Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xeyriyyəçilik ənənələri uğurla davam etdirilir

Məlum olduğu kimi, bu il yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışında iştirak edib. Dövlətimizin başçısı metronun “İçərişəhər” stansiyasının qarşısındakı meydanda ucaldılan abidənin üzərindəki örtüyü götürüb və açılış mərasimində hər dəfə olduğu kimi, bu dəfə də parlaq, dərin məzmunlu çıxış edibdir.

Bu hadisə ölkəmizin bütün vətənpərvərvər sakinləri, ziyalıları kimi, məni də çox sevindirdi və bu qeydləri yazmağa sövq etdi. Əvvəlcə bildirək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə ucaldılan bu gözəl abidə bürüncdəndir və şəhərin mərkəzində, ən yaraşıqlı yerlərindən birində ucaldılıb. Fikrimcə, bu, ilk növbədə, xalqımızın qəlbində özünə dərin inam və əbədi hörmət qazanan Hacı Zeynalabdin Tağıyevə və onun parlaq şəxsiyyətinə olan sonsuz məhəbbətin təzahürüdür.

Qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti 2019-cu ildə heykəlin hazırlanması üzrə açıq müsabiqə elan etmişdi. Müsabiqəyə təqdim olunan layihələr arasından Xalq rəssamı Xanlar Əhmədovun layihəsi qalib seçilib. Xalq rəssamı, həqiqətən, hörmətli Hacıya layiq sənət nümunəsi ortaya qoyubdur.

Möhtərəm Prezidentimiz açılış mərasimində Hacı Zeynalabdin Tağıyev barəsində danışarkən dedi ki, onun haqqında çox danışmaq olar. O, böyük şəxsiyyət idi, xalqa bağlı olan, xalqı qəlbən sevən, xalqın gələcəyini düşünən bir insan idi. Dövlətmizin başçısı sonra fəxrlə bildirdi ki, XIX əsrdə xeyriyyəçilik ənənələrini məhz Zeynalabdin Tağıyev qoymuşdur.

Bu ənənələr sovet dövründə, təəssüf ki, davam etdirilmədi. Azərbaycan Xalq Cümhuriyyəti süqut edəndən sonra sovet hakimiyyəti Tağıyevi bütün imkanlardan məhrum etmişdi, onun bütün əmlakları əlindən alınmışdı, tək bir bağ qalmışdı, orada da o, ömrünün sonuna qədər yaşamışdı. O, uzun ömür yaşadı, dolğun ömür yaşadı. Ancaq əfsuslar olsun ki, ömrünün sonunda bu cür ədalətsizliklə üz-üzə qaldı və həyatdan çox narahat getdi.

Bu yerdə bir məqamı xüsusi vurğulamaq istəyirəm. Mənə elə gəlir ki, xeyriyyəçilik ənənələrini qorumaq və yaşatmaq hər bir xalqın mənəvi gücünü və qüdrətini özündə ehtiva edir. Azərbaycan xalqı məhz belə mədəni və güclü xalqlardan biridir.

Təsadüfi deyildir ki, Prezident İlham Əliyev bu barədə danışarkən demişdir: “Bu gün isə müstəqil Azərbaycanda xeyriyyəçilik ənənələri, onun qoyduğu xeyriyyəçilik ənənələri davam edir, geniş vüsət almışdır. Bildirməliyəm ki, bu sahədə ən böyük xeyriyyəçi nəinki Azərbaycanda, Cənubi Qafqazda Heydər Əliyev Fondudur. Heydər Əliyev Fondu 20 ilə yaxındır ki, yaradılmışdır və bütün bu illər ərzində fondun əsas məqsədi, vəzifəsi insanlara kömək göstərmək, Azərbaycan mədəniyyətini dünyada təbliğ etmək, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, elm sahələrinə töhfə verməkdir”.

Bəli, bu bir həqiqətdir ki, Azərbaycanın multikultural dövlət kimi dünyada tanıdılmasında Heydər Əliyev Fondunun müstəsna xidmətləri vardır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə bu sahədə həyata keçirilən bir-birindən dəyərli layihələr hər birimizin qəlbində dərin məmnunluq hissləri doğurur.

Şanlı Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin təşəbbüsü ilə Qarabağ Dirçəliş Fondu, “YAŞAT” Fondu yaradılmışdır. Azərbaycan vətəndaşları, eyni zamanda, şirkətlər könüllü olaraq həm Qarabağ Dirçəliş Fonduna, həm “YAŞAT” Fonduna vəsait təqdim edirlər və bu vəsait hesabına bu gün yüzlərlə qazi həm Azərbaycanda, həm də, xüsusilə, xaricdə müalicə alır, həyata qayıdır, öz sağlamlığını bərpa edir.

Cənab İlham Əliyevin qeyd etdiyi ki, bütün bunlar bir daha onu göstərir ki, xeyriyyəçilik hər zaman Azərbaycan xalqının ayrılmaz əlaməti olubdur. Sadəcə olaraq, buna şərait yaradılmalı, dövlət tərəfindən bu siyasət dəstəklənməli idi.

Bəli, bu gün Azərbaycanda xeyriyyəçilik ənənlərinin daha da genişlənməsi üçün gözəl şərait yaradılıbdır. Azərbaycan vətəndaşı olaraq, bizim hər birimiz bu müdrik siyasəti ürəkdən alqışlayır və dəstəkləyirik.

Qəhrəman QASIMOV,

Qubada çıxan “Şəfəq” qəzetinin redaktoru, Əməkdar jurnalist

25 Yanvar 2022 05:49 -

Köhnə versiyamızdan xəbərləri izlə