Ən son xəbərlər
Əgər Ermənistan yenidən bizim üçün təhlükə mənbəyi olmağa cəhd edərsə, onların axırı İkinci Qarabağ müharibəsindəki kimi olacaqdır.
İlham ƏLIYEV
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
Azərbaycan Ordusunun illərdir özünümüdafiə tədbirlərini gücləndirməsi, yüksək keyfiyyətli hərbi arsenalını və bilikli kadr ehtiyatlarını artırması 44 günlük Vətən müharibəsində öz nəticəsini göstərdi. Milli Ordumuz qısa müddətli uğurlu müharibə apararaq, nəinki postsovet məkanında, o cümlədən, dünya miqyasında XX yüzilliyə öz möhürünü vurdu.
Son illər ölkəmizdə sosial-iqtisadi sahələrdə görülən işlərlə paralel olaraq, hərbi quruculuq məsələləri də inkişaf etdirilir. Türkiyə, Rusiya, Pakistan, İsrail kimi ölkələrdən müasir və ən yüksək standartlara cavab verən silahlar alınaraq, ordumuzun texniki bazası gücləndirilir. Həmçinin daha hazırlıqlı qoşun növləri olan komando birliklərinin sayı artırılır. Artıq bir neçə komando hərbi hissəsi yaradılıb ki, bunlar da dağ-meşə relyefində döyüşə və düşmənin istənilən təxribatlarına adekvat cavab verə bilən hazırlıqlı qoşun növlərindən ən optimalıdır. Komando qüvvələrinin tərkibində xidmət keçən hərbçilərimiz həm Türkiyədə, həm də ölkəmizdə intensiv hazırlıqlar və təlimlər kurslarında olur, bilik və bacarıqlarını daha da artırırlar. Orduda islahatların intensivliyi göstərir ki, Azərbaycanda yeni, müasir, hazırlıqlı ordu korpusları yaradılır və hərbi qüvvələrimiz getdikcə daha mobilləşdirilir.
Prezident İlham Əliyevin ötən ilin dekabr ayında Hadrutda yeni hərbi hissənin açılışını etməsi də göstərdi ki, strateji əhəmiyyət daşıyan bu bölgədə Silahlı Qüvvələrimizin daha da gücləndirilməsi, ordumuzun təchizatı üçün ən müasir silah-sursatın, hərbi texnikaların gətirilməsi vacib şərtdir. Bu hərbi hissənin açılması və burada yeni hərbi birləşmənin – komando briqadasının yaradılması bizim üçün yenilik olmaqla yanaşı, həm də hərbi gücümüzün artırılmasının göstəricisidir. Bu briqadalar lokal və irimiqyaslı hərbi əməliyyatların icra edilməsində mütəşəkilliyi ilə fərqlənə bilən qoşun növüdür.
Artıq ölkəmizdə sayca 3-cü olan Xocavənd rayonunun Hadrut qəsəbəsində komando hərbi hissəsi istifadəyə verilib.
Tanınmış hərbi ekspert Ədalət Verdiyev hesab edir ki, açılışı olan 3 komando hərbi hissəsinin gücü komando korpusu gücü ilə müqayisə edilməlidir. Belə bir ciddi imkan və potensiala malik birləşmənin məhz işğaldan azad olunmuş ərazilərdə yaradılması Ermənistana da bir mesaj ola bilər.
Türkiyədə təlim keçmiş bu komandolar Xüsusi Təyinatlı Qüvvələrdən sonra Azərbaycan Ordusunun motoatıcı və kəşfiyyat bölmələrindən üstün imkanlara malikdirlər. Bu baxımdan, komandoların yaradılması həm də Xüsusi Təyinatlı Qüvvələrin daha da güclənməsinə səbəb olacaq. Azərbaycan Ordusunda peşəkarlığın artırılması, həmçinin digər bölmələrlə qarşılıqlı tapşırıqların daha effektiv yerinə yetirilməsi məqsədilə yaradılan komando hərbi hissələri hərbi birləşmələrin fəaliyyətinə də kömək edəcək.
Qeyd edək ki, Türkiyədə "Komando hazırlığı kursu" keçmiş hərbçilər xüsusi kurslarda əlbəyaxa döyüş növlərinə yiyələnməklə yanaşı, paraşütlə atılmaq, dağ xizəkçiliyi, snayper və digər fiziki hazırlıq kurslarından keçirlər. Kursu uğurla bitirən heyət komando bölmələrinə daxil edilir və onlara beretlər təqdim olunur.
Öz ənənəsinə sadiq qalaraq ad gününü – 60 illik yubileyini əsgərlərlə birlikdə keçirən Prezident İlham Əliyev hərbçilər qarşısında çıxış edərək, Hadrut döyüşlərini, qəsəbənin strateji əhəmiyyətini vurğulayaraq bildirdi ki, əgər Ermənistan yenidən Azərbaycan üçün təhlükə mənbəyi olmağa cəhd edərsə, onun axırı İkinci Qarabağ müharibəsindəki kimi olacaq, xalqımıza, dövlətimizə, ərazi bütövlüyümüzə hər hansı bir təhdid yaradılmasına imkan verilməyəcək: “Hadrutda yeni hərbi hissənin açılması çox əlamətdar hadisədir. Ona görə ki, bu bölgə strateji əhəmiyyət daşıyır. Hadrutda bizim güclü silahlı birləşməmiz təhlükəsizliyimizi qoruyacaq. Digər tərəfdən, Hadrut azad edilmiş keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə aid olmuş yerdə yerləşir. Eyni zamanda, bu hərbi hissənin ən böyük əhəmiyyəti ondan ibarətdir ki, biz müharibədən sonra ordu quruculuğu prosesini dayandırmamışıq və orduya ayrılan xərcləri azaltmamışıq, əksinə, artırmışıq. Müharibədən sonra imzalanmış yeni kontraktlar icra edilir. Yeni kontraktlar əsasında artıq Azərbaycana ordumuzun təchizatı üçün ən müasir silahlar, texnikalar gətirilir. Hərbi texnikanın alınması, hərbi xərclərin, eyni zamanda, hərbçilərin maaşlarının artırılması onu göstərir ki, müharibə başa çatsa da, ordu quruculuğu prosesi dayanmayacaq”.
Ordu quruculuğu istiqamətində görülən işlərə Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində bir daha toxunuldu. Dövlətimizin başçısının Ermənistanla münasibətlər yaxşılaşsa da, hərbi arsenalımızı gücləndirəcəyimizlə bağlı fikirləri də bunun əyani sübutu idi. Bunu müharibədən ötən bir il ərzində artıq bir neçə dəfə Ermənistan ordusundakı revanşist qüvvələrin imkan düşdükcə təxribatlar törətməsi cəhdinə cavab kimi də qeyd etmək olar. Əlbəttə, qarşı tərəfin işğalçı, revanşist davranışlarına rəğmən, Prezident İlham Əliyev Azərbaycanın Ermənistanla sülh və normal qonşuluq əlaqələrinin başlana biləcəyini bəyan etdi. Lakin bu fikirlərdən sonra deyilənlər ermənilərin ölkəmizin sülhsevər dövlət olduğundan maksimum yararlanmaq arzularının da üzərindən xətt çəkir. Belə ki, dövlətimizin başçısı Ermənistan hakimiyyətinə, cəmiyyətinə ciddi xəbərdarlıq edərək, Azərbaycanın sülh çağırışlarına cavab verməyəcəkləri təqdirdə, bu təklifin uzun müddət masada qalmayacağını vurğuladı. Bu qətiyyətli xəbərdarlığın arxasında iqtisadi amillərlə yanaşı, bütün təxribatlara adekvat cavab verə biləcək hərbi amillərin də olması istisna deyil. Azərbaycan Ordusunun qalib olduğu müharibədən sonra daha da güclənməsi faktoru bu barədə Ermənistan tərəfini ciddi düşündürməlidir.
Bir sözlə, komando briqadalarının yaradılması əhalinin təhlükəsizliyinin təmini, torpaqlarımızın etibarlı müdafiəsi üçün vacib addımdır. Bütün bunlar Azərbaycana qarşı ola biləcək hər hansı təhdidin qarşısını almağa hesablanıb.
Onu da qeyd edək ki, Azərbaycan dövləti işğaldan azad olunan ərazilərdə yaşayacaq vətəndaşların qorunması, torpaqlarımızın etibarlı müdafiəsi, həmçinin sərhədlərimizin təhlükəsizliyinin təmin edilməsi istiqamətində ciddi addımlar atır. Təkcə 2021-ci il ərzində Şuşa, Laçın, Kəlbəcər, Xocavənd, Füzuli, Ağdam, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarında Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissələri fəaliyyətə başlayıb. Bütün bunlar Azərbaycanın suveren ərazilərinin, xüsusilə, uzun illər işğalda qalmış torpaqlarının etibarlı əllərdə olduğunu əsaslı şəkildə sübut edir.
Ümumiyyətlə, ordumuzun gücləndirilməsi, hərbçilərimizin yaşayış səviyyəsinin artırılması son illər ərzində Azərbaycan ərazisində bir çox yerlərdə yeni hərbi hissələr, hərbi şəhərciklərin salınması siyasəti bir neçə ildir ki, davamlı şəkildə aparılır. Ordu quruculuğu istiqamətində aparılan işlər arasında hərbi hissələrin yaradılması, hərbçilərin xidmət şəraitinin yaxşılaşdırılması, onların məişət-mənzil problemlərinin həlli həmişə diqqət mərkəzindədir. 20 il orduda qüsursuz xidmət etmiş hərbçilərə dövlət tərəfindən mənzillər verilir və bu günə qədər 2200-dən çox hərbçi dövlət tərəfindən mənzillə təmin olunub. Cari ilin sonuna qədər daha 130 hərbçi ailəsinə yeni mənzillər veriləcəkdir. Bütün bunlar göstərir ki, ordumuz dövlət, şəxsən Prezident, Ali Baş Komandan tərəfindən daimi diqqətlə əhatə olunub. Bu diqqət və qayğının nəticəsində bu gün Azərbaycanın Ordusu dünyada qalib ordu kimi tanınır.
Ötən il 44 günlük Vətən müharibəsində yeni komanda birliyi yaradılan Hadrut qəsəbəsi işğalçılardan azad edilməsəydi, Şuşaya gedib çatmaq daha çətin olardı. Şuşa əməliyyatı isə artıq bir dastana çevrilib. Dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində Şuşa əməliyyatı müzakirə edilir, təhlil olunur. Şuşa əməliyyatının heç bir artilleriya resursundan, hava hücumundan istifadə edilmədən, sırf xüsusi təyinatlı qüvvələrin bilik və bacarıqları hesabına yüksək peşəkarlıqla icra olunması dünyanın yeni hərb tarixində diqqətəlayiq səhifədir. Bu misilsiz Qələbə sayəsində ordumuzun reytinqi dünya statistikasında kifayət qədər irəliləmiş, sayılıb-seçilən yerlərdən birini tutmuşdur. Həqiqətən də, Şuşada olmuş insanlar inana bilmirlər ki, Azərbaycanın qəhrəman övladları yüngül silahlarla qayalara dırmanaraq, mədəniyyət paytaxtımız və Qarabağın tacı Şuşanı işğalçılardan azad etdilər. Bütün bu nüanslar onu deməyə əsas verir ki, bu gün Azərbaycan Ordusu nəinki regionun, həmçinin Yaxın və Orta Şərqin, bütün post-sovet məkanının ən qüdrətli silahlı qüvvələrindən biridir və bu güclənmə prosesi məqsədyönlü şəkildə davam etdirilir.
Anar TURAN,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə