Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AMEA-nın Beynəlxalq elmi əməkdaşlıq şöbəsi hesabat verib

AMEA-nın Rəyasət Heyəti aparatında Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin 2021-ci ildəki fəaliyyətinə həsr olunmuş hesabat iclası keçirilib.

Bu barədə AMEA-dan məlumat verilib.

Bildirilib ki, tədbirdə AMEA-nın Rəyasət Heyəti aparatının rəhbəri filologiya üzrə fəlsəfə doktoru, dosent Seyfəl Həsənov beynəlxalq əlaqələrin inkişaf etdirilməsinin elmi inteqrasiyada, prioritet istiqamətlər üzrə müştərək proqram və layihələrin həyata keçirilməsində, müasir sahələr üzrə kadr hazırlığında əhəmiyyətini diqqətə çatdırıb.

Sonra AMEA-nın Rəyasət Heyəti aparatının Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayevaya şöbənin çoxşaxəli fəaliyyət istiqamətlərinin layihələr, kadr hazırlığı, əməkdaşlıq sənədləri, qurumlarla əlaqələr, hökumətlərarası birgə komissiyaların sənədləri, tədbirlər, görüşlər və səfərlərin təşkili, diaspora və bir sıra digər sahələr üzrə fəaliyyət kimi təsnifləşdirildiyini diqqətə çatdırıb. O qeyd edib ki, ikitərəfli və çoxtərəfli layihələrdə iştirak beynəlxalq əlaqələrin genişləndirilməsi üzrə mühüm fəaliyyət istiqamətidir. Şöbə yeni layihə müsabiqələrinin keçirilməsi, təqdim edilmiş layihələrin dəyərləndirilməsinin təşkili, qalib layihələr üzrə məlumat və hesabatların toplanması və məlumat bazalarının hazırlanması istiqamətlərində fəaliyyət göstərir. Hesabat ilində AMEA ilə Belarus Dövlət Elm və Texnologiya Komitəsi tərəfindən 2-ci müştərək layihə müsabiqəsi elan edilib və müsabiqəyə 15 layihə təqdim olunub. Layihələr hər 2 tərəfdən texniki ekspertizadan keçirildikdən sonra 10 layihə elmi ekspertiza üçün təsdiqlənib. Türkiyə Elm və Texnoloji Araşdırma Şurası (TÜBİTAK) ilə 3-cü layihə müsabiqəsi çərçivəsində təqdim edilmiş və texniki ekspertizadan sonra seçilmiş 48 layihənin xarici ekspertlər tərəfindən dəyərləndirilməsi təşkil edilib. AMEA və Belarus Dövlət Elm və Texnologiya Komitəsi ilə birinci, TÜBİTAK ilə ikinci layihə müsabiqələri çərçivəsində həyata keçirilən altı layihənin icrası üzrə məlumatlar hazırlanıb. İtaliya Milli Tədqiqatlar Şurası (CNR), İtaliya Xarici İşlər Nazirliyi və Bolqarıstan Elmlər Akademiyası ilə müştərək seçilmiş layihələrin icrası pandemiya səbəbindən təxirə salınıb. Hesabat ilində digər ölkələrin fond və proqramları tərəfindən elan edilmiş müsabiqələr haqqında məlumatın respublikanın bütün müvafiq təşkilatları arasında yayımlanması da təşkil olunub.

Diqqətə çatdırılıb ki, Azərbaycanın alim və mütəxəssislərinin Avropa İttifaqının yeni “Horizon Avropa” tədqiqat və innovasiya proqramında uğurlu iştirakını dəstəkləmək məqsədilə Avropa Komissiyasının nümayəndələrinin iştirakı ilə regionlar da daxil olmaqla, Azərbaycanın müxtəlif elm və təhsil müəssisələri, dövlət qurumlarının əməkdaşları üçün virtual məlumat günü və bu proqram üzrə çağırışlara uyğun layihə təkliflərinin yazılmasına dair 3 günlük təlim təşkil edilib.

Milli Əlaqələndirici Şəxslər Şəbəkəsinin üzvlərinin iştirakı ilə AMEA-nın, Azərbaycanın ali təhsil və səhiyyə müəssisələrinin, dövlət qurumlarının nümayəndələri üçün “Yaşıl razılaşma çağırışı” üzrə məlumatlandırma vebinarları keçirilib. Müxtəlif sahələr üzrə Milli Əlaqələndirici Şəxslər Şəbəkəsinin üzvlərinin fərdi vebinarları təşkil edilib, videomateriallar hazırlanıb və sosial şəbəkələr vasitəsilə yayılıb. Şöbə tərəfindən Təhsil Nazirliyi ilə əməkdaşlıqda ali təhsil müəssisələrinin və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) ilə əməkdaşlıqda TƏBİB-in elmi-tədqiqat müəssisələrinin alim və mütəxəssisləri üçün Milli Əlaqələndirici Şəxslər Şəbəkəsinin üzvlərinin iştirakı ilə vebinarlar təşkil olunub. Milli Əlaqələndirici Şəxslər Şəbəkəsinin koordinatoru, AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyevin iştirakı ilə “Horizon 2020” proqramı üzrə fəaliyyət çərçivəsində həyata keçirilmiş tədbirlər, əldə edilmiş nəticələr və yaranmış problemlərin müzakirəsi, həmçinin Milli Əlaqələndirici Şəxslər Şəbəkəsinin tərkibinin “Horizon Avropa” proqramının fəaliyyət istiqamətlərinə uyğunlaşdırılmasına həsr edilmiş görüşlər keçirilib. Yeni tərkibə müvafiq dövlət qurumlarının, elm, səhiyyə və təhsil müəssisələrinin mütəxəssisləri daxil edilib.

Esmira Əlirzayeva AMEA ilə Fransanın Monpelye Universiteti arasında əməkdaşlıq çərçivəsində 2021-2023-cü illər üçün müştərək doktorantura proqramı üzrə müsabiqə elan edildiyini söyləyib. Müraciət edənlər arasından AMEA və Monpelye Universitetinin birgə komissiyası tərəfindən onlayn formatda keçirilən müsahibənin nəticəsi olaraq 1 doktorantın seçildiyini diqqətə çatdırıb. O bildirib ki, bu proqram üzrə dörd doktorant Monpelye Universitetində təhsilini davam etdirib, bir doktorant 2021-ci ildən təhsilə başlayıb. Hesabat ilində 20-yə yaxın gənc mütəxəssisin qabaqcıl ölkələrin elm və təhsil müəssisələrində doktorantura və postdoktorantura səviyyəsində təhsil aldığı və tədqiqat apardığı vurğulanıb.

Diqqətə çatdırılıb ki, 2021-ci ildə “Elm, innovasiya və təhsil sahəsində əməkdaşlıq üzrə Azərbaycan-Rusiya Yol Xəritəsi”, AMEA ilə Qırğız-Türk Manas Universiteti arasında əməkdaşlığa dair saziş, AMEA və Lahor Dövlət Kollec Universiteti arasında anlaşma memorandumu imzalanıb. Həmçinin Ukrayna və Özbəkistanın bəzi qurumları ilə əməkdaşlıq sənədləri hazırlanıb və müvafiq dövlət daxili prosedurlardan keçirilib.

Hesabat ilində AMEA-nın Rəyasət Heyətində və bir sıra elmi müəssisələrində Rusiya Elmlər Akademiyasının prezidenti akademik Aleksandr Sergeyevin başçılıq etdiyi nümayəndə heyəti, Macarıstanın və Pakistanın Azərbaycandakı səfirləri, Qırğız-Türk Manas Universitetinin rəhbərliyi ilə görüş və müzakirələr təşkil edilib. Bununla yanaşı, şöbə tərəfindən müxtəlif ölkələrin Azərbaycan Respublikasındakı səfirliklərinin, Türkiyə, Polşa, Ukrayna, Belçika, Xorvatiya və digər ölkələrin elm və təhsil qurumları ilə əməkdaşlıq imkanları müzakirə olunub. Elmi diasporla əlaqələrin genişləndirilməsi məqsədilə müxtəlif ölkələrdə çalışan diaspor nümayəndələrinin fəaliyyət istiqamətləri müəyyənləşdirilib, onlara müraciət məktubları göndərilib. Diasporla müştərək tədqiqatların inkişafını təşviq etmək məqsədilə birgə konfrans, seminar və dəyirmi masaların keçirilməsi üzrə tədbirlər planı hazırlanıb.

Esmira Əlirzayeva qeyd edib ki, bütün fəaliyyət istiqamətləri üzrə şöbə AMEA-nın elmi bölmələri və elmi müəssisələri ilə əməkdaşlıq edir.

Məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

25 Yanvar 2022 12:16 - ELM
ELM

Köhnə versiyamızdan xəbərləri izlə