Ən son xəbərlər
Ölkənin hər yerində olduğu kimi, Mingəçevirdə də Ümumxalq Hüzn Günü möhtəşəm izdihamla keçdi. Şəhərdəki Şəhidlər xiyabanında ucaldılmış 20 Yanvar şəhidlərinin abidə kompleksi həmin gün daha izdihamlı idi. Minlərlə mingəçevirli ümumxalq hüzn günündə abidə kompleksini ziyarət edərək, 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutur, kompleksin önünə gül dəstələri qoyurdular. Şəhidlər xiyabanına gələn mingəçevirlilər paralel olaraq burada uyuyan Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edir, üzərinə gül dəstələri düzürdülər.
Şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov, aparatın məsul şəxsləri, hüquq-mühafizə oraqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri Vətən müharibəsi veteranları, şəhid ailələri cəmiyyətlərinin sədrləri və kütləvi informasiya vasitələrinin nümayəndələri də Şəhidlər xiyabanına gələrək abidə önünə əklillər və gül dəstələri qoydular. İzdihamlı mitinq zamanı şəhidlərin ruhuna dualar oxundu. Saat 12 tamamda isə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.
İlqar HƏSƏNOV, “Xalq qəzeti”nin bölgə müxbiri
Köhnə versiyamızdan xəbərləri izlə