Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

Yanvarın 25-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin parlamentin yaz sessiyasında ilk iclası keçirilib.

Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Xalq qəzeti"nə verilən məlumata görə, iclası açan komitənin sədr müavini Qüdrət Həsənquliyev gündəliyə beş məsələnin daxil edildiyini deyib.

Qüdrət Həsənquliyev Milli Məclisin 2021-cı ilin payız sessiyası dövründə komitədə görülən işlər barədə hesabatı diqqətə çatdırıb. Məlumat verib ki, hesabat dövründə komitənin 25 iclası keçirilib, 87 məsələyə baxılıb. 26 qanun layihəsi üç oxunuşda, 5 qanun layihəsi bir oxunuşda müzakirə edilib, Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsi qəbul olunub, hakimlərin təyin edilməsi məsələsinə baxılıb. 2021-ci ilin payız sessiyası dövründə vətəndaşlardan, idarə və təşkilatlardan, həmçinin elektron poçt vasitəsilə daxil olmuş müxtəlif məzmunlu 231 müraciət aidiyyəti üzrə göndərilib. Vətəndaşların şifahi müraciətləri də diqqətdə saxlanıb və müvafiq tədbirlər görülüb. Sessiya ərzində pandemiya qaydalarına uyğun olaraq vətəndaşların qəbulu onlayn formatda və telefon vasitəsilə həyata keçirilib. Komitə üzvləri 44 günlük Vətən müharibəsi zamanı şəhid olmuş övladlarımızın anım mərasimlərində iştirak ediblər, şəhid ailələri və qazilərlə görüşlər keçiriblər.

Sonra Qüdrət Həsənquliyev komitənin 2022-ci ilin yaz sessiyası üçün iş planının layihəsi barədə məlumat verib. Bildirib ki, yaz sessiyasında komitədə Azərbaycan Respublikası Prezidentinin, Milli Məclisin deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorluğun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim edəcəkləri qanun layihələrinə baxılacaq. Bundan başqa, komitəyə daxil olan qanun layihələrinin komitənin iclasına çıxarılması, müzakirəsi, müvafiq orqanlardan və vətəndaşlardan daxil olan təkliflərin təhlili və ümumiləşdirilməsi həyata keçiriləcək.

Sonra komitənin 2021-ci ilin payız sessiyasındakı fəaliyyəti qənaətbəxş hesab olunub, 2022-ci ilin yaz sessiyası üçün iş planı təsdiqlənib.

Qüdrət Həsənquliyev bildirib ki, gündəliyin növbəti iki məsələsi - “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) və İnzibati Xətalar Məcəlləsində dəyişiklik (birinci oxunuş) edilməsi barədə qanun layihələridir.

Sənəd barədə məlumat verən Bakı Nəqliyyat Agentliyinin Hüquq şöbəsinin müdir müavini Daşqın İbadov diqqətə çatdırıb ki, “Bakı şəhərində nəqliyyat vasitələri sahiblərinin dayanma, durma va parklanma qaydalarına riayət etməsinin təmin olunması və yol hərəkətinin təşkili sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlar haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyul tarixli 181 nömrəli Fərmanının icrası ilə əlaqədar nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması məqsədilə “Yol hərəkəti haqqında” Qanunda və İnzibati Xətalar Məcəlləsində dayanma, durma, parklanma, o cümlədən ödənişli parklanma ilə tənzimləmənin təkmilləşdirilməsi və bu sahədə olan bəzi cərimələrin artırılması təklif olunur. Layihə hazırlanarkən bu sahədə beynəlxalq təcrübə nəzərə alınıb.

Müzakirələr zamanı çıxış edən komitə sədrinin müavini Qüdrət Həsənquliyev və komitə üzvləri Fəzail Ağamalı, Tahir Kərimli, Azay Quliyev, Elşən Musayev, Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev çıxış edərək layihə barədə fikirlərini bildiriblər.

Müzakirələrdən sonra hər iki qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

İclasda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında digər bir qanun layihəsinə birinci oxunuşda baxılıb.

Komitə sədrinin müavini Qüdrət Həsənquliyev bildirib ki, təklif olunan dəyişiklik dəm qazından zəhərlənmələrin və qaz partlayışı hadisələrinin profilaktikası və qarşısının alınması məqsədilə İnzibati Xətalar Məcəlləsinin 279-cu maddəsində təkmilləşdirmə aparılaraq həmin maddəyə 279.0.1.1-ci bəndin əlavə edilməsini özündə ehtiva edir.

Dəyişiklik birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.

Onlayn iclasda komitənin üzvləri Nizami Səfərov, Madər Musayev, Əminə Ağazadə, Bəhruz Məhərrəmov, Tahir Kərimli, Nurlan Həsənov, Kamal Cəfərov, Sabir Hacıyev, Vüqar İsgəndərov, Cəbi Quliyev, Milli Məclis Aparatının və digər müvafiq qurumların əməkdaşları iştirak ediblər.

25 Yanvar 2022 16:54 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə