Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qisası qiyamətə qalmayan “Daşaltı əməliyyatı”

Uğursuzluqla nəticələnən “Daşaltı əməliyyatı”ndan 30 il ötür. Azərbaycan tarixinin çox da uzaq olmayan keçmişinə təsadüf edən bu faciəli hadisə – Şuşa şəhəri yaxınlığındakı Daşaltı kəndində 1992-ci ilin yanvar ayında aparılan uğursuz dö­yüş əməliyyatı zamanı Azərbaycan Ordusunun acı məğlubiyyəti, ağır itkilər verməsi bu gün də təəssüflə, ürək ağrısı ilə xatırlanır

“Daşaltı əməliyyatı” 1992-ci il yan­varın 25-də axşam saatlarında başlayıb və bir gün sonra – yanvarın 26-da uğur­suzluqla başa çatıb. Əməliyyata sabiq Müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev rəhbərlik edib. O, əməliyyat keçirilən zaman Şuşa şəhərində olub.

Sözügedən əməliyyat ərəfəsində Azərbaycan cəmi üç ay idi ki, müstəqillik qazanmışdı. SSRİ-nin süqutundan isə heç bir ay ötməmişdi. Ehtiyatda olan mayor Əmrah Cabbarlı deyir ki, həmin vaxt erməni quldurları tərəfindən bu ərazi tutulmuş və Şuşa üçün ciddi təhlükəyə çevrilmişdi.

Daxili çəkişmələr də bir tərəfdən vəziyyəti mürəkkəbləşdirmişdi. Siyasi mühitdəki dərəbəylik orduya da sirayət etmişdi. Bu əməliyyat o vaxt yeni təyin olunan Müdafiə naziri Tacəddin Mehdiyevə özünü təsdiqləmək üçün lazım idi. Rəhim Qazıyev isə özü nazir olmaq istəyirdi.

Birinci Qarabağ müharibəsinin iştirakçısı Niyazi Quliyev “Daşaltı əməliyyatı”nın daxili siyasi məqsədlər güddüyünü deyir: “Öz postlarını qorumaqdan ötrü Ordumuzu qırğına verdilər”.

Əməliyyatda Müdafiə Nazirliyinin yeni yaradılan təxminən 120 nəfərlik bi­rinci taboru və Şuşa müdafiə taborunun döyüşçüləri, eləcə də Müdafiə Nazir­liyinin Kəşfiyyat Xidmətinin rəis müa­vini Riad Əhmədovun rəhbər olduğu zabitlərdən ibarət 11 nəfərlik diversiya dəstəsi iştirak ediblər. Sonradan onlara Laçın alayı və polisindən də kömək gəlib. Hətta əməliyyata gedən qruplara bələdçilər də ayrılıb.

Hərbi ekspert Ədalət Verdiyev: “Keçmiş döyüşçülərin sözlərinə görə, əməliyyatdan bir neçə gün əvvəl artıq Şuşada hamı bu əməliyyatdan danı­şırmış. Deməli, əməliyyat ləğv edilməli idi, vaxtı və şərtlər dəyişdirilməli idi. Bu məlumatın haradan sızdığı araşdırılıb tapılmalı idi”.

Bu əməliyyatın uğursuzluğu o dövrdə Azərbaycan hərbçilərinin döyüş ruhuna və əhalinin ovqatına çox ciddi təsir göstərmişdi. Ağır məğlubiyyət həmin dövrdə Müdafiə Nazirliyinin daxilində də parçalanmaya gətirib çıxarmışdı, günahkar axtarışı nəticəsiz qalanda bütün suallar da o məşum əməliyyat gecəsində sanki daşa dön­müşdü.

“Daşaltı əməliyyatı”nda Azərbaycan Ordusu 90 nəfərdən artıq itki verib, onlarca hərbçimiz itkin düşüb. Erməni tərəf də bu döyüşdə bir neçə texnika və 80-ə yaxın canlı qüvvə itirib. Müdafiə Nazirliyinin Kəşfiyyat Bölüyünün rəis müavini olan polkovnik-leytenant Riad Əhmədov isə itkin düşüb.

Beləliklə, 30 il bundan əvvəl həyata keçirilən əməliyyat Azərbaycan tarixinə qanlı bir səhifə kimi yazılıb. Şuşa-Laçın yolunun təhlükəsizliyini təmin etmək məqsədi ilə həyata keçirildiyi söylənilən bu əməliyyat vurğulandığı kimi, xeyli sayda canlı qüvvənin itkisi ilə nəticələnib. Əməliyyat haqqında indiyə kimi saysız-hesabsız fikirlər səsləndirilib. Sabiq müdafiə naziri Tacəddin Mehdiyevin rəhbərlik etdi­yi əməliyyat zamanı hava şəraitinin sərtliyi, hərbi əlaqənin düzgün təşkil edilməməsi, döyüş sirrinin yayılması və bələdçilərin xəyanəti uğursuzluğun əsas səbəbləri kimi qeyd edilib.

Hərbi ekspertlərin fikrincə, Daşaltı döyüşünün ağır itkilərlə, uğursuzluqla nəticələnməsinin əsas səbəblərindən biri əməliyyatın qeyri-peşəkar ha­zırlanması idi. Məsələn, əməliyyat zamanı kəşfiyyat məlumatlarına xüsusi əhəmiyyət verilməliydi. Azərbaycan Ordusu kənddə yerləşmiş ermənilərin qüvvələri və ermənilərin pusquları­nın yerləşdiyi koordinatlar haqqında konkret məlumatlara malik olmalı idi. Yoxsa, hərbçilərimizin çoxu birbaşa erməni postunun üstünə gedib pusquya düşərək həlak olmazdı.

Digər tərəfdən, döyüşlərin aparıldığı zaman Şuşa şəhəri hələ işğal olunma­mışdı. Bu baxımdan əslində, kənddə əməliyyat keçirmək asanlıqla başa gəlməli idi. Çünki Şuşadan bu kənd ovuc içi kimi görünürdü. Belə mövqe isə döyüşü uğurla və itkisiz başa çatdırma­ğa imkan verirdi. Lakin bütün bunlara baxmayaraq, ağır, dəhşətli məğlubiyyət yaşandı...

Daşaltı döyüşünün acı məğlubiyyətlə başa çatmasından sonra Azərbaycan Ordusu uzun müddət fak­tiki olaraq hücum əməliyyatları həyata keçirmədi və bununla da erməni qoşun­ları müharibədə təşəbbüsü ələ aldı...

2020-ci ilin sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları nəticəsində Ermənistanın uzun illər işğal altında saxladığı torpaq­lar azad olundu. Qırx dörd gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu düşməni Qarabağdan qov­du. Azərbaycan əsgərinin sərrast atəşi nəticəsində hər gün xeyli sayda canlı qüvvə və texnika itkisi ilə üzləşən erməni silahlı qüvvələri çıxış yolunu geri çəkilməkdə gördü.

Hərbi ekspert, polkovnik Şair Ra­maldanov deyir ki, Vətən müharibəsi zamanı Daşaltının azad edilməsi Laçın­dan Şuşaya gedən yolun nəzarət altına alınmasına səbəb oldu, düşmənin ehti­yat qüvvə və təchizat gətirə bilməsinin qarşısını aldı.

Polkovnikin sözlərinə görə, Şu­şanın azad edilməsi üçün xüsusi təyinatlılarımızın ətrafdan atəşə məruz qalmamasından ötrü kənar ərazilərin də əvvəlcədən işğaldan azad edilməsi vacib idi. Buna görə Şuşa noyabrın 8-də azad edilsə də, onun ətrafında döyüşlər bir neçə gün əvvəldən apa­rılırdı. Şuşanın azad edilməsi üçün on gündən də çox zaman Şuşa ətrafının, vacib yüksəkliklərin, oraya gedən yolların azad edilməsinə sərf edildi. “Daşaltı əməliyyatı” da bunlardan biri idi. Ekspert bu fikirdədir ki, Daşaltı və digər əməliyyatlar aparılmasaydı, xüsusi təyinatlılarımız Şuşaya gedərkən müəyyən problemlərlə qarşılaşa bilərdilər. Ətraf ərazilər işğaldan azad edildiyi üçün xüsusi təyinatlılarımız Şuşa əməliyyatını yüngül silahlarla azad edə bildilər.

Ş.Ramaldanovun bildirdiyinə görə, Vətən müharibəsinin iştirakçıları Birinci Qarabağ müharibəsinin iştirakçılarının övladlarıdırlar. Həmin ataların övladları “Daşaltı əməliyyatı”nın uğursuzluğu­nu uğura çevirdilər və o ərazini azad edərək Şuşanın düşmən qüvvələrindən təmizlənməsinə şərait yaratdılar: “Birinci Qarabağ müharibəsi dövründə ordu­nun formalaşmaması, hərbçi kadrların sayının azlığı, hazırlıq səviyyəsinin çox aşağı səviyyədə olması, özünümüdafiə batalyonlarının hərbi xidmətə könül­lü gələn şəxslərdən ibarət olması, komandir heyətinin əməliyyatları idarəetmə bacarığının zəif olması, əməliyyatları həyata keçirənlərin ərazini yetəri qədər tanımadıqları üçün bələdçilərdən istifadə etməsi – bü­tün bu amillər “Daşaltı əməliyyatı”nın uğurla sonlanmasına imkan vermirdi. Azərbaycan tərəfindən fərqli olaraq, düşmən müdafiəni düzgün, möhkəm qurmuşdu. Ərazinin relyefinin olduq­ca mürəkkəb olması da əməliyyatın uğursuz başa çatmasında müəyyən qədər rol oynayırdı. Vətən müharibəsi ilə müqayisə etsək, deyə bilərik ki, o dövrdə silah və texnika ilə təchizat, nizam-intizam, komandir heyəti zəif olsa belə, vətənpərvərlik ruhu yüksək idi. O dövrdə də əsgərlərimiz Vətən üçün canlarından keçməyə hazır idilər. O zamankı cavanlarla indiki gəncləri birləşdirən əsas keyfiyyət də məhz bu - vətənpərvərlik ruhunun yüksək olması idi. Amma ərazinin düşməndən azad edilməsi üçün lazım olan digər amillər – əməliyyatın hərbi taktiki baxımdan uğurla aparılması, döyüş hazırlığı və s. yetərli deyildi. Ona görə də o əməliyyat uğursuzluq və itkilərlə nəticələndi. Vətən müharibəsinin iştirakçıları isə “Daşaltı əməliyyatı”nın uğursuzluğunu uğura çevirdilər”.

Beləliklə, illər əvvəl Daşaltının tutulması Şuşanın işğalına gətirib çıxartsa da, 29 ildən sonra qəhrəman əsgərlərimiz bu kəndi almaqla Şuşaya yol açdı. Azərbaycan hərb tarixinin ən parlaq qələbələrindən olan bu hadisə ilə müzəffər Ordumuz 2020-ci ilin noyabrın 9-da 1991-ci ildən etibarən erməni silahlı dəstələrinin nəzarəti altında olan Daşaltı kəndini işğaldan azad etdi. Bununla da 28 ildən sonra “Daşaltı əməliyyatı”nın qisası alındı, şəhidlərimizin qanı yerdə qalmadı.

Prezident İlham Əliyev 2021-ci il martın 16-da Daşaltı kəndində olub. Dövlət başçısı bildirib ki, məhz bizim müzəffər ordumuz Daşaltı kəndindən qalxaraq, sıldırım qayaları qət edərək Şuşaya daxil olub. Dövlətimizin başçısı elə həmin gün kəndin bərpası ilə bağlı tapşırıqlarını verib. Yeri gəlmişkən, 2021-ci ilin noyabrın 7-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən Daşaltı kəndində məscidin təməli qoyulub.

V.BAYRAMOV,

 “Xalq qəzeti”

26 Yanvar 2022 04:41 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə