Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kəlbəcərdə erməni vandalizminə məruz qalmış alban abidələri bərpa edilir

1993-cü ildə ermənilər tərəfindən işğal edilən Kəlbəcər rayonu 2020-ci ilin noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata uyğun olaraq Azərbaycana təhvil verilib. Prezident İlham Əliyevin göstərişi ilə digər tarixi-mədəni, dini abidələrimiz kimi, Kəlbəcər rayonunun ərazisində yerləşən alban abidlərinin də bərpasına başlanılmışdır.

Prezident İlham Əliyev Kəlbəcərə səfəri zamanı demişdir: “Vəhşi ermənilər başqa şəhər və kəndlərimiz kimi, Kəlbəcəri də dağıdıblar. Bütün binalar da­ğıdılıb. Bəzi binalarda ermənilər qanunsuz yaşayırdılar. Buradan çıxanda o binaları da yandırıb, sökdülər. Vaxt dəyişir, amma erməni faşizminin eybəcər sifəti dəyişmir. 1990-cı illərin əvvəllərində bu torpaqları işğal edərkən bizim şəhər və kəndlərimizi dağıtmışdılar. 2020-ci ildə biz bunları buradan qovanda da gedə-getdə ağacları kəsib, yandırıb, binaları dağıdıblar”.

Məlumdur ki, Kəlbəcərdə alban dövrünə aid xeyli tarixi abidə var. Bunlardan ən məşhuru Xudavəng məbəd kompleksidir. Bu abidə kompleksi Kəlbəcər rayonunun şərqində – rayonunun 29 kilometrliyində yerləşir. "Xudavəng" abidə kompleksi (VI-VII əsrlərdə, bəzi tədqiqatçılara görə VIII–IX əsrlərdə) alban knyazı tərəfindən tikilib. Ümumilikdə, kompleksə doqquz tikili daxildir: 1. Qədim kilsə; 2. Kiçik birnefli Müqəddəs Məryəm ana bazilikası; 3. Arzu xatun məbədi; 4. Həsən Cəlal məbədi; 5. Müqəddəs Qriqoris məbədi; 6. Arzu xatun məbədinə əlavə edilmiş zal; 7. Zəng qülləsi; 8. Məktəb binası; 9. Qalereya.

Kompleksə daxil olan Arzu xatun məbədi öz monumentallığı ilə seçilir. Bu məbəd Alban knyazı Vaxtanqın xanımı Arzu xatun tərəfindən ərinin və iki oğlunun xatirəsinə inşa etdirilmişdir.

Düzbucaqlı şəklində inşa edilmiş kilsənin qapısının hər iki tərəfində xırda otaqlar vardır. Binanın üzərində böyük bir qübbə ucaldılmışdır. Qübbənin üstü isə konusvari damla örtülmüşdür. Məbədin fasadı səliqə ilə yonulmuş daşla üzlənmiş, daşların üstündə qabartma və oyma şəklində çox incə naxışlar işlənmişdir. Məbədin şərq fasadında daş üzərində Vaxtanqın, cənub fasadında isə Arzu xatunun və iki oğlunun təsvirləri həkk edilmişdir.

Torpaqlarımız işğal edildikdən sonra “Xudavəng” məbədi də dəfələrlə ermənilərin təcavüzünə məruz qalmışdır. Düşmən abidədəki Alban kilsəsinə aid xaç və yazıları balta ilə çaparaq yox etmiş, beləliklə, tarixi saxtalaşdırmağa çalışmış­dır. Onlar öz təbliğatlarında bu məbədi erməni kilsəsi kimi təqdim edir, xalqımızın maddi-mədəni irsini özününküləşdirirlər.

Kəlbəcər rayonunun Vəng kəndi ərazisində “Gəncəsər” monastrı Xaçın çayının sol sahilində yerləşən XIII əsr xristian-alban monastrıdır. Orta əsrlərdə bura alban kilsələrinin mərkəzi iqamətgahı olmuşdur.

Məbəd Gəncədağ dağında tikilmiş və adını da buradan almışdır. Dağın adı isə ərəb dilindəki kənisə – “məbəd” və Azərbaycan dilindəki “dağ” sözündəndir. “Kənisə” sözünün ərəb dilində olması ora­da ərəblərin yaşaması ilə əlaqədar deyil. Bu, o deməkdir ki, XII əsrdə Azərbaycan dilində kənisə (kənsə, gənzə) sözü vardı və Azərbaycan dilindən həmin söz dağın adına keçmişdir.

Hətta, XVII əsrin sonlarında da yerli əhali “Gəncəsər”i alban adlandırırdı. Ruhani Apav monastrın damını bərpa edib orada belə bir yazı qoymuşdur: “... Aqvan Gəncəsərin müqəddəs taxtında bizim saf niyyətlə verilmiş vəsaitlərimizdən istifadə edib kilsələrin damlarını və dağılmış divar­larını tikdilər”.

“Gəncəsər” və onun camaatının XIII əsr Alban kilsəsinin sonrakı tarixini öyrənmək üçün çox mühüm sənəddir. Abidədə bir çox diofizit elementləri var ki, bunlar da XIII əsrdə Alban katolikos­luğunun başqa kilsələrə tabe olmaq istəməməsini bir daha təsdiq edir.

Məbəd kompleksinin memarlıq planlaş­dırma və kompozisiya həlli, heykəltəraşlıq nümunələri və diofizit xarakterli elementləri onun çoxəsrlik ənənələri olan Azərbaycan Albaniyası memarlığına aid olduğunu təsdiq edir.

“Gəncəsər” məbədinin orta əsrlərdə mülkü də vardı. Bu mülkdə yerləşən kəndlərin əhalisi məbədə mənsub idi. 1825-ci ilə aid arxiv sənədlərində göstərilir ki, 4 ailədən ibarət Ballıqaya və 55 ailədən ibarət Vəngli kəndlərinin istifadə etdiyi tor­paqlar “Gəncəsər mülkü”, həm də Güzlək və Dizak adlanır. Sənəddə qeyd olunur ki, Ballıqayanın əhalisi təmiz türklərdir (azərbaycanlılardır), amma Vənglidə ermənilər də yaşayır, onları məbədin kahi­ni Sərkis xaricdən gətirmişdir.

Kəlbəcərdə yerləşən, işğal zamanı bərbad günə qoyulan digər alban abidələri də bərpa edilərək öz əvvəlki görkəminə qaytarılacaq.

Hazırladı:M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

25 Yanvar 2022 05:48 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə