Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Həyata keçirilən layihələr əhalinin sosial müdafiəsini gücləndirir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən məşğulluq xidmətlərinin icrasında həssas əhali qruplarına, o cümlədən, əlilliyi olan şəxslərə üstünlük verilir. 2021-ci ildə 1348 nəfər əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb edilib və onlar üçün təlimlər təşkil olunub. Təlimlərdə kiçik biznesin təşkili və idarəedilməsi üzrə bilik və bacarıqlara yiyələnən həmin şəxslər proqram çərçivəsində seçdikləri sahələr üzrə mal və materiallarla təmin olunaraq öz təsərrüfatlarını qurub­lar. Həmçinin, agentlik tərəfindən ötən il 2850 əlilliyi olan şəxs əmək müqaviləsi əsasında münasib işlərlə təmin edilib.

Nazirlikdə Dünya Bankının nümayəndələri ilə keçirilən görüşdə ötən dövrdə sosial sahədə əldə edilən uğurlu əməkdaşlıq təcrübəsi qeyd edilib və yeni – “Məşğulluğa Dəstək Layihəsi”nin əhəmiyyəti vur­ğulanıb. Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq ölkədə aktiv məşğulluq proqramları ildən-ilə genişləndirilir. Belə ki, ötən il 16232 şəxs özünüməşğulluq proq­ramına cəlb olunub ki, bu da proq­ramın icrasına başlanıldığı 2017-ci illə müqayisədə 13,8 dəfə çoxdur. Proqramın fəaliyyət sahələrinin sayı da artaraq 44-ə çatıb. Nazirlik və Dünya Bankının birgə icra etdiyi “Azərbaycanda məşğulluğa dəstək” layihəsinin özünüməşğulluq proq­ramının genişləndirilməsi və icra mexanizminin effektivliyinin artırıl­masına mühüm dəstək olduğu qeyd edilib. Əhalinin həssas qruplarından olan 22 min işsiz şəxsin bu layihə üzrə istehsal və xidmət sahələri üzrə kiçik bizneslərini yaradacağı diqqətə çatdırılıb.

Qeyd edək ki, artıq 6 mindən çox işsiz şəxs layihə üzrə biznes təlimlərə cəlb edilib ki, onla­rın 1033-ü şəhid ailəsi üzvü və müharibə iştirakçısıdır. Layihənin icrasında qadınlara və gənclərə də üstünlük verilir. Layihə üzrə biznes təlimlərə cəlb edilmiş şəxslərin 1771-i qadın, 1806-sı gəncdir.

Bu il isə “Məşğulluğa Dəstək Layihəsi”nə daha 6 min şəxs cəlb edilərək kiçik biznesləri qurulacaq. Layihə iştirakçılarına aktivlərin təqdim edilməsi prosesi davam edir. Layihə məşğulluq xidmətləri və proqramlarının gücləndirilməsi, xü­susi təlim modullarının hazırlanması və yenilənməsi, əmək bazarının eh­tiyaclarının qiymətləndirilməsi üzrə kadr potensialının gücləndirilməsi, işaxtaranlar üçün statistik profilləşdirmə alətlərinin və bacarıq­ların qiymətləndirilməsi testlərinin hazırlanması və s. istiqamətlərdə də dəstək rolunu oynayır.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həssas kateqoriyadan olanların sosial müdafiəsinin möhkəmləndirilməsi üçün göstərilən xidmətlərə də xüsusi diqqət ayırır. Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən ötən il əmək qabiliyyətli qohumla­rı ilə eyni yaşayış məntəqəsində yaşamayan tənha, yaşlı və əlilliyi olan 8834 şəxsə evlərində sosial-məişət xidmətləri göstərilib. Onlardan 7333-ü ahıl (yaşı 70 və yuxarı olan) şəxslər olub. 1501 nəfəri isə yaşı 70-dən aşağı, əlilliyi olan və tənha yaşayan şəxslər, eləcə də, yaşı 65 – 70 arasında olan, qohumları ilə birgə yaşamayan, koronavirus pandemi­yası ilə əlaqədar müəyyən bir dövrdə evdə sosial – məişət xidməti dəstəyi ilə təmin olunmuş şəxslər təşkil edib. Sosial xidmətçilər tənha, yaşlı və əlilliyi olan şəxslərin evlərinə gələrək onlara ev təsərrüfatında təmizlik işlərinin aparılması, əsas tələbat mallarının alınması və digər işlərdə köməklik göstəriblər.

Bundan başqa, 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar ƏƏSMN tərəfindən 20 Yanvar şəhidlərinin ailələrinə və 20 Yanvar əlillərinə birdəfəlik maddi yardım edilib. Bu kateqoriyalara aid, ümumilikdə, 333 nəfərin hər birinin bank hesabına 200 ma­nat məbləğində birdəfəlik maddi yardım köçürülüb. Bakı şəhərində qeydiyyatda olanlar Beynəlxalq Bankın Bakı şəhərindəki istənilən filialına, digər şəhər və rayonlarda qeydiyyatda olanlar isə Beynəlxalq Bankın həmin ərazilər üzrə fi­liallarına şəxsiyyət vəsiqəsi ilə müraciət edərək birdəfəlik maddi yardımı almaq üçün bank kartları­nı götürüblər. Qeyd edək ki, digər sosial ödənişlərdə artımlar edildiyi kimi, bu birdəfəlik maddi yardımın məbləği də ötən ilə nisbətən 2 dəfə artırılıb.

Onu da diqqətə çatdırmaq yerinə düşər ki, Prezident İlham Əliyevin təsdiq etdiyi “İşsizlikdən sığorta haqqında” Qanuna edilmiş dəyişiklik işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə daha bir dəstəkdir. Yeni dəyişikliklə işsizlikdən sığorta ödənişinin təyin olunması şərtləri bir qədər də yumşaldılıb. Belə ki, dəyişikliyə əsasən, müddətli əmək müqaviləsinin müddətinin bitməsi səbəbindən işdən azad olunan şəxslər üçün tələb olu­nan staj müddəti azaldılaraq 36 aydan 30 aya endirilib. Sığorta ödənişinin təyin olunması üçün əmək qabiliyyətli şəxslərin işsiz kimi qeydiyyata alındığı tarixdən sonra əvvəllər tələb olunan 3 ay gözləmə müddəti isə ləğv edilib. Yəni, yenə dəyişikliyə əsasən, sığorta ödənişi sığorta hadisəsinin baş verdiyi tarixdən təyin olunacaq. Deməli, işini itirən şəxsin müraciət etdiyi aydan etibarən işsizlikdən sığorta ödənişi almaq hüququ yaranacaq. İşsizlikdən sığorta ödənişi 3 halda ödənilir: işəgötürən ləğv edildikdə, ştat ixtisar edildikdə və müddətli əmək müqaviləsinin müddəti bitdikdə. İşsizlikdən sığorta ödənişi almaq hüququnun yoxla­nılması üçün ilk olaraq “Məşğulluq” altsistemində qeydiyyatdan keçmək tələb olunur. Şəxs üçün münasib iş tapmaq mümkün olmadıqda ona işsiz statusu verilir və şəxs işsiz kimi qeydiyyata alındıqdan sonra sistemdə yerləşdirilmiş ərizəni təsdiq edir. Sığorta ödənişinin təyin və ya imtina edilməsi barədə qərar çıxarı­laraq bu barədə vətəndaşa məlumat verilir. Qeyd edək ki, 2020-ci ildə də qanunvericiliyə dəyişiklik edilərək, işsizlikdən sığorta ödənişi müddətli əmək müqaviləsinin bitməsi nəticəsində işsiz qalan şəxslərə də şamil olunub. Son bir ildə 3 min 700 nəfərə işsizlikdən sığorta ödənişi təyin olunub.

Onu da qeyd etmək yerinə düşər ki, Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda son illərdə ciddi artım tempi özünü göstərib. Bu­nun göstəricisi kimi, sosial sığorta daxilolmalarının həcmi 2017-ci ildə 2085,7 milyon manat, 2018-ci ildə 2327,1 milyon manat, 2019-cu ildə 2921,6 milyon manat, 2020-ci ildə 3553,2 milyon manat, 2021-ci ildə isə 3843,4 milyon manat təşkil edib.

Göründüyü kimi, qeyd olunan dövrdə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda 84,3 faiz və ya 1757,68 milyon manatlıq artım baş verib. Bu artımın əsasında ölkəmizdə aparılan sosial – iqtisadi islahatların müsbət nəticələri, o cümlədən, məşğulluq imkanlarının və əmək haqlarının mütəmadi artı­mı, əmək münasibətlərində leqallaş­manın genişlənməsi dayanır. Qeyd olunan daxilolmaların ötən il 63,5 fa­izi və ya 2441,2 milyon manatı özəl sektorunun payına düşüb. Bu da 2017-ci ilə nisbətən 1103,8 milyon manat və ya 82,5 faiz çoxdur.

ƏƏSMN tərəfindən ötən ilin iyun ayında başladılan, “Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!” devizi altında keçirilən “Məşğulluq marafonu”na bu günədək 610 işəgötürən qoşu­lub. Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və müharibədə yaralanmış hərbi qulluqçuların məşğulluğuna dəstək məqsədi daşı­yan marafona onlar 4005 vakansiya təqdim ediblər. Həmin vakansiyalar üzrə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və müharibə iştirakçıla­rından artıq 1550-dən çox şəxs işlə təmin olunub.

Zərifə BƏŞİRQIZI,

“Xalq qəzeti”

25 Yanvar 2022 05:35 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə