Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əsas strateji vəzifələrimizdən biri işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulmasıdır

Müsahibimiz Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Elman Nəsirovdur:

– Elman müəllim, hazırda dün­yanın nəzər-diqqəti Azərbaycana yönəlib. Adətən, müharibədən çıxmış dövlət, hətta qalib olsa da, bir neçə il özünə gələ bilmir. Çün­ki müharibə dağıntılara, itkilərə səbəb olur. Azərbaycan isə Vətən müharibəsindən sonra dərhal Qa­rabağda yenidənqurma, abadlıq-quruculuq işlərinə başladı. Bunu necə izah edərdiniz?

– Həqiqətən də, tarixdən bəllidir ki, dünyada baş verən müharibələr tərəflərə ağır itkilər bahasına başa gəlir və həmin itkilərin ye­rini doldurmaq, dağıntıları bərpa etmək üçün illərlə vaxt sərf olu­nur. Müharibə, həm də iştirakçı dövlətlərin iqtisadiyyatına güclü zərbə vurur. Azərbaycanda isə bu­nun əksinin şahidi olduq. Məlumdur ki, Ermənistan öz havadarlarının dəstəyi ilə Azərbaycan ərazisnin 20 faizini 30 ilə yaxın müddətdə işğal altında saxladı. Bu müddət ərzində işğalçı ölkə nə qədər qəddar, zalım, əzazil olduğunu dağıntıları, şəhər, qəsəbə və kəndləri viranə qoymaları ilə nümayiş etdirdi. Ermənilər, hətta faşistlərdən də qəddar olduqlarını sübut etdilər. Möhtərəm Prezidenti­mizin də dediyi kimi, təbii ki, bu işğal daimi ola bilməzdi. Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaradılması ilə heç vaxt barışa bilməzdi və barışmadı da.

Məlum olduğu kimi, 2020-ci il sentyabrın 27- də Ermənistan öz havadarlarına güvənərək, ölkəmizə qarşı müharibəyə başladı və... bu dəfə layiqli cavabını aldı. Söz yox ki, həmin vaxta qədər işğalçılar bir neçə dəfə Azərbaycan Ordusu tərəfindən cavablarını almışdılar. Ancaq bundan nəticə çıxarmamış­dılar. Görünür, “böyük Ermənistan” yaratmaq iştahası onları rahat buraxmırdı. Ona görə də bu dəfə böyük iştaha ilə müharibəyə başladılar. Ancaq qarşılarında, “dəmir yumruğ”u, müzəffət Ali Baş Komandanı və güclü Azərbaycan Ordusunu gördülər. Cəmi 44 gün tab gətirə bildilər. Həmin günlər ərzində Silahlı Qüvvələrimiz düşmənə elə divan tutdu ki, hələ də özlərinə gələ bilməyiblər.

Vətən müharibəsindəki şanlı Qələbəmiz haqq - ədalət uğrunda apardığımız mübarizənin parlaq sonu kimi Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Bu Qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq.

Müharibə başa çatandan bir həftə sonra Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva işğaldan azad edilmiş ərazilərimizə səfər etdilər. Bildiymiz kimi, ilk səfər Füzuli və Cəbrayıl rayonlarına oldu. Dövlət başçımız, həm də müzəffər Ali Baş Komandan kimi qəhrəman Azərbaycan Ordu­sunun işğaldan azad etdiyi tarixi torpağımızda üçrəngli bayrağımızı ucaltdı və bəyan etdi ki, bundan sonra bu torpaqda biz yaşayacağıq, necə ki, əsrlər boyu yaşamışıq, bizim xalqımız yaşayıb. Həmin gün Qarabağda yenidənqurma, abadlıq və tikinti işlərinin təməli qoyuldu. Artıq bu siyasətin real­laşdırılması prosesinə start verildi. Xalqımız müharibə dövründə olduğu kimi, yenidənqurma işlərində də möhtərəm Prezidentimizin ətrafında sıx birləşdi. Qarabağda erməni vandalları hər şeyi məhv etdiklərinə görə, orada yenidənqurma işlərinə, ümumiyyətlə, bütün işlərə sıfır­dan başlanıldı. Əgər hər hansı bir işə sıfırdan başlanılırsa, o zaman mütərəqqi dünyanın şəhər qurucu­luğu sahəsində ən uğurlu praktikası hansıdırsa, həmin praktikadan da istifadə olunur və onun tətbiqi real­laşdırılır. Hazırda Qarabağın bərpası prosesində də məhz eyni metodoloji yanaşmanın şahidi oluruq.

İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin belə geniş miqyas alması dünya ictimaiyyətini heyrətləndirməyə bilməzdi. Çünki müharibədən yenicə çıxmış dövlətin dərhal abadlıq işlərinə başlaması, ilk növbədə, həmin dövlətin iqtisadi gücündən asılıdır. Yenidənqurma işlərinə başlanılan ilk gündən dövlət başçımızın sərəncamı ilə büdcədən 2,2 milyard manatın ay­rılması ölkəmizin iqtisadi qüdrətinin göstəricisi idi. Ötən ilə nəzər saldıqda, bir daha şahidi oluruq ki, nəzərdə tutulan proqramlar uğurla icra olunub. Ən əsası odur ki, bütün ərazilərdə yenidənqurma işləri baş plana əsasən aparılır. Məlum olduğu kimi, hər bir rayonda start götürən yenidənqurma işləri dövlət başçımı­zın və həmin rayonların sakinlərinin iştirakı ilə təqdim olunmuş baş plan əsasında aparılır. XXI əsr texno­logiyalar əsridir və bu sahədə çox böyük tərəqqi müşahidə olunmaq­dadır. Ona görə də bütün işlər plan əsasında həyata keçirilməlidir.

– Həyata keçirilən layihələr də təsdiqləyir ki, Qarabağın bərpası prosesində də məhz eyni metodo­loji yanaşma özünü göstərir.

– Əlbəttə, elədir. Bütün işlər mü­asir tələblər əsasında qurulmalıdır. Əgər biz sıfırdan kənd və yaşayış məntəqəsi yaradırıqsa, niyə onu elə 100–200 il bundan əvəlki kənd kimi yaratmalıyıq? Artıq XXI əsrin kəndi yaradılır və ona “smart kənd”, “ağıllı kənd” deyilir. “Ağıllı kənd” o deməkdir ki, onun idarəçiliyi elektron sistem vasitəsilə həyata keçirilir, hər şey nəzarətdədir, elektron qaydada sürətli yüksək templə həyata keçirilir və tənzimlənir. Qısa müddətdə tikilib istifadəyə verilmiş Füzuli Beynəlxalq Hava Limanını da diqqətə çatdırmaq istərdim. Cəmi 8 ay ərzində tikilmiş həmin aeroprt bütün beynəlxalq standartlara cavab verir. Hətta bu hava limanı ilk xarici qonağını da – qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanı qəbul etdi. Yeri gəlmişkən, onu da qeyd edim ki, müstəqillik tariximizdə ilk dəfə idi ki, dövlət başçımız Qarabağda xarici ölkə Prezidentini qəbul edirdi.

Nəzərə alsaq ki, Füzuli rayo­nu Qarabağa giriş qapısı rolunu oynayır və məhz burada beynəlxalq hava limanının inşası hərtərəfli məqsədəuyğundur. Növbəti hava limanının təməli Laçın rayonunda qoyulmuşdur. Mürəkkəb dağlıq relyefə malik olan Laçın rayonunda belə bir strateji nəqliyyat infrastruk­turunun yaradılması gələcəkdə bu istiqamətdə daşımaların daha da effektiv olmasına xidmət edəcəkdir. Zəngilanda isə hava limanının tikintisi nəqliyyat qovşağı baxı­mından olduqca vacibdir. Çünki Zəngilan Azərbaycanın Ermənistan, İran və Naxçıvanla sərhədində yerləşir. Bu, həm də “Qarabağ Azərbaycandır!” müdrik kəlamının əyani göstəricisidir.

Möhtərəm Prezidentimiz Qarabağın “yaşıl enerji” zonasına çevrilməsini qarşıya məqsəd qoyub. Belə olan təqdirdə “yaşıl enerji” zonası həm də o deməkdir ki, ekoloji baxımdan təmizlik məsələləri ön pla­na keçir. Prezident İlham Əliyev ötən günlərdə yerli televiziya kanallarına müsahibəsində də bu barədə ətraflı məlumat verdi. Dövlət başçımız bildirdi ki, bu ərazilərdə, ilk növbədə, yolların və elektrik xətlərinin bərpası vacibdir. Azad edilmiş bütün ərazilərdə qısa müddətdə 7 yarıms­tansiya inşa edilib. Bunların hamısı ümumi dairəvi şəbəkəyə qoşulub. Dövlət başçımızın qeyd etdiyi kimi, qışın soyuğunda, qarında, şaxta­sında Kəlbəcər rayonuna hündür­lüyü 3500 metr olan Daşkəsəndən elektrik xətləri çəkmək böyük fədakarlıqdır. Bu işlərin görülməsi təkcə maliyyə baxımından deyil, texnika, mütəxəssis, mükəmməl kadr məsələlərində də qazandığımız uğurlardan xəbər verir.

Qeyd etdiyim ki, “yaşıl enerji” zonası həm də ekoloji baxımdan təmizlik məsələlərində mühüm rol oynayır. Məlum olduğu kimi, ekoloji problemlər dünyanı narahat edən qlobal problemlər içərisində öncül sırada dayanır. Ekoloji baxımdan Qarabağ regionu fərqlənməlidir, seçilməlidir. Həm də bu, turizm nöqteyi-nəzərindən də olduqca əhəmiyyətlidir. Ona görə də, “eko” sözünün atılan addımların əvvəlinə əlavə edilməsi həmin mənanı ifadə edir. Belə olan vəziyyətdə sıfırdan qurulan Qarabağda niyə də ekoloji sistemin saflığı, təmizliyi təmin edilməsin? Ona görə də, burada həm “ağıllı kənd”, “ağıllı şəhər”, ağıllı idarəçilik yanaşması , “yaşıl enerji” və paralel şəkildə də ekoloji baxımdan bütün bu proseslərin tənzimlənməsi, yüksək səviyyədə təmin olunması həyata keçirilir. Qarabağı ideal bir əraziyə və dünyanın ən gözəl layihələrindən birinə çevirmək bu nöqteyi-nəzərdən strateji hədəfdir. Ona görə də atılan addımlar da həmin strateji hədəfin reallaşmasına xidmət göstərir.

– Bundan ötrü yol infrastruk­turunun, eyni zamanda, digər sahələrin də beynəlxalq standart­lar səviyyəsində qurulması vacib məsələlərdəndir.

– Elədir ki, var. Bu gün Zəfər yolu adlandırılan Füzuli – Şuşa yolu artıq istifadəyə verilib. Dövlət başçımız yerli telekanallara müsahibəsində də yolların tikintisi məsələsinə toxundu. Qeyd etdi ki, təkcə o bölgələrdə – Ermənistanla həmsərhəd olan yerlərdə – Kəlbəcər, Laçın, Zəngilan, Qu­badlıda 700 kilometrə yaxın yol çəkmişik. Bu, mövqelərə, hərbi hissələrə, yüksək dağlara gedən yoldur. Hazırda şəhərlərarası yollarda işlər davam etdirilir. Həmin ərazilərdə tunellərin çəkilişi, əlbəttə, hamını heyrətləndirir. Məsələn, Göygöldən Kəlbəcərə uzunluğu 11 kilometrdən çox olan tunel çəkilir. Kəlbəcərlə Laçın rayonu arasında da uzunluğu 4 kilometr olan daha bir tunel çəkilir. Bu tunellər həm strateji, həm də vətəndaşların öz dədə-baba ərazilərinə rahat və təhlükəsiz qayıtmaları baxımından çox əhəmiyyətlidir. Hazırda Bərdə – Ağdam avtomobil yolu inşa edilir. Eyni zamanda, həm strateji nöqteyi- nəzərdən, həm də turizmin inkişafı baxımından əhəmiyyətli hesab edilən Naftalan, Talış və Suqovşanı birləşdirən yol tikintisi üzərində işlər davam etdirilir.

Füzuli–Şuşa – Zəfər yolu istifadəyə verildikdən sonra ikinci magistral yol çəkilir. Füzuli–Hadrut, Füzuli – Cəbrayıl, Horadiz–Ağbənd, Zəngilan – Qubadlı – Laçın yolu, Laçın istiqamətində əlavə yolların çəkilməsi də uğurla davam etdi­rilir. Hazırda dəmir yollarının da bərpası qarşıya qoyulan prioritet vəzifələrdəndir. Artıq Bərdə –Ağ­dam, Horadiz–Ağbənd –Zəngəzur dəhlizinin bir parçası olan dəmir yollarının inşasına başlanılıb.

Dövlət başçımız müsahibəsində bu məsələni də diqqətə çatdırdı. Dedi ki, Qarabağda yenidənqurma və bərpa işləri bütün sahələri əhatə edir. Hazırda tarixi abidələrin bərpası üzərində də işlər davam etdirlir. Son vaxtlar Şuşa şəhərində bu istiqamətdə xeyli iş görülüb. Eyni zamanda, Ağdam, Zəngilan, Hadrut, Daşaltı məscidlərinin təməli qoyulub və təmir işlərinə start verilib. Möhtərəm Prezidentimiz bildirdi ki, bu il artıq həmin infrastruktur layihələri ilə yanaşı, şəhərsalma layihələri də icra ediləcək. Ha­zırda Qarabağda məktəblərin, xəstəxanaların təməli qoyulur. Şuşada artıq yaşayış kompleksinin inşasına start verilib.

Sevindirici və qürurverici xəbərlərdən biri də işğaldan azad edilmiş ərazilərimizə sərnişin av­tobuslarının müntəzəm reyslərinin başlanılmasıdır. Reyslər Bakı–Şuşa, Bakı–Ağdam, Əhmədbəyli–Şuşa, Füzuli Beynəlxalq Hava Limanı–Şuşa və Bərdə–Ağdam istiqamətlərində şəhərlərarası av­tobus marşrutları ilə yerinə yetirilir. Artıq hər bir marşrut üzrə sınaq səfərləri həyata keçirilib, istismar ediləcək avtobusların sinifləri də müəyyən olunub. Bütün bunlar şanlı Qələbəmizin xalqımıza bəxş etdiyi sevincdir. Həm də düşmənlərimizə və onların havadarlarına ciddi me­sajdır: “Qarabağ Azərbaycandır!”

Müsahibəni apardı: Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

25 Yanvar 2022 05:44 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə