Ən son xəbərlər
Yeni növ koronavirus (COVID – 19) pandemiyasının ən sərt dövründə dadbilmə və iybilmə hissinin azalması virusa yoluxanların əksəriyyətində müşahidə olunurdu. Hazırda isə koronavirus xəstələrində həmin şikayətlərə daha az rast gəlinir. Bu, onu göstərir ki, koronavirusa qarşı əhalinin orqanizminin müqaviməti artıb. Mütəxəssislərin fikrincə, COVID – 19-un virus yükü dəyişib. Bu barədə infeksionist Aişə Kərimova deyib ki, dadbilmə və iybilmə hissləri bir-biri ilə sıx bağlıdır. Qoxubilmənin itməsi dadbilməyə çox təsir göstərir. Adətən dadbilmə hissinin itməsi 95 faiz hallarda qoxubilmənin azalması ilə əlaqədardır. İndi yoluxma zamanı daha çox baş və əzələ ağrıları müşahidə edilir. Dadbilmə hissi iybilməyə nisbətən daha tez bərpa olunur. Lakin qoxubilmə hissi bəzi xəstələrdə bir həftəyə qayıtdığı halda, bəzilərində bu proses aylarla davam edir”.
Həkimin fikrincə, hamıya məlumdur ki, COVID – 19 yeni xəstəlikdir. Dadbilmə və iybilmə funksiyası pozuntularının ciddi şəkildə müşahidə edildiyi və bərpa müddətinin hətta bir ildən çox çəkdiyi xəstələr də var. Ona görə də vaxtında peyvənd olunaraq koronavirus əleyhinə immunitet qazanmaq ən doğru seçimdir. Virusların tədqiqi ilə məşğul olanlar bildirirlər ki, yaxın həftələrdə “Omicron” Avropa ölkələrinin əksəriyyətində daha çox üstünlük təşkil edəcək, onsuz da yüklənmiş səhiyyə sisteminin vəziyyətini təhlükə altına qoyacaq.
Aişə Kərimova bildirib ki, bugünlərdə Azərbaycanda aparılan laborator araşdırmaların növbəti mərhələsində ölkə xaricindən gələn şəxslərdən götürülmüş nümunələrdən 12 -də SARS – CoV – 2 21K “Omicron” variantı aşkarlanıb. Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb. Məlumatda bildirilir ki, koronavirusun mutasiyaları nəticəsində son zamanlar meydana çıxan yeni “Omicron” variantı bütün dünyada olduğu kimi Azərbaycanda da ciddi narahatlıq doğurur. Ölkəmizdə epidemioloji vəziyyətin nəzarətdə saxlanılması üçün görülən tədbirlər çərçivəsində virusun genetik variantlarına dair mütəmadi analizlər aparılır. Aparılan araşdırmaların növbəti mərhələsində 12 nəfərdə SARS – CoV – 2 21K “Omicron” variantının aşkarlanması vətəndaşlar arasında ciddi narahatlığa səbəb olub. Tədqiqatların nəticələri bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli variantlarından qorunmağın ən effektiv yolu vaksinasiyadır. Amma vaksin olunmaq o demək deyil ki, peyvənd olunan şəxs virusa yoluxmayacaq. Sadəcə, vaksin olunan xəstəliyi yüngül keçirəcək. Ona görə də mütəxəssislər dəfələrlə bildirmişlər və yekdil fikir belədir ki, vaksinasiya ilə yanaşı, xüsusi karantin rejiminin qaydalarına da riayət olunmalıdır. Fiziki məsafənin saxlanması, maskalardan istifadə və əl gigiyenası kimi qaydalar, virusun ştammından asılı olmayaraq, virusdan qorunmağın və normal həyata qayıtmağın yeganə yoludur.
İnfeksionistin fikrincə, “Omicron” variantı digər ştammlara yoluxanlar kimi vaksin olunanları da yaxaladığı üçün peyvənd olunan ölkələrdə də yoluxma dinamikasında yüksəlmə baş verir. Mətbuata verilən açıqlamalara diqqət etsək, görərik ki, əksər virusoloq, immunoloq və infeksionistlər 2022-ci ildə pandemiyanın bitməyə doğru gedəyəcəyini proqnozlaşdırırlar, analitiklər isə tam əksini deyirlər. Belə ki, böyük məlumat bazasının analitiki Aleksandr Draqan proqnozunda pandemiyanın orta sürətlə 2022-ci ildə də davam edəcəyini bildirib. O deyib ki, dünyanı “Omicron”a bağlı ən azı böyük 2 dalğa gözləyir. Həmçinin bildirib ki, insan populyasiyasında “Omicron”la “Delta” ştammlarının bir-birilə mübarizəsi pandemiyanın taleyini həll edəcək. Lakin hansının üstün olacağını heç kim bilmir. Pandemiya ilə bağlı istənilən proqnoz yanlış ola bilər. Çünki virusun necə hərəkət edəcəyi naməlumdur.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosunun rəhbəri Hans Klyuge daha bir “fırtınanın” yaxınlaşdığını deyib. Danimarkada “Omicron” ştammı üstünlük təşkil edir, Fransada koronavirusa yoluxmaların beşdəbiri bu variantın payına düşür. Getdikcə daha çox ölkə yeni məhdudiyyətlər tətbiq edir və sanitar – buraxılış şərtlərini sərtləşdirir. Onun verdiyi məlumata görə, Portuqaliyada barlar və diskotekalar iki həftəlik bağlanıb, distant iş, həmçinin mədəniyyət və idman tədbirlərinə getmək üçün PZR-testləri (polimeraz zəncirvari reaksiya) məcburi edilib. Mağazalara eyni vaxtda gələnlərin maksimum sayı müəyyən edilib və buna nəzarət edilir. İspaniya yoluxmaların sayında antirekord “qazanıb”: sutka ərzində 49.823 yoluxma var. Barselonanın hakimiyyət orqanları məhkəmə tərəfindən dəstək alacaqları təqdirdə komendant saatının tətbiqinə hazırlaşırlar. Fransa hökuməti ölkədə vaksin buraxılış vərəqələrinin tətbiqi barədə qanun layihəsinin hazırlanmasını sürətləndirir. Bu vərəqələr sanitar buraxılış vərəqələrini əvəz edəcək və PZR – testlərin nəticələrini nəzərə almayacaq. Nazirlər Kabinetində hesab edirlər ki, bu qanun yanvarın 15-dən, parlament tərəfindən qəbul edildikdən sonra qüvvəyə minəcək. Almaniyada dekabrın 28-dən bütün idman tədbirləri bağlı qapılar arxasında keçirilir. Böyük Britaniya isə qonşularından fərqli olaraq, sərt məhdudiyyətlər tətbiq etməməyi qərara alıb. Boris Consonun sözlərinə görə, “bundan ötrü kifayət qədər əsas yoxdur”. Bununla belə, hökumət pandemiyadan zərər çəkən şirkətlərin itkilərinin qarşısını almaq məqsədilə 1 milyard funt-sterlinq ayırıb.
Bir məlumatı da diqqətə çatdırmaq yerinə düşər ki, ÜST-ün eksperti Maria van Kerkhove, koronavirusun “Delta” və “Omicron” ştammlarının iddia edilən hibridinin laboratoriya səhvi nəticəsində yarana biləcəyini deyib. Bu barədə o, özünün “Twitter” hesabında məlumat verib. M.Kerkhove bildirib ki, “Deltakron” adlanan yeni ştammın sekvensiyası (yeni kod nümunəsi yaranması) zamanı çirklənmə nəticəsində əmələ gəlməsi ehtimalı yüksəkdir. Mütəxəssis həmçinin müxtəlif virusların eyni vaxtda dövranını ifadə etmək üçün “Deltakron”, “Flurona” və ya “Flurone” kimi terminlərdən istifadə etməməyi xahiş edib. Onun sözlərinə görə, bu ifadələr virusların və ya ştammların birləşməsini göstərir. Tədqiqatlar isə sübut edir ki, heç bir virusun və ya ştammın birləşməsindən söhbət gedə bilməz. Bunu ehtimal etmək belə yanlışdır.
Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə