Ən son xəbərlər
Bu gün Ermənistanda geniş əhali kütləsi səfalət içində yaşayır, gündəlik ərzaq almağa belə pul tapmaqda çətinlik çəkir. Məhz bunun nəticəsidir ki, işğalçı ölkə əhalisinin böyük əksəriyyət
Ermənistanda hökm sürən xaos, özbaşınalıq halları cinayətkarlığın geniş yayılmasına gətirib çıxarıb. Ermənistan polis idarəsi rəisinin birinci müavini Aram Hovannisyanın bildirdiyinə görə, ötən il ölkədə qeydə alınan cinayətlərin ümumi sayı 14,3 faiz və ya 3 777 fakt (2021-ci ildə 30 245, 2020-ci ildə 26 468 fakt) artıb. Bu, əsasən, cinsi zorakılıq, quldurluq, oğurluq və dələduzluq hallarının, o cümlədən narkotiklərlə əlaqəli cinayətlərin geni miqyas almasında özünü göstərib.
Bununla yanaşı, Ermənistanda iqtisadi strategiyanın olmaması, həmçinin koronavirus pandemiyasının yaratdığı acınacaqlı şərait sosial-iqtisadi böhranın daha da dərinləşdirilməsini şərtləndirib. Belə vəziyyət həm də respublikanın dövlət borcunun sürətlə artmasına səbəb olub. Qeyd edək ki, 2021-ci ildə Ermənistanın dövlət borcu daxili borcun artımı hesabına genişlənib, xüsusən də xarici borc 585,5 milyon ABŞ dolları və ya 10,4 faiz, daxili borc isə 674 milyon dollar və ya 35,3 faiz yüksəlib.
Hazırda dövlət borcunun uzun müddət səmərəsiz idarə edilməsi nəticəsində Ermənistanın adambaşına düşən borcu 3 112 ABŞ dollarına çatıb, təkcə 2021-ci ildə adambaşına düşən dövlət borcu isə 420,4 ABŞ dolları artıb.
Ölkə iqtisadiyyatında və sosial həyatda yaranan çətin vəziyyət getdikcə ağırlaşır. Erməni ekspertlər tərəfindən bu gedişlə ölkənin daha böyük fəlakətlərlə üzləşəcəyi bildirilir. Yaşanan iqtisadi böhran şəraitində gündəlik istehlak, xüsusən də ərzaq məhsullarının qiymətlərində artım mövcud durumu daha da pisləşdirir. Keçmiş maliyyə naziri Vardan Aramyan isə ölkə iqtisadiyyatının xilasına ümid olduğunu, amma hökumətin populist addımlarının buna imkan yaratmadığını qeyd edir.
Dövlət maliyyəsinin idarə edilməsi üzrə beynəlxalq müşavir Vardan Aramyan 2021-ci ilin iqtisadi göstəricilərini və 2022-ci il üçün proqnozlarını təhlil edərkən bildirib ki, cari ildə Ermənistan həm sosial, həm də siyasi baxımdan ciddi problemlərlə üzləşəcək: “2020-ci böhran ilindən sonra gələn 2021-ci ilin inkişaf etmiş ölkələr üçün də çətin olduğunu kimsə inkar etmir. Lakin Ermənistanda iqtisadi tənəzzülün həm Avropa İttifaqı, həm də region ölkələri arasında davamlı olaraq dərinə işlədiyi daha çox diqqət çəkir”.
V.Aramyan fikrinin davamında xatırladıb ki, Ermənistan hökuməti xalqın rəğbətini qazanmaq üçün populist addımlar ataraq ölkənin iqtisadi vəziyyətini daha da ağırlaşdırır: “Söhbət 2022-ci il yanvarın 1-dən artan pensiya və müavinətlərdən gedir. Mən burada ciddi risklər görürəm. Bu öhdəliyi götürəndə ixtisar, demək olar ki, mümkün deyildi. Siz sadəcə olaraq babalarınıza, nənələrinizə deyə bilməzsiniz ki, mən yanılmışam, iqtisadi vəziyyətin pensiyalarınızı artırmağa imkan vermədiyini qabaqcadan görməmişəm. Mən çox yaxşı başa düşürəm ki, bu, inflyasiyanın fonunda xalqa qarşı edilir. Yalnız bu gün ölkədə ərzaq məhsullarının bahalaşması 20 faizə çatıb və bu, istər-istəməz sosial partlayışa gətirib çıxaracaq. Ancaq düzgün addımlar atılmalıdır. İqtisadiyyatın sütunlarını qurmadan sosial məsələlərin həllinə getmək qətiyyən yanlışdır, çünki bu il məsələni həll edəcəksiniz, gələn il isə daha böyük problem yaradacaqsınız”.
Ekspertlər tərəfindən Ermənistan iqtisadiyyatının belə dərin tənəzzül yaşaması düzgün strategiyanın olmaması ilə əlaqələndirilir, populist addımlardan, səmərəsiz xərcləmələrdən əl çəkməyin zəruriliyi diqqətə çatdırılır: “Ermənistan bu gün əsasən ekzogen hadisələr hesabına yaşayır. Bu, transfertlərin axını və misin dünya bazarındakı qiymətlərində yüksək artımın baş verməsi hesabına olur. Hazırda az-çox iqtisadi fəallığın nəzərə çarpması, bəzi yüksək göstəricilərin müşahidə olunması məhz həmin amillər sayəsində reallaşır.
Ermənistanda xarici investisiya qoyuluşu da demək olar ki, dayanıb. Yalnız dağ-mədən sektorunda bir neçə qeyri-rezident sərmayədar qalıb ki, onlar tərəfindən il ərzində dividend şəklində əldə olunan mənfəət ölkədən çıxarılır. Statistika bunu gəlirin xaricə axını kimi qeyd edir. İqtisadiyyata yönləndirilən ümumi investisiyalara gəlincə, 2021-ci ilin 9 ayının məlumatına görə, özəl sərmayələrin artımı da 0,3 faiz həddindədir.
Qeyd edək ki, hökumətin qərarı ilə bu il yanvarın 1-dən minimum pensiya və müavinətlər 2 min – 3 min dram artırılıb. Bunun müqabilində isə istehlak qiymətləri və ərzaq məhsullarının qiymətləri 20 faizdən çox artıb.
Yeri gəlmişkən, xatırladaq ki, Ermənistan Statistika Komitəsinin əməkadaşı Lusine Markosyan “Past” nəşrinə əhalinin 0,7 faizinin bütün gəlirlərini yalnız ərzaq almağa yönəltdiyini bildirib: “Ölkədə yemək üçün pulu olmayan əhalinin əsas hissəsi kəndlərdə yaşayır ki, bu da bir neçə amillə izah olunur: ya insanlar torpağı becərməyiblər, ya da ilin məhsulu pis olub. Belə vəziyyət hər il təkrar olunursa, deməli, bu, hökumətin ölkədə apardığı uğursuz aqrar siyasətin göstəricisi kimi qəbul edilməlidir”.
Qafqaz Araşdırmaları Resurs Mərkəzinin məlumatına görə, ötən ilin avqustunda keçirilən sorğuda respondentlərin 51 faizi son bir ildə ərzaq almaq üçün pul çatışmazlığından qorxduğunu, 10 faizinin isə bütün günü ac qalmalı olduğunu vurğulayıb.
İqtisadçı ekspert Suren Parsyan qeyd edir ki, 2019-cu ildən Ermənistanda kasıblıq səviyyəsi artır və bu tendensiya davam edir: “2022-ci ildə də qiymətlərin kəskin artması buna daha ciddi təsir göstərəcək. Erməni milli valyutası olan dramın devalvasiyası ölkədə həm qiymətlərin artımına, həm aclığa, həm də kasıbçılıq səviyyəsinin artmasına təkan verəcək. Erməni valyutasının bundan sonra da ucuzlaşması prosesi davam edəcək”.
Ekspert, həmçinin işğal olunmuş əraziləri itirdiklərinə görə, Ermənistan iqtisadiyyatında ciddi problemlər yarandığını və qarşıda ölkəsini heç də yaxşı olmayan günlər gözlədiyini bildirib.
Bütün bunlar isə işğalçı ölkədən baş gütürüb qaçanların sayının gündən-günə artmasını şərtləndirir. Başqa sözlə, Ermənistanda sosial-iqtisadi vəziyyətin davamlı olaraq ağırlaşması miqrasiyanı sürətləndirir. Hazırda bu respublikada immiqrantlarla emiqrantlar arasındakı fərq hər min nəfərə mənfi işarə ilə 5,6 səviyyəsindədir. Bu da Ermənistanda emiqrantların sayının immiqrantlardan hər min nəfər üçün 5,6 dəfə çox olduğundan xəbər verir.
Parlamentdəki Ermənistan fraksiyasının deputatı Andranik Tevanyan çıxışında indi ölkəsinin 2020-ci il noyabrın 9-da olduğundan qat-qat çətin vəziyyətə düşdüyünü deyib: “Əgər həmin vaxt insanlar şok keçirərək küçələrə axışırdırlarsa, indi onlar köç edirlər və dövlətdən uzaqlaşırlar”.
Deputatın sözlərinə görə, hazırda əsas vəzifə geniş ictimai–siyasi konsolidasiya (vahid ideya və maraqlar uğrunda mübarizə aparan qüvvələrin ümumi məqsəd naminə birləşməsi) yolu ilə hakimiyyətin dəyişdirilməsidir: “Bu, Ermənistanın xilası üçün əsas ilkin şərtdir”, – deyə deputat fikirlərini tamamlayıb.
Göründüyü kimi, Ermənistan tarixinin ən ağır və əzablı günlərini yaşayır. Hazırda ölkədə bütün sahələrdə ciddi və dərin xaos hökm sürür. Bütövlükdə, proseslərin gedişi onu göstərir ki, əgər Ermənistan Azərbaycanla sülh danışıqlarını uzadarsa, qarşıdakı dövr ərzində işğalçı ölkəni daha çətin günlər gözləyir.
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə