrar islahatlar öz nəticəsini vermişdir. 90-cı illərdə əsas kənd təsərrüfatı məhsullarını xaricdən idxal edən Azərbaycan növbəti onillikdə artıq xaricə məhsul ixrac etmişdir. Beləliklə, 1993–2003-cü illərdə aparılan aqrar islahatlar nəticəsində böyük işlər görülmüş və hazırkı dinamik inkişafın əsası qoyulmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin hakimiyyətə gəlməsindən sonra bu iqtisadi siyasət uğurla davam etdirilmişdir.
2001-ci ildə ulu öndərin rəhbərliyi ilə qəbul edilmiş, cari və uzunmüddətli dövrü əhatə edən “Azərbaycan Respublikasının Ərzaq Təhlükəsizliyi Proqramı”nda bildirilir: “Ərzaq təhlükəsizliyi insan ləyaqətinin başlıca amili olmaqla, əsas insan hüquqlarından biridir. Ona görə də bu hüququn təmin edilməsi Azərbaycan Respublikası Hökumətinin mühüm vəzifələrindən sayılır. Ərzaq təhlükəsizliyi hər bir insanın sağlam və məhsuldar həyat tərzi üçün ərzaqla kifayət qədər təmin edilməsi deməkdir. Bu problemin həlli ilk növbədə yoxsulluğun azaldılması, ərzaq təminatının və ərzaq məhsullarından istifadənin səmərəsinin artırılması ilə bağlıdır”.
Azərbaycan Hökumətinin ərzaq təhlükəsizliyi sahəsində öhdəlik və məqsədlərini əhatə edən həmin proqramın hədəfi yerli kənd təsərrüfatı məhsulları istehsalının artırılması və ərzaq məhsullarının qiymətlərinin məqbul səviyyədə saxlanmasına yönəldilmiş tədbirlərin həyata keçirilməsi, kəskin ərzaq qıtlığı hallarına yol verilməməsi sisteminin yaradılmasıdır. Ölkə Prezidentinin 25 avqust 2008-ci il tarixli sərəncamı ilə təsdiqlənmiş “2008–2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” da uğurla icra olunmuşdur. Ötən illərdə Prezident İlham Əliyevin ciddi nəzarəti ilə ərzaq təhlükəsizliyi proqramının əsas müddəaları uğurla gerçəkləşdirilmiş, ölkənin ərzaq təhlükəsizliyinin mötəbər əsasları yaradılmışdır.
Genişmiqyaslı investisiya proqramları, regionların və aqrar sektorun inkişafı ilə bağlı dövlət proqramları bu inkişafın sürətini xeyli artımışdır. Hər il aqrar sektora böyük həcmdə investisiya yatırılmış, bu sahədə çalışan fermerlərə və təsərrüfatlara yüz milyonlarla manat məbləğində dotasiyalar, həmçinin güzəştli, uzunmüddətli kreditlər verilmişdir. Məhsul istehsalçılarına müxtəlif güzəştlər də verilmiş, onlar bütün vergilərdən azad edilmişlər.
Nəticələr sevindiricidir. Azərbaycan hazırda daxili istehsal hesabına özünü tərəvəzlə ət və ət məhsulları, quş əti və yumurta, kartof, üzüm və bostan məhsulları 90–100 faiz, bitki yağları, kərə yağı, meyvə və giləmeyvə, süd və süd məhsulları, taxılla, duzla isə 70–90 faiz təmin edir. Respublikamız 90-dək ölkəyə 40-dək adda bitkiçilik mənşəli ərzaq və qida məhsulları ixrac edir. Bu məhsullar xarici bazarda keyfiyyət və qiymətinə görə çox böyük rəqabət qabiliyyətinə malikdir.
Lakin ölkəmiz hələ də bir sıra ərzaq məhsullarını xaricdən idxal edir. Bu, əlbəttə, ərzaq təhlükəsizliyi cəhətdən ciddi problemdir. Nəticədə, valyuta bazarında baş verənlərlə bağlı həmin idxal məhsullarının qiymətləri də artır. Aydındır ki, idxal olunan məhsullar sahəsində ölkə daxilində ərzaq istehsalını genişləndirmək lazımdır, xüsusilə də texniki bitkilərdən daha çox ərzaq məhsulları əkinlərini. Lakin bu sahədə yeganə problem bu deyil.
Bəzi qlobal işbaz qüvvələr transmilli şirkətlərin əli ilə GMO məhsulların, toxumların geniş miqyasda yayılmasına çalışırlar. Bu prosesdə yerli təbii toxumlar sıradan çıxır, yerinə reproduksiya verməyən toxumlar keçir. Bu halda əkinçilər əkdikləri məhsuldan toxum əldə edə bilmir, həmin toxum satıcılarından asıl olurlar. GMO məhsullar əhalinin sağlamlığı cəhətdən xeyli ciddi təhlükə olsa da, bundan da böyük təhlükə ölkələrin ərzaq təhlükəsizliyinə son dərəcə ciddi təhdid yaratmasıdır. Yəni, ərzaq istehsalı hansısa qlobal qüvvənin əlində olur və istədikləri ölkəni çökdürmək üçün rıçaqlar əldə edirlər.
Bu proseslərin qarşısını almaq üçün, ilk növbədə, ölkə Prezidentinin sərəncamları ilə yaradılmış toxumçuluq təsərrüfatları genişləndirilir, yerli toxumlar çoxaldılır və GMO toxumlara qarşı mübarizə gücləndirilir. Azərbaycanda GMO məhsulların əkilməsi, istehsalı və idxalı çoxsaylı qanunlarla qadağan edilimişdir. Dövlət ərzaq istehsalını planlaşdırır və tənzimləyir. Ölkədə idxalı yüksək olan kənd təsərrüfatı məhsullarının becərilməsi üçün stimullaşdırıcı addımlar artırılır. Ərzaq buğdası əkinləri genişləndirilir. Bu sahədə işğaldan azad edilmiş ərazilərin imkanları hərəkətə gətirilir.
Bugünlərdə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə keçirilmiş ölkədə ərzaq təhlükəsizliyi, qiymət artımı və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə bildirilmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2021-ci ildə həyata keçirilən siyasət nəticəsində ölkəmizdə sosial–iqtisadi inkişaf meyilləri davam etdirilmiş, pandemiyanın milli iqtisadiyyata, eləcə də ərzaq malları istehsalı və təchizatı sferalarına mənfi təsirləri minimuma endirilmişdir.
Baş nazir Əli Əsədov qeyd etmişdir ki, bu uğurlarla yanaşı, bütövlükdə, qlobal istiləşmə və quraqlıq, dəyər zəncirinin qırılması və tələb-təklif arasında balansın pozulması, habelə daşınma-logistika xərclərinin artması və enerji daşıyıcılarının sürətlə bahalaşması qlobal bahalaşmaya səbəb olmuşdur. Bu prosesin ölkəmizə təsirini minimuma endirmək üçün zəruri tədbirlər həyata keçirilməkdədir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, 2021-ci ildə dünyada ərzaq qiymətləri son 10 ilin ən yüksək səviyyəsinə çatmışdır.
Hazırda ölkənin kənd təsərrüfatı və ərzaq idxalı 2,1 milyard dollar olmaqla ümumi idxalın 18 faizini təşkil edir. 2021-ci ildə inflyasiyanın xarici amilləri əhəmiyyətli dərəcədə aktivləşmiş və Azərbaycanda xarici mənşəli ərzaq inflyasiyasının təsiri artmışdır. Dünya bazarlarında taxılın qiymətində 2021-ci ilin dekabr ayında son iki ilə nəzərən 45 faizdən çox artım baş vermişdir. Belə ki, 2021-ci ilin yanvarından başlayaraq idxal buğdasının bir tonu üçün qiymət 253 dollardan dekabr ayında 340 dollara qədər artmışdır.
Ötən il ərzaqlıq buğdanın dünya üzrə kəskin bahalaşmasının Azərbaycana təsirinin azaldılması məqsədilə hökumət tərəfindən həyata keçirilən tədbirlər barədə danışan baş nazir daxili bazarda satılan un və un məmulatlarının hər tonu üçün subsidiya məbləğinin artırıldığını, buğdanın idxalı və satışının, buğda ununun və çörəyin istehsalı və satışının ƏDV-dən azad edilməsinin 2024-cü ilədək uzadıldığını, iri taxıl idxalatçılarına Mərkəzi Bankın vəsaitləri hesabına çox aşağı faizli kreditlərin ayrıldığını bildirmişdir.
Müşavirədə vurğulanmışdır ki, təbii olaraq, bütün görülmüş kompleks tədbirlərə baxmayaraq, buğda və unun qiymətlərinin real qiymətlərdən uzunmüddətli dövrdə belə aşağı səviyyədə saxlanılması çətin olmuş və nəticədə unun və çörəyin qiyməti artmışdır. Lakin bazar prinsiplərinə uyğun un və çörəyin hazırkı qiymət səviyyəsindən kənar süni qiymət artımı ilə əlaqədar ölkəmizdə bütün qabaqlayıcı tədbirlər görülmüşdür.
Bununla əlaqədar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən nəzarət tədbirləri daha da gücləndirilmişdir, respublikanın 68 şəhər və rayonu üzrə unun satışı, çörəyin çəki və qiymətinə gündəlik ciddi monitorinqlərin aparılır. Qlobal ərzaq bazarlarında əsas məhsullar üzrə qiymətlərdə müşahidə edilən bahalaşmanı nəzərə alaraq ölkənin ərzaq təminatı və ərzaq təhlükəsizliyi məsələlərinə, idxaldan asılılıq səviyyəsinin azaldılmasına xüsusi diqqət yetirilir.
İşğaldan azad edilmiş ərazilərin kənd təsərrüfatı potensialının ölkəmizin iqtisadi inkişafı üçün mühüm əhəmiyyət daşıdığı nəzərə alınmaqla dövlət başçısının tapşırığına uyğun olaraq, həmin torpaqların, təxminən, 100 min hektarında əkin işlərinin aparılması ərzaq təhlükəsizliyini, həm də kənd təsərrüfatı emalı üzrə fəaliyyət sahələrinin yaradılması bu sektorda artımı dəstəkləyəcək.
Hökumət müşavirəsində bildirilmişdir ki, kənd təsərrüfatı sahəsində əsas prioritet keyfiyyət dəyişikliyinə nail olunması, məhsuldarlıq və səmərəliliyin artırılması olmalıdır. Taxıl-buğda istehsalında məhsuldarlığın, onun tədarükündə daxili tələbata yönələn hissənin keyfiyyətinin artırılması, nəticəyönümlü subsidiyaların verilməsi istiqamətində tədbirlər görülməlidir.
Bütün bunlarla yanaşı, haqsız rəqabət, bazar sövdələşməsi, qiymətlərin süni artırılması hallarında dövlət qurumları inzibati rıçaqlardan istifadə etməklə möhtəkirlik hallarının qarşısını qətiyyətlə almalı, istehlak bazarına antiinhisar nəzarəti gücləndirilməlidir. Yalnız çevik və kompleks antiinflyasiya proqramı qısamüddətli dövrdə inflyasiyanın amillərini nəzarətdə saxlamağa imkan verə bilər. Geniş müzakirələrdən sonra aidiyyəti dövlət qurumlarına qısa müddət ərzində “Antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında” Tədbirlər Planı barədə təkliflərini Hökumətə təqdim etmələri tapşırılmışdır.
Göründüyü kimi, Azərbaycan qloballaşan dünyanın bir hissəsidir. Müasir dövrdə tədric olunmuş halda və ya fərdi qaydada ölkənin ərzaq təhlükəsizliyini təmin etmək qeyri-mümkündür. Azərbaycan açıq və sərbəst iqtisadi sistemə, qloballaşan istehsal münasibətlərinə malik bir dövlətdir. Dünyada baş verən iqtisadi proseslər təbii ki, Azərbaycandan yan ötmür və öz təsirini göstərməkdədir. Ümumdünya ərzaq bazarının konyukturasında baş verən proseslər milli istehsalların strukturunun və bazar konyukturasının formalaşmasında mühüm rol oynayır.
Hazırda dünya əhalisinin sayı 7 milyarda çatmaqdadır və 2050-ci ildə onların sayı 9,2 milyard nəfərə çatacaqdır. Təbii ki, əhalinin artım tempi özlüyündə ərzağa tələbatın artım tempini müəyyən edir, digər tərəfdən isə bu tələbat ilbəil keyfiyyətcə təkmilləşir, dəyişir və yeniləşir. Belə bir şəraitdə istehsalın artım dinamikasının tələbatın yüksəlməsi ilə harmonizasiyası, tələblə təklifin sinxronlaşdırılması müasir dünyanın ən aktual problemlərindən biri olaraq qalır. Bu səbəbdən də ərzaq malları istehsalında məhsuldarlığın artırılması, onların qorunub saxlanması və qida məhsullarından səmərəli istifadə məsələləri yeni baxış, ən müasir tələbkarlıq tələb edir.
Çağdaş dünyanın qlobal çağırışları sırasında ərzaq təhlükəsizliyinin təmin edilməsi daha yüksəkdən səslənir və təxirəsalınmaz tədbirləri zəruriləşdirir. Azərbaycan dövləti bu prosesləri bir çox cəthətdən qabaqlamaqla ölkənin ərzaq təhlükəsizliyini davamlı olaraq tarazlaşdırır.
Tahir AYDINOĞLU,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə