Ən son xəbərlər
“Reuters” agentliyinin yaydığı məlumata görə, qiyamçılar Burkina-Fasonun Prezidenti Rok Mark Kristian Kaboreni saxlayıb. Bildirilib ki, dövlət başçısı hərbi düşərgədə saxlanılıb.
Bundan əlavə, “Radio France internationale” radiostansiyasının məlumatına görə, Burkina-Fasonun paytaxtı Uaqaduquda qeyri-müəyyənlik qalmaqdadır, qiyamçılar hərbi komandanlığın tamamilə dəyişdirilməsi də daxil olmaqla altı bənddən ibarət tələblər irəli sürüblər.
Xatırladaq ki, Burkina-Fasoda iğtişaşlarda iştirak edən hərbçilər 65 yaşlı dövlət başçısının istefasını tələb edirlər. Ötən gün Burkina-Faso Prezidentinin paytaxtdakı iqamətgahı yaxınlığında atışma səsləri eşidilib. Eyni zamanda, bütün ölkədə komendant saatı tətbiq edilib.
Bundan başqa, Burkina-Faso hökuməti yanvarın 11-də hökuməti ələ keçirməyə cəhd etməkdə şübhəli bilinən bir qrup hərbçinin saxlanıldığı açıqlanıb. “Burkina-24” xəbər portalının məlumatına görə, qrupa gənc zabitlər rəhbərlik edir. Son bir neçə ayda Prezident Kabore ölkənin Silahlı Qüvvələrinin komandanlığında bir sıra əsaslı dəyişikliklər edib.
Qeyd edək ki, Kabore 2015-ci ildən bəri Qərbi Afrika dövlətinə başçılıq edir.
Mahmud QƏRİBOV,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə