Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Müharibədən sonrakı reallıqlar və media” mövzusunda üçgünlük təlimlərə start verilib

Yanvarın 24-də Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Medianın İnkişafı Agentliyi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) birgə təşkil etdiyi “Müharibədən sonrakı reallıqlar və media” mövzusunda üçgünlük təlimlərin açılışı olub.

AZƏRTAC xəbər verir ki, jurnalistlər üçün keçirilən təlimlərin məqsədi Azərbaycandakı media nümayəndələrinin müharibədən sonrakı dövrdə fəaliyyətlərinə töhfə verməkdir.

Təlimlərin açılış mərasimində Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, Xarici İşlər Nazirliyi­nin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva və başqaları iştirak ediblər.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, təlimlərin təşkilində əsas məqsəd beynəlxalq qurumlarla işləyən və media sahəsində çalışan jurnalistlərin peşəkarlığının artırılmasıdır. Onun sözlərinə görə, media nümayəndələri beynəlxalq qurumlarla, səfirliklərlə sıx işləməli, həqiqətlərin dünyaya çatdırıl­masında daha fəal olmalıdırlar.

Media sahəsində müəyyən problemlərin olduğunu diqqətə çatdı­ran F.Şəfiyev beynəlxalq əlaqələrin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb. Bildirib ki, jurnalistlər məzmun yaratmalıdırlar. Məqsəd odur ki, beynəlxalq münasibətlər çərçivəsində əlaqələr daha da inkişaf etdirilsin, Azərbaycanın səsi beynəlxalq aləmdə daha yaxşı eşidil­sin. Bu mənada araşdırma xarakterli yazıların sayı artırılmalıdır.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov vurğulayıb ki, müharibədən sonrakı reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasında medianın üzərinə bö­yük məsuliyyət düşür. Postmüharibə və postmünaqişə dövründə bu mövzuda təlimlərin təşkili mühüm əhəmiyyət kəsb edir. Beynəlxalq sahədə ixtisaslaşmış jurnalistlərə böyük ehtiyac duyulur.

Ə.İsmayılov diqqətə çatdırıb ki, Azərbaycan jurnalistləri hər zaman fədakarlıqları ilə seçiliblər. Biz bunu Vətən müharibəsi dövründə də gördük. Jurnalistlər peşəkarlıqlarını daim artırmalıdırlar. Media nümayəndələrinin peşəkarlığı ölkə daxilində qalmamalı, sərhədləri aşmalıdır.

İcraçı direktor Medianın İnkişafı Agentliyinin bu platformanı öz üzərinə götürəcəyini və prosesin davam etdiriləcəyini bildirib. Bu platformanın həm jurnalistlərin peşəkarlığının ar­tırılmasına, həm də ümumi işə fayda verəcəyini qeyd edən Ə.İsmayılov təlimlərə xarici mütəxəssislərin də cəlb olunacağını diqqətə çatdırıb.

İcraçı direktorun sözlərinə görə, qarşıya qoyulan məqsədlərdən biri də rəqəmsal medianın inkişaf etdirilməsidir.

Əhməd İsmayılov vurğulayıb ki, son dövrlərdə sosial şəbəkələrin təsirinin artması danılmazdır. Me­dia sahəsində rəqəmsallıq, sosial şəbəkələrlə iş və peşəkarlıq vəhdət təşkil etməlidir. Jurnalistin adi vətəndaşdan fərqi hadisələri obyektiv və qərəzsiz təqdim etməsidir. Burada maarifləndirmə də mühüm şərtdir.

Açılış məqasimindən sonra Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Azərbaycanın müharibədən sonra­kı dövrədə mövqeyinin beynəlxalq mediaya düzgün çatdırılması dili və terminologiyanın dəyişməsi”, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik-leytenant Anar Eyvazov “Media nümayəndələrinin işğaldan azad olunmuş bölgələrdə davranı­şı” və BMTM-in baş məsləhətçisi Vasif Hüseynov “Xarici mediada Azərbaycan həqiqətlərinin çatdırıl­masına dair məqalələrin yazılması” mövzularında təlimlər keçiblər.

Qeyd edək ki, təlimlərin ikinci günündə Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini El­nur Məmmədov “Postmünaqişə dövründə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması. Təhdidlər və perspektivlər”, Xa­rici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəisi Yalçın Rəfiyev “44 günlük Vətən müharibəsi dövründə və ondan sonra beynəlxalq təşkilatlar çərçivəsində aparılan fəaliyyət”, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Postmünaqişə dövründə Azərbaycanın xarici siyasətinin prioritetləri” mövzularında mühazirələr oxuyacaqlar.

Təlimlərin üçüncü günü – yanvarın 26-da Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzi, Hərbi Nəşriyyat və Hərb Tarixi Muzeyinə press-tur təşkil ediləcək.

Sonda jurnalistlərə sertifikatlar təqdim olunacaq.

25 Yanvar 2022 04:56 -

Köhnə versiyamızdan xəbərləri izlə