Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Müntəzəm avtobus marşrutunun ilk sərnişinlərinə Ağdamda aparılan genişmiqyaslı tikinti işləri barədə məlumat verilib

Yanvarın 24-də Bakı-Ağdam-Bakı müntəzəm avtobus marşrutu istifadəyə verilib. AZƏRTAC xəbər verir ki, saat 06:30-da Bakıdan yola çıxan ilk sərnişin avtobusu Ağdama çatıb.

Qeyd edək ki, Bakı-Ağdam-Bakı avtobus reysi həftədə iki dəfə həyata keçiriləcək. Bakıdan Ağdama avtobus bileti 9 manat 40 qəpikdir. Marşrut xətlərinə bilet satışı onlayn qaydada “Yolumuz Qarabağa” portalı vasitəsilə həyata keçirilir. Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda si­fariş etməlidirlər. Müəyyən imtiyazlı şəxslərə ildə bir dəfə bu istiqamətlər üzrə pulsuz bilet almaq imkanı yaradılıb. Bu kateqori­yaya Vətən Müharibəsi qəhrəmanları, Milli qəhrəmanlar, şəhid ailəsinin üzvləri, Qarabağ müharibəsi əlilləri aiddir. İmtiyazlı şəxslər də daxil olmaqla bütün şəxslərə işğaldan azad olunmuş ərazilərə il ərzində yalnız bir dəfə səfər etmək hüququ verilir. Sərnişin daşınması ilə bağlı müəyyən olunmuş ka­teqoriyalar üzrə növbəliliyin təmin edilməsi, kvotalara riayət edilməsi və güzəştlərin tətbiqi məqsədilə onlayn bilet satışı xidməti işğaldan azad olunmuş ərazilərə giriş icazəsi sisteminə, həmçinin COVID-19 virusuna yo­luxma risklərinin minimuma endirilməsi üçün müvafiq informasiya sistemlərinə inteqrasiya olunub.

Yeni marşrutlar üzrə sərnişindaşımanı həyata keçirən sürücülər mina təhlükəsizliyinə dair təlimlərə cəlb edilib və onlara əsas təhlükəsizlik qaydalarına dair Təlimat kitabçaları təqdim olunub.

Qarşılanma mərasimindən sonra sərnişinlər Cümə məscidində dua edib, İmarət Kompleksi və Şahbulaq qalası ilə tanış olub, Dram Teatrının qalıqlarına baxıb, Şəhidlər xiyabanını ziyarət ediblər. Erməni barbarlığını gözləri ilə görən sərnişinlər torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladları­nın ruhuna dualar oxuyublar.

Sərnişinlərə Ağdamda həyata keçirilən genişmiqyaslı tikinti, abadlıq-quruculuq işləri barədə də ətraflı məlumat verilib.

25 Yanvar 2022 06:00 -

Köhnə versiyamızdan xəbərləri izlə