Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Estoniya çempionatının gümüş medalını qazanan gənc azərbaycanlı

Estoniyanın Tallin şəhərində yaşayan dostum, həmvətənimiz Zakir Miriyevdən iki gün əvvəl aldığım xoş xəbər məni çox qürurlandırdı. Zakir fərəhlə bildirdi ki, böyük oğlu 17 yaşlı Fərhad Miriyev cüdo üzrə gənclər arasında keçirilən ölkə birinciliyində fəxri kürsünün ikinci pilləsinə yüksələrək gümüş medal qazanıb.

Bu, Fərhadın idmanda qazandığı ilk uğur deyil. 4 ildən artıqdır ki, cüdo və sambo idman növləri ilə məşğul olan gənc həmyerlimiz hələ 2020-ci ildə yeniyetmə gənclər arasında keçirilən cüdo üzrə ölkə çempionatında ikinci yeri tutmuşdu. Məşqçisi idman ustası Dmitri Budolin Fərhadın böyük perspektivə sahib olduğunu görüb, bu uğurdan sonra onu böyüklər arasında keçirilən turnirlərdə iştirak etməyə hazırlamağa başladı. Çox keçmədi ki, Fərhad usta­dının etimadını doğrultdu və o, 2020 və 2021-ci illərdə keçirilən ölkə çem­pionatında öz çəki dərəcəsində ardıcıl iki dəfə fəxri kürsünün üçüncü pilləsinə yüksəldi. 2021-ci ildə Fərhad həm də sambo üzrə ölkə çempionatında üçüncü oldu. Bu uğurlar onu çox həvəsləndirdi.

Atası Zakir Miriyev deyir ki, Fərhad Azərbaycan xalqının Qarabağ müharibəsində qazandığı qələbədən çox ruhlanmışdı və daim deyirdi ki, mən də öz Vətənimin şərəfinə idman­da yüksək nailiyyət qazanacağam. Elə bu istəklə də 2022-ci ildə keçirilən cüdo üzrə ölkə çempionatında bütün rəqiblərinə böyük fərqlə qalıb gələrək finala yüksəldi. Finalda yaşda ondan böyük olan rəqibi yalnız təcrübəsi sayəsində Fərhada kiçik fərqlə qalib gələ bildi.

Bu, Miriyevlər ailəsində təsadüfi uğur deyil. Xeyli vaxtdır ki, Tallində yaşayan Zakir Miriyevin ailəsində üç oğlan uşağı böyüyür. Gənclərin üçü də Tallindəki xarici dillər gimnaziyasında təhsil alır. Çox qürurverici haldır ki, Azərbaycanın bu gənc övladlarının ikisinin – Fərhad və Pərvazın şəkilləri gimnaziyanın əlaçı şagirdlərinin şəkilləri ilə şərəf lövhəsində yer alır. 7 yaşlı kiçik Pərvin də qardaşlarının yolunu davam etdirməkdə qərarlıdır. Atasına söz verib ki, çox tezliklə onun şəkli də qardaşları ilə bir cərgədə olacaq.

Fərhad təhsildə olduğu kimi, idmanda da uğurlara imza atmaqda davam edir. Ən böyük arzusu Avropa və Dünya çempionatı turnirlərində iştirak edib fəxri kürsünün ən yüksək pilləsinə qalxmaqdır. Uğuru münasibətilə onu telefonda təbrik edəndə dedi: “Əmi, sənə söz verirəm ki, Avropa və Dünya turnirlərində ilk böyük uğurumu Azərbaycan bayrağı ilə meydanda dövrə vurmaqla qeyd edəcəyəm”.

Doğurdan da qürurverici sözlərdir. Azərbaycandan uzaqlarda yaşayasan, qəlbin Azərbaycana məhəbbət və sevgi ilə döyünsün. Sənə uğur olsun, Vətəni sevən və onu ləyaqətlə təmsil edən oğul!

İlqar RÜSTƏMOV,

“Xalq qəzeti”

25 Yanvar 2022 06:06 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə