Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Reytinq agentliklərinin hesabatlarında Azərbaycan iqtisadiyyatının perspektivi nikbin proqnozlaşdırılır

Azərbaycanın sosial-iqtisadi sahələrdə əldə etdiyi uğurlar, eləcə də ölkədə həyata keçirilən iqtisadi islahatlar, rəqabətədavamlı, innovativ iqtisadi sistemin formalaşdırılması istiqamətində atılan ardıcıl addımlar dünyanın aparıcı iqtisadi-maliyyə institutlarının, iqtisadi azadlıq səviyyəsini tədqiq edən mərkəzlərin diqqətindən kənarda qalmır və yüksək qiymətləndirilir.

Beynəlxalq reytinq agentliklərinin proqnozları da bir daha təsdiqləyir ki, Azərbaycan artıq iqtisadi cəhətdən azad ölkədir. Respublikada əlverişli biznes, investisiya mühiti mövcuddur. Eyni zamanda, hökumət vergi gəlirlərində və kapital xərclərində, habelə milli valyutanın məzənnəsi ilə bağlı təsirli nizamlayıcı addımlar atmaqla mövcud valyuta ehtiyatları­nın azalmasının qarşısını alır. Bu isə liberal iqtisadi islahatların, düşünülən, elmi əsaslara malik inkişaf konsep­siyasının həyata keçirilməsi, siyasi iradə nəticəsində mümkün olur və bütün bunlar isə dövlətimizin dünya­nın inkişaf etmiş ölkələri səviyyəsinə çatmaq əzmindən, Azərbaycanın uğurlu gələcəyindən xəbər verir.

Fikrimizin təsdiqi üçün “Standard & Poor's” (S&P) beynəlxalq reytinq agentliyinin Azərbaycan manatının məzənnəsi ilə bağlı yeni proqnozu­na diqqət yetirək. Belə ki, agentli­yin yaydığı məlumatda bildirilir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) mütəmadi müdaxilələri ilə ölkədə ABŞ dollarının məzənnəsi 1,7 manat səviyyəsində saxlanılacaq.

Həmin məlumatda daha sonra deyilir: “Buna baxmayaraq, fikrimizcə, karbohidrogen qiymətləri kəskin aşağı düşərsə və uzun müddət bu vəziyyətdə qalarsa, rəsmi orqan­lar məzənnəyə düzəliş imkanını nəzərdən keçirə bilər. Bu isə AMB-nin 2015-ci ildə üzləşdiyi xarici valyuta ehtiyatlarının əhəmiyyətli itkisinin qarşısını almağı gerçəkləşdirər”.

S&P, eyni zamanda, 2026-cı ilə qədər Azərbaycan manatının Amerika valyutası qarşısında məzənnəsinin dəyişməyəcəyini də proqnozlaşdırır.

Ötən il əmtəə birjalarında “Brent” markalı neftin bir barelinin orta qiymətinin 2020-ci ildəki 43 ABŞ dollarına qarşı 71 ABŞ dolları təşkil etdiyini vurğulayan S&P agentliyi cari ildə qiymətin orta hesabla 75 ABŞ dolları, 2023-cü ildə 65 ABŞ dolla­rı, 2024-2025-ci illərdə isə 55 ABŞ dolları olacağını proqnozlaşdırır. Yeri gəlmişkən, Azərbaycanın cari il üçün büdcəsində neftin orta qiyməti 1 barel üçün 50 ABŞ dolları səviyyəsində müəyyən edilib.

S&P, həmçinin Azərbaycan və Türkiyənin mərkəzi bankları arasında qonşu ölkənin valyuta ehtiyatlarının artırılmasına kömək etmək üçün bağlanılacaq svop müqaviləsi üzrə danışıqları da şərh edib: “Danışıqlar prosesi barədə ətraflı məlumata malik olmasaq da, mümkün müqaviləni əsasən siyasi motivli hesab edirik və bununla da AMB-nin beynəlxalq ehtiyatlarının əhəmiyyətli dərəcədə azalacağını gözləmirik”.

S&P, eyni zamanda, Azərbaycanın xarici mövqeyinin iqtisadi inkişafa mənfi təsiri yumşaldacağını bildirir. Qurumun mütəxəssislərinin qənaətinə görə, 2021-ci ildə güman edilən ikiqat profisitdən sonra bu il Azərbaycanın cari əməliyyatlarının profisiti ÜMD-in 10,8 faizini təşkil edəcək.

“Cənub Qaz Dəhlizinin işə salınması və gələcək 3-4 il ərzində genişlənməsi Azərbaycanın xarici göstəricilərini dəstəkləyəcək. Lakin bizim proqnozlarımıza görə, ortamüddətli perspektivdə bu, neft hasilatının azalması ilə kompensasi­ya olunacaq. Bununla yanaşı, daxili istehlakın və azad edilmiş ərazilərin bərpası ilə bağlı hökumətin planlaşdı­rılan tədbirlərinin görülməsi fonunda idxal bərpa olunur. Bundan başqa, güman edirik ki, 2024-cü ildə nef­tin qiyməti 55 ABŞ dollarına qədər azalacaq və növbəti illərdə həmin səviyyədə qalacaq”, – məlumatda deyilir.

S&P agentliyinin analitiklərinin fikrincə, Azərbaycanın xarici aktivlər üzrə güclü mövqeyi Dövlət Neft Fondunda toplanan xarici aktivlərin böyük həcmi ilə dəstəklənən reytinqin əsas gücü olmaqda davam edəcək.

“Bizim qiymətləndirmələrimizə görə, xarici likvid aktivlər 2025-ci ilə qədər xarici borcu üstələyəcək. Azərbaycanın qlobal iqtisadi şərtlərin potensial volatiliyindən asılı olmaq­da davam edəcəyinə baxmayaraq, onun xalis xarici aktivlər üzrə güclü mövqeyi iqtisadi dövrlərin iqtisadi inkişafa mənfi təsirini yumşaldacaq bufer rolunu oynayacaq”, – agentliyin məlumatında deyilir.

“Standard & Poor's” (S&P) beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici və milli valyu­tada uzunmüddətli və qısamüddətli suveren kredit reytinqlərini BB+/B səviyyəsində təsdiq edib, proqnoz “sabit” kimi saxlayıb. “Sabit proqnoz ondan xəbər verir ki, Azərbaycan, Ermənistan və Rusiya arasında əldə olunmuş razılaşma qüvvədə qalacaq, əlverişli neft qiymətləri və qaz ixra­cının artması qarşıdakı bir il ərzində Azərbaycanın maliyyə vəziyyətini və ödəmə balansını dəstəkləyəcək” – deyə S&P-nin məlumatında bildirilir.

Adı çəkilən beynəlxalq reytinq agentliyi bütün bunlarla yanaşı, onu da bəyan edib ki, S&P-nin BB kate­qoriyası müəyyənləşdirdiyi ölkələrdən Azərbaycanın fiskal və xarici fond mövqeləri ən güclülərdəndir. Hökumət əsasən Dövlət Neft Fondu (ARDNF) suveren rifah fondu çərçivəsində əhəmiyyətli likvid aktivləri toplayıb. Agentliyin proqnozlarına görə, 2025-ci ilədək hökumət, təxminən, ÜDM-in 70 faiz səviyyəsində likvid aktivlərə çıxış imkanına malik olacaq, dövlət borcu isə ÜMD-in 30 faizindən aşağı səviyyədə qalacaq. Əlverişli neft qiymətləri də Azərbaycanın maliyyə vəziyyətini və ödəmə balansı­nı dəstəkləyəcək.

“S&P Global Ratings” agentliyi Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarının 2024-cü ilə qədər 20,2 faiz artaraq 7,521 milyard ABŞ dolla­rına çatacağını da proqnozlaşdırır.

“Moody`s” beynəlxalq reytinq agentliyi tərəfindən isə Azərbaycanda makroiqtisadi dayanıqlılığın əsas qa­rantı kimi ölkəmizin valyuta rezervləri göstərilir ki, bu da Beynəlxalq Valyuta Fondunun metodoloji təlimatına görə, Neft Fondu və Mərkəzi Bankda yığı­lan ehtiyatlardır.

Makroiqtisadi şoklar çərçivəsində toplanan və idarəolunan ehtiyatlar isə enerji qiymətlərinin enməsi fonunda məzənnə və fiskal siyasətin daya­nıqlılığının və sabitliyinin qorunması üçün yeganə zəmindir. Bundan əlavə, neft-qaz gəlirləri hesabına formalaşan ehtiyatların dövlət borcunu üstələməsi və ödənməli borcların bağlanması, habelə büdcə defisitini kompensasiya etmə kimi rahatlıq, əminlik və inam for­malaşdırması makroiqtisadi dayanıqlı­lıq üçün əlavə zəmanət rolunu oynayır.

“Xalq qəzeti”

 

25 Yanvar 2022 06:59 - İQTİSADİYYAT
İQTİSADİYYAT
27 May 2022 | 09:43
Neft bahalaşdı

Köhnə versiyamızdan xəbərləri izlə