Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İsmayıllıda VII Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı keçirilib

İsmayıllı rayonunun İvanovka kəndində VII Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı keçirilib. Tədbirdə Azərbaycan, Türkiyə, Macarıstandan, Belarus, Litvadan peşəkar arıçılar, elm və iş adamları iştirak ediblər.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumatda bildirilir ki, tədbiri giriş sözü ilə açan kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov qeyd edib ki, Azərbaycan Respublika­sının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri elan edilib. Kənd təsərrüfatının qədim və gəlirli təsərrüfat növlərindən olan arıçılıq sahəsinin inkişafı mühüm əhəmiyyət kəsb edir. Ölkə ərazisi arıçılığın inkişafı baxımından əlverişli təbii-iqlim şəraitinə və bal verən zəngin bitki örtüyünə malikdir.

Konfrans iştirakçılarının diqqətinə çatdı­rılıb ki, arıçılıqda yerli genofondların qorun­ması istiqamətində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsərrüfatların damazlıq növünün müəyyən edilməsi üçün mütəmadi işlər həyata keçirilir. Bu məqsədlə, yerli genofondda olan “Boz dağ Qafqaz” arı cinsi yetişdirilən 3 arıçılıq təsərrüfatında zootexniki qiymətləndirilmə aparılıb və onlar damazlıq təsərrüfat kimi qeydiyyata götürülərək dövlət reystrinə daxil edilib. Damazlıq təsərrürfatların yaradılması, seleksiya-damazlıq işlərinin təşkil edilməsi üçün nazirlik tərəfindən mütəmadi monitorinqlər keçirilir, qiymətləndirmə aparılır, cinslər üzrə göstərcilər təhlil edilir. Damazlıq arıçılığın inkişafı məqsədilə ilk dəfə Zaqatala rayonunda “təcrid” zonası yaradılıb.

Göstərilmiş dəstək tədbirləri nəticəsində 2017-ci illə müqayisədə 2021-ci ildə arı ailələrinin sayı 331 min vahid və ya 2,2 dəfə artaraq 602,8 min vahidə, bal istehsalının həcmi isə 3,6 min ton və ya 1,5 dəfə artaraq 6,6 min tona çatıb. Ötən illər ərzində ilk dəfə olaraq 6 ton Azərbaycan balı Yaponiyaya ixrac edilib. 2021-ci ildə 22 258 arıçının subsidiya ilə əlaqədar müraciəti daxil olub və 531 325 arı ailəsinə görə və 5313.2 min manat dəyərində subsidiya ödənilib.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən torpaqlarımızın işğalçılardan azad edilməsi kənd təsərrüfatı sektorunda, o cümlədən, arıçılıq sahəsində yeni perspektivlər açıb. Belə ki, pilot layihə çərçivəsində Kəlbəcər və Laçın rayonlarının təhlükəsiz zonalarına arı ailələri, qoyunçuluq təsərrüfatlarının köçürülməsi həyata keçirilib. Layihə çərçivəsində Kəlbəcərdən 59, Laçından 15 arıçı fermer olmaqla, ümumilikdə, 74 arıçı fermer tərəfindən 4531 arı ailəsi, 8569 baş xırdabuynuzlu heyvanın dislokasiya üzrə köçürülməsi təşkil edilib. 2022-ci ildə işğal­dan azad olunmuş ərazilər üzrə örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, arı ailələrinin köçürülməsi üçün elektron portalın hazırlanması işləri aparılır.

Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov və Peşəkar Arıçılar Birli­yinin sədri Elxan Ələkbərov ölkədə arıçılığın inkişafına dövlət dəstəyi, arı ailələrinin və arıçı­lıq məhsullarının çeşidinin artırılması, arıçılıqda xəstəliklərə qarşı mübarizə tədbirləri barədə tədbir iştirakçılarına ətraflı məlumat veriblər. Konfransda arı xəstəlikərinin müalicəsi və profilaktikası, apiterapiya və onun əhəmiyyəti, dünya təcrübəsi və standartları, paket arıçılığı, pavilyon arıçılığı, Ana arı yetişdirilməsi, bal qab­laşdırılmasında innovativ texnologiyanın tətbiqi və digər mövzularda təqdimatlar keçirilib.

Samirə ƏLIYEVA,

“Xalq qəzeti”

25 Yanvar 2022 06:04 - İQTİSADİYYAT
İQTİSADİYYAT
27 May 2022 | 09:43
Neft bahalaşdı

Köhnə versiyamızdan xəbərləri izlə