Ən son xəbərlər
Adı açıqlanmayan xanım diplomat deyib: “ABŞ-ın Kiyevdəki səfirliyi Ukraynanın bu kritik məqamında dəstəyini göstərmək üçün işini fasiləsiz davam etdirir”. O, bəyan edib ki, Vaşinqton Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir.
Bir gün əvvəl, bazar günü ABŞ-ın xarici siyasət idarəsi bildirmişdi ki, Vaşinqton Ukraynadakı səfirlikdə birbaşa əməkdaşlığa cəlb etdiyi işçilərin, eləcə də onların ailə üzvlərinin Kiyevi könüllü şəkildə tərk etməsini tövsiyə edib. Bu, Ukraynada hərbi təhlükənin artması ilə izah olunub.
Bundan əlavə, Dövlət Departamenti Ukraynadakı bütün vətəndaşlarına ölkəni tərk etməyi təklif edib. Bazar günü ABŞ diplomatik heyətinin və onların ailə üzvlərinin bir hissəsinin də Ukrayna ərazisindən çıxarılmasına göstəriş verilib. Eyni zamanda, Rusiya-Ukrayna sərhədində “gərginliyin davam etməsi” ilə əlaqədar ölkə vətəndaşlarına Rusiyaya getməmək məsləhət görülüb.
Bazar günü Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova da, öz növbəsində, bu məsələlərə münasibət bildirərək xəbərdarlıq edib ki, Qərb böyük təxribatlar törətmək məqsədilə özü üçün informasiya məkanı hazırlamağa cəhd edir. Onun sözlərinə görə, Rusiya tərəfi hesab edir ki, Qərbin təxribatları təkcə informasiya deyil, həm də hərbi xarakterli olacaq.
Qeyd edək ki, yanvarın 18-də Ağ evin mətbuat katibi Cen Psaki məlumat vermişdi ki, Rusiya, guya dekabrın axırı-yanvarın əvvəlində özünün Ukraynadakı diplomatlarının ailələrini bu ölkədən çıxarmağa hazırlaşırmış. Ancaq o, bunun hansı səbəbdən baş verəcəyini izah edə bilməmişdi.
Bundan bir gün əvvəl “The New York Times” da Rusiyanın öz diplomatlarını Ukraynadan çıxarmağa başladığı barədə məqalə dərc etmişdi. Yanvarın 22-də isə ABŞ dövlət katibinin müavini Viktoriya Nuland ölkəsinin Rusiyaya qarşı 18 müxtəlif sanksiya ssenarisi hazırladığını demişdi. RF Prezidentinin mətbuat katibi Dmitri Peskov isə bəyan etmişdi ki, Rusiya Ukraynaya qarşı hərbi eskalasiyaya hazırlaşmır.
Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə