Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Naftalan-təşəbbüslər və reallıqlar şəhəri

Naftalan haqqında nəsə yazmaq istəyəndə gərək onu yaxşı-yaxşı gəzəsən, o qədər də çox olmayan sakinləri ilə görüşəsən, sanatoriyalarda, necə deyərlər, “dünyanın o başından gələn” turistlərlə söhbət edəsən, park və xiyabanlarında olasan...

Bir də ki, şəhər icra hakimiyyətində olmağın vacibdir. Bu şəhər dünən necə idi, nə ilə nəfəs alırdı, hədəfləri nəyə yönəlmişdi, bu gün necədir, hamısını dəqiqliyi ilə deyəcəklər. Sən də bilməlisən. Təkcə keçən il, pandemiyanın tüğyan etdiyi vaxtda, Naftalana 17 min nəfərdən çox turist gəlib.

İmkan olsa şəhər icra hakimiyyətinin başçısı Vüqar Nov­ruzovla görüşmək, onun fikirlərini öyrənmək də pis olmazdı. Həm də mübaliğəsiz deyirəm, olduq­ca maraqlı bir məmurdur. Dövlət qulluqçusu kimi bütün sınaqlardan keçib. Prezident Administrasiyasın­da işləməyi buradakı fəaliyyətində açıq-aşkar özünü büruzə verir. Səliqə-sahman, nizam-intizam, dəqiqlik, adamlara hörmət-izzətlə yanaşmaq, şəhid ailələrini, qaziləri bir an belə unutmamaq...Və daha çox yadda qalan kreativlik, daim maraqlı təşəbbüslər irəli sürmək, onları reallaşdırmaq, ölkə Prezi­dentinin Naftalanı dünyanın hər yerində tanıtdırmaq üçün qarşıya qoyduğu vəzifələri yerinə yetirmək. Bax, artıq bu vəzifədə iki ili tamam olan Vüqar Novruzovu başqaların­dan fərqləndirən cəhət məhz budur. Hərçənd özü söhbət zamanı onun səmtini dəyişəcək, gülümsəyərək “hələ heç bir iş görməmişik” deyəcək, Azərbaycan Preziden­tinin ötən ilin iyulunda Naftalana səfərindən danışacaq, qarşıda du­ran vəzifələri sadalayacaq və sair.

Qeyd edək ki, Naftalan ku­rortunun əsas inkişafı ötən əsrin 70-90-cı illərinə təsadüf edir. Məhz o illərdə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naftalan ku­rortu daha da inkişaf etmiş və qısa zamanda böyük şöhrət qazanmış­dır. Hətta Azərbaycan KP MK-nın, Azərbaycan SSR Nazirlər Sovetinin və Azərbaycan Həmkarlar İttifaqı Şurasının “Naftalan kurort şəhərini daha da inkişaf etdirmək tədbirləri haqqında” 19 fevral 1982-ci il tarixli birgə qərarı olmuşdur. Nəticədə Naftalan kurort şəhəri kimi daha da böyümüş, maddi-texniki bazası möhkəmləndirilmiş və şəhərdə 480 yerlik “Mil”, 480 yerlik “Azərbaycan”, 580 yerlik “Şirvan”, 560 yerlik “Çi­nar”, 800 yerlik “Goran” sanatoriyası tikilmişdir. Şəhərdə yeni xiyabanlar salınmış, çoxmərtəbəli yaşayış bina­ları inşa olunmuşdur. Həmin dövrdə şəhərdə məişət xidməti kombinatı, 400 yerlik kinoteatr binası, hava li­manı, avtovağzal, 4 mərtəbəli binası olan telekommunikasiya qovşağı, 9 mərtəbəli 108 yerlik mehmanxana da tikilib istifadəyə verilmişdir.

Son iki ildə Naftalanda həyata keçirilən işlər onu göstərir ki, şəhər rəhbərliyi əlaqədar qurumların, nazirliklərin, iş adamlarının köməyi ilə artıq tanınmış məkanın əvvəlki şöhrətini əsaslı şəkildə bərpa etməyə çalışır. Özü də bu bərpa təkcə küçələrin abadlaşdırılma­sından, binaların dam örtüklərinin dəyişdirilməsindən, park və xiya­banların qaydaya salınmasından, yaşıllıqların artırılmasından, yeni sanatoriyaların tikilib istifadəyə verilməsindən ibarət deyil. Nafta­landa elə təşəbbüslər irəli sürülür ki, baxırsan müasirliyə, dünya təcrübəsinə köklənib. Diqqət şəhərdə sakinlərin, həmçinin bura gələn yerli və xarici turistlərin rahat­lığının təmin olunması üçün şəhərin bütün infrastrukturun inkişafına yönəldilib. Məsələn, ilk baxışda adi görünən bir sıra infrastruktur layihələrə fikir verin. Velosiped həvəskarlarının daha rahat hərəkəti üçün şəhərdə 7 kilometrə yaxın velosiped zolağı çəkilib. İndiyədək heç vaxt olmayıb, heç bu barədə düşünməyiblər. Halbuki xarici qo­naqların sevdiyi bir yoldur. Yaxud, turistlər üçün yeni istiqamətverici turizm məlumat və ərazi göstərici ni­şanları. Nəyi pisdir? Şəhərə ilk dəfə gələn turist çaşıb qalırdı:hara getsin, necə getsin?

Naftalanda nadir ağacların yetişdirilməsi də bu təşəbbüslərin, həyata keçirilən işlərin bir növ dava­mıdır. Pavloniya və ya Adəm ağacı adı ilə tanınan ağaclar dünyada ən sürətlə, ildə 3 metrə qədər böyüyən, havanın çirklənməsinin qarşısını alan bir ağac növüdür. Hündürlüyü 18-20 metrə qədər uzanan qiymətli ağac cinslərinə aiddir və100 ilə kimi ömür sürür. Çiçəklərində bol bal ekstraktı olduğundan arıçılar onu bal gətirən ağac kimi əkirlər, gülləri nektarla zəngindir, alınan bal isə şəffaf və ətirlidir. Ən önəmli özəlliklərindən biri də ağacın qırıl­masına və ya kəsilməsinə baxma­yaraq 5 dəfə yenidən eyni ölçüdə böyüməsidir.

İndi Naftalanda bu cür na­dir ağacların olması həm şəhər əhalisinin, həm də çoxsaylı turistlərin böyük marağına səbəb olur.

Başqa bir təşəbbüsü də sakinlər və turistlər maraqla qarşılayıblar. Bu, 24 saat fasiləsiz işləyən satıcısız mağazanın açılışı ilə əlaqədardır. Mağazada turistlərin daha çox ehtiyac duyduğu 20-dək ilk tələbat malları satışa çıxarılıb. Həmçinin “Naftalan məlhəmi” MMC-nin diş pastaları, kremləri, yağları, şampun­ları, sabunları və digər məhsulları da həmin mallar arasında yer alıb.

Qeyd edək ki, bu tip layihələr artıq xaricdə bir neçə ölkədə möv­cud olsa da Azərbaycanda ilk dəfə Naftalan şəhərində həyata keçirilir. Mağazanın uzun müddətli fəaliyyət göstərməsi və gələcəkdə Naftalanın bir neçə yerində açılması nəzərdə tutulub.

Naftalan Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Milli Məclisin deputatı Anar Məmmədovun dəstəyi ilə şəhər ərazisində, o cümlədən Heydər Əliyev, Səməd Vurğun, Nəriman Nərimanov və Qələbə parklarında, səkilərdə fiziki imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan in­sanların, yaşlıların və uşaq arabası ilə gəzən şəxslərin rahat hərəkəti üçün standarta uyğun 33 pandu­sun quraşdırılması da son vaxtların xeyirxah təşəbbüsləri sırasındadır. Bu pandusların sayı daha da artırı­lacaq.

Görülmüş işlər şəhərin ümumi inkişafına, vətəndaş məmnunluğuna, yerli və xarici turistlərin, eləcə də uşaq araba­sı ilə gəzənlərin maneəsiz gəzə bilmələrinə xidmət edir.

Vüqar Novruzovun təşəbbüsü və “Naftalan Müalicə və Sağlam­lıq Mərkəzi”nin dəstəyi ilə şəhərə gələn turistlərin məmnunluğunu, onların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Naftalan – Goran dəmiryolu stansiyası – Naftalan istiqamətində müasir standart­lara cavab verən “Toyota” mar­kalı sərnişin daşıyan nəqliyyat vasitəsinin istifadəyə verilməsi də şəhərdə turizmin inkişafına necə böyük önəm verilməsinin əyani göstəricisidir. Turistlərin bu istiqamətdə daşınması “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı–Gəncə–Bakı istiqamətində yeni sürətli sərnişin qatarının hərəkət cədvəlinə, sürət qatarının Goran stanasiyasına çatma vaxtına uyğun olaraq həftənin hər günü olacaq və göstərilən xidmət ödənişsiz qaydada həyata keçiriləcəkdir. Gələcəkdə bu xidmətdən istifadəyə tələbat artarsa həmin marşrut xətti üzrə nəqliyyat vasitələrinin sayı artırılacaq.

Naftalan İnformasiya Mərkəzi də yeni yaradılıb. Burada Nafta­lan neftinin tarixi haqqında ətraflı məlumatlar var. Qonaqlar müalicəvi neftdən hazırlanan kosmetik məhsullarla da tanış ola bilirlər.

Dünyada yalnız Naftalanda olan “Əsa” muzeyinin yaradılması da son vaxtların təşəbbüsləri fonunda meydana gəlib. Muzeydəki ekspo­natlar, o cümlədən, bu şəhərə əsa ilə gəlib və gedərkən həmin əsanı muzeyə bağışlayanlar haqqında ətraflı məlumat verilir. Digər tərəfdən Naftalan neftinin möcüzəsi barədə qonaqlarda əyani təsəvvür yaranır, buradakı müalicə ocaqlarına maraq xeyli artır.

Digər bir təşəbbüs barədə. Naftalan Şəhər İcra Hakimiyyətinin müraciəti əsasında “Azərpoçt” MMC tərəfindən Naftalanın ilk poçt markası dövriyyəyə buraxılıb. Marka blokunun dizaynı ölkə Prezidentinin keçən ilin iyulunda Naftalana səfəri zamanı dövlət başçısına nümayiş etdirilib.

Heç şübhəsiz bu markalar Nafta­lanın Azərbaycanın müalicəvi turizm brendi olaraq dünyada daha da tanınmasında öz töhfəsini verəcək və dünya markalar kataloquna daxil ediləcək və təbii ki, dünyada filatelistlərin də çox böyük marağına və sevincinə səbəb olacaqdır.

…Ölkə rəhbərliyinin daim diqqət və qayğısı ilə əhatə olunan Naf­talan bu gün özünün yeni inkişaf dövrünü yaşayır. Ərazisi kiçik olsa da, Naftalan şəhəri müalicəvi turizm sahəsində xeyli inkişaf edib. Xüsusən Naftalan nefti ilə dünyada tanınan şəhərin inkişaf strategiyası daim diqqət mərkəzində saxlanılır.

2014-cü ildə dünya standartları­na uyğun inşa edilmiş “Qarabağ” sa­natoriyası, 2016-cı ildə “Gözəl Naf­talan” və “Kəpəz” Sağlamlıq Mərkəzi turistlərin ixtiyarına verilib. Keçən il isə Naftalan Mərkəzi Sanatoriyası və “Gold Naftalan” hotelinin açılışı olub. Hazırda Naftalan şəhərində 15 hotel və müalicə mərkəzləri fəaliyyət göstərir ki, onlardan da 3-ü beşulduzlu hoteldir. Bu mərkəzlər bir gündə 3000-ə yaxın turist qəbul etmək gücünə malikdir. Həmçinin 3 müalicə mərkəzinin də tikintisi davam etdirilir.

Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq ölkənin hər yerində olduğu kimi Naftalan şəhərində də abadlıq-quruculuq işləri sürətlə davam etdirilir. Bi­naların qarşısında söhbətgahlar, uşaq oyun meydançaları quraşdı­rılıb, həyətlərdə çinar ağacları və həmişəyaşıl ağaclar əkilib. Şəhərdə onlarla yaşayış binasının bloklarında təmir işləri başa çatdırılıb. Səkilərə yeni tamet daşlar düzülüb.

Son illərdə görülən işlər çərçivəsində şəhərdəki Səməd Vur­ğun parkının təmirinin də başa çat­dırılmasını qeyd etməliyik. Qələbə parkında isə trenajor idman ava­danlığı quraşdırılıb, Heydər Əliyev parkında “Little Free Library” yerli və xarici turistlərin ixtiyarına verilib. Şəhər əhalisinin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə bu kimi işlər davam etdirilir.

Naftalan şəhəri və onun tabeliyində olan Qaşaltı Qaraqoyun­lu və Qasımbəyli kəndləri bütünlüklə qazlaşdırılıb, kanalizasiya sistemi yenidən qurulub.

Əhaliyə tibb xidmətinin səviyyəsinin yüksəldilməsi, səhiyyə infrastrukturunun yara­dılması və müasir avadanlıqlarla təchizatı istiqamətində də xeyli iş görülüb. Naftalan Şəhər Mərkəzi Xəstəxanasının istifadəyə verilməsi ilə şəhər əhalisi və turistlər yüksək tibbi xidmətdən yararlana bilirlər.

Naftalan şəhərində və kəndlərində üç məktəb, iki körpələr evi-uşaq bağçası fəaliyyət göstərir. Keçən il iyulun 22-də açılışında ölkə Prezidentinin də iştirak etdiyi 200 yerlik yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib.

Naftalan nefti və ondan alınan məhsulların rəqabət qabiliyyətliliyinin artırılması məqsədilə dövlət stan­dartı təsdiq olunub və Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən təsdiq edilib. Qeyd edək ki, Nafta­lan neftinə dair dövlət standartının qəbul olunması Naftalan kurortunun gələcək inkişafı baxımından və dün­yada daha geniş miqyasda tanınma­sında böyük əhəmiyyətə malikdir.

Şəhərdə həm Birinci Qara­bağ müharibəsi, həm də Vətən müharibəsi şəhidlərinin ailələrinə, veteran və qazilərinə daim diqqət və qayğı göstərilir. Ötən il 12 fərdi yaşa­yış evi tikilərək Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə verilib. Bu istiqamətdə işlər davam etdirilir. Həmçinin Vətən müharibəsində mənfur düşmənin raket zərbələri nəticəsində zərərçəkmiş evlər də bərpa olunur və ya yenidən qurulur.

Şəhər icra hakimiyyətinin başçısı elə şəhid evi yoxdur ki, ora nəinki bir dəfə, hətta bir neçə dəfə ayaq basmasın, hal-əhval tutma­sın, problemlərinin həllində onlara köməklik göstərməsin. Hətta şəhid və qazi övladlarının ad günlərində də onlar yad olunur.

…Bu yaxınlarda “Expo 2020 Dubai" beynəlxalq sərgisində Azərbaycanın sağlamlıq turiz­minin mərkəzi sayılan və öz təbii müalicəvi nefti ilə dünyada məşhur olan Naftalan da yer alıb. Beynəlxalq sərgidə Naftalanı təmsil edən “Qarabağ”, “Çinar”, SPA Naf­talan, “Qaşaltı” otellərinin stendləri və digər vəsaitləri “Azərbaycan” pavilyonunda, Dayanıqlı İnkişaf Tematik zonasında yerləşdirilib. Dünyanın müxtəlif ölkələrindən gələn ziyarətçilər ilk dəfə Nafta­lan neftinin nə olduğunu öyrənib və əyani olaraq onun müalicəvi effektivliyindən şəxsən əmin olub­lar. Ziyarətçilərə Naftalan neftinin müalicəvi xüsusiyyətlərindən, onun təbii komponentlərinin unikallığın­dan söhbət açılıb. Oynaq, dayaq hərəkət sistemi, dermatoloji, uroloji və digər 70-dən artıq xəstəliklərin Naftalan nefti ilə müalicəsinin mümkünlüyü xüsusi vurğulanıb. Ziyarətçilərə Naftalan şəhərində şəfaverici nefti ilə müalicə prose­durlarından müasir, dünya standart­larına cavab verən avadanlıqlarla təchiz edilmiş turizm sağlamlıq mərkəzlərində keçə biləcəkləri bildirilib.

Bəli, Naftalan artıq Beynəlxalq Turizm Mərkəzinə çevrilib. Bu günlərdə yerli kanallara müsahibə verən cənab Prezidentimiz də bunu təsdiq edib: “Biz Naftalanı Talış və Suqovuşanla birləşdiririk. Bu da həm strateji nöqteyi-nəzərdən, həm də turizm nöqteyi-nəzərindən çox önəmli olacaq. Çünki Naftalan indi beynəlxalq turizm mərkəzinə çev­rilib və oradan Suqovuşan gölünə məsafə çox qısadır. O ərazini də, Ağdərə ərazisini də biz həm turizm mərkəzinə çevirmək fikrindəyik, eyni zamanda, insanların ora qayıtmasını təmin etməliyik”.

...Naftalanda yeni sanatoriyaların və istirahət mərkəzlərinin tikintisi bu gün də davam etdirilir. Baxmayaraq ki, məlum pandemiya turistlərin gediş-gəlişini azaldıb, amma ümidlər azalmayıb. Naftalan şəhərinin rəhbərliyi, iş adamları, turizm təşkilatları əmindirlər ki, tezliklə hər bir iş nizama salınacaq, pandemiya da aradan qalxacaq və Naftalan yenə gedişli-gəlişli olacaq. Təsəvvür edin ki, pandemiya başlamazdan bir qədər əvvəl, 2019-cu ildə Naftalana gələn turistlərin sayı 40 min nəfəri keçmişdi.

Bu yaxınlarda “Gold Naftalan” Sanatoriya kompleksinin açılışı oldu. Şəhər rəhbəri orada çıxışı zamanı vurğuladı ki, iqtisadi islahatların aparılması paytaxt Bakı ilə yanaşı digər regionlarda da yerli və xarici investorların investisiya yatırması üçün əlverişli şərait yaradıb. Bu sanatoriyanın açılışı bir daha onu sübut edir ki, ölkə başçımız cənab İlham Əliyevin səyi ilə qeyri-neft sektoru da iqtisadiyyatın digər sahələri kimi inkişaf edir. Həmçinin, Azərbaycanın iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, ölkəyə gələn turistlərin sayının artmasına zəmin yaradır. Hazırda Naftalanda 3-ü beşulduzlu olmaqla 15 istirahət və müalicə mərkəzi fəaliyyət göstərir.

Sanatoriya kompleksinin rəhbəri Elbrus Nəsirov tərəfindən qonaqlara otel infrastrukturu və burada göstəriləcək xidmətlərlə bağlı ətraflı məlumat verildi. Bildirildi ki, sahəsi 1 hektardan çox olan kompleksin əhəmiyyətini artıran mühüm cəhətlərdən biri onun yerləşdiyi ərazidə çoxsaylı istirahət məkanlarının olmasıdır. Mini futbol meydançası, açıq və qapalı üzmə hovuzu istirahətə gələnlərə unudul­maz anlar bəxş edəcəkdir. Həmçinin Sanatoriya kompleksində Himalay dağlarından gətirilmiş xüsusi daş­lardan ibarət duz otağı da mövcud­dur.

Diqqətə çatdırıldı ki, beşmərtəbəli bu binada 288 yerlik olmaqla bütün zəruri avadanlıqla təchiz olunmuş 145 otaq var. SPA terapiya üsullarına geniş yer verilən kompleksdə müxtəlif restoran­lar və kafelər burada istirahətə gələnlərin istək və arzularının yerinə yetirilməsinə imkan verəcək.

Digər mühüm cəhət burada işə götürülənlərin bir qisminin Vətən müharibəsi iştirakçıları, şəhid ailəsi üzvlərinin olmasıdır.

Bu detalları ona görə xırdalığı­na kimi qeyd edirik ki, Naftalanda hazırda fəaliyyət göstərən müalicə ocaqları da, yeni tikilib istfadəyə verilənlər də dünya standartları­na uyğundur və xarici qonaqların yanında nəinki xəcalət çəkmir, hətta onların bir çoxu etiraf edir ki, bu cür şərait, belə infrastruktur özlərində yoxdur.

Naftalan kurort şəhərinin bu günü gözəldir, gələcəyi daha əsrarəngizdir. Bu gözəlliyi yara­danlar doğma Azərbaycanı hədsiz sevən, onunla fəxr edən insanlardır. Vüqar Novruzov söhbət əsnasında maraqlı bir məqama toxundu. Dedi ki, cənab Prezidentimiz 44 gün ərzində bizim kim və nəyə qadir olduğumuzu dünyaya nümayiş etdirdi.İndi Qarabağda aparılan çox sürətli quruculuq işləri də bütün dünyanın marağına səbəb olub.Düşünürəm ki, belə gücü, qüdrəti olan bir ölkəyə gəlmək, yaxından tanış olmaq hər bir xarici turistin arzusudur. Naftalan da bu arzuların biridir və biz onun reallaşması üçün, cənab Prezidentimizin bu sahədə qarşımıza qoyduğu vəzifələri yerinə yetirmək üçün əlimizdən gələni edəcəyik.

Hamlet QASIMOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

25 Yanvar 2022 06:08 - İQTİSADİYYAT
İQTİSADİYYAT
26 May 2022 | 10:08
Neft bahalaşıb

Köhnə versiyamızdan xəbərləri izlə