Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sarkisyan da belə getdi...

Ermənistanın baş naziri Nikol Paşinyanın silahdaşları bir-bir onu tərk edirlər. Onların sırasına ölkənin prezidenti Armen Sarkisyan da qoşuldu. Ermənistan parlamenti Sarkisyanın tutduğu vəzifədən istefa verməsi ilə bağlı bəyanatını alıb. Görünən budur ki, tarixən Karvansaray adlanan İcevan rayonundan olan sarvanın – baş nazir Paşinyanın karvanından qopmalar davam etməkdədir.

Bu, əslində, bir çox imtiyazları olan yüksək vəzifədən deyil, pis vəziyyətə saldıqları ölkənin bu gününə və sabahına görə məsuliyyətdən doğan bir qaçışdır, fərarilikdir. Məlum olduğu kimi, Ermənistanda prezidentlik yalnız bir dəfə, özü də 7 illik olur. Bu vəzifəni tutan adam sadəcə təmsilçilik funk­siyalarını yerinə yetirir. Görəsən, baş verənlərin arxasında nələr gizlənir?

Maraqlıdır ki, çağdaş Ermənistanda istefaların startı da elə məhz Sarkisyan soyadının daşıyıcılarına aiddir. Yadı­nızdadırsa, 2018-ci ildə adı Serj olan Sarkisyanın prezidentlik müddəti başa çatdıqdan sonra onu həmin postda adı Armen olan digər Sarkisyan əvəz eləmişdi və birinci Sarkisyan ölkənin baş naziri təyin olunmuşdu. Lakin müxalifətin bütün ölkə boyu ona qarşı başlatdığı geniş etiraz aksiyalarından sonra vur-tut bir həftəlik baş nazir iste­faya getməyə məcbur edilmişdi.

Hazırda Ermənistanda elə həmin Serj Sarkisyanın, həmçinin Robert Koçaryanın və digərlərinin körüklədikləri etiraz aksiyalarının, mitinqlərin başlıca şüarları məhz istefa çağırışlarından, “Rədd olun!” tələblərindən ibarətdir. Günahkar axtarışları və qurbanvermələr problemlər burulğanında can verməkdə olan Ermənistanda az qala yeganə çıxış yoluna çevrilib.

Tədricən istefalara, aradançıxmalara isə paqonlular dəstəsi fəal qoşulub. İkin­ci Qarabağ müharibəsi başa çatandan sonra Ermənistanın müdafiə naziri dörd dəfə dəyişib. Müharibə zamanı bu postu “Yeni müharibə – yeni ərazilər” tezisini açıq-aşkar irəli sürməklə ölkəsini uçuru­ma sürükləməkdə “xidmət”ləri olan David Tonoyan tuturdu. O, 2020-ci il noyabrın 20-də, kapitulyasiyadan on gün sonra vəzifəsindən gedib, hazırda həbsdədir. Onun yerinə Vaqarşak Arutyunyan təyin olunub. Yeddi ay sonra o da istefaya göndərilib. Ötən ilin avqustunda Arşak Karapetyan müdafiə naziri təyin olunub və vəzifədə cəmi üç ay qalıb. Noyabrın 15-də Arşak da postundan uzaqlaşdırı­lıb və “estafet”i Suren Papikyana verib. Güman ki, Sureni də sələflərinin aqibəti gözləyir.

Ermənistanda “istefalar marafonu”nda Xarici İşlər Nazirliyi 2-ci yerdə gedir. 2018-2020-ci illərdə bu vəzifəni Zöhrab Mnatsakanyan tuturdu. Düşmən üçün məğlubiyyətlə nəticələnən müharibədən dərhal sonra Zöhrab istefaya məcbur edilib. Onu düz 9 ay Ara Ayvazyan əvəzləyib. O da Azərbaycana qanunsuz səfər etdikdən sonra, ötən ilin avqustunda vəzifəsindən qovularaq, Paşinyanın kar­vanlından ayrılmalı olub. İnişil noyabrın 10-da Azərbaycanla biabırçı kapitulya­siya aktı imzalandığına görə Yerevanda Parlamentin qarşısında keçirilən kütləvi aksiya zamanı ağız-burnu əzişdirilmiş parlament sədri Ararat Mirzoyan indi xarici işlər naziridir. Görək, bu nə qədər çəkəcək? Əlavə edək ki, indi baş pro­kuror Artur Davityanın istefası barədə söhbətlər də yayılır.

Nəhayət, vəzifəyə gələndən bəri işi-gücü bir ucdan istefalar barədə sərəncamlar imzalamaq olan Ar­men Sarkisyan barəsində. Bu adam kimlərisə istefaya göndərmək barədə sərəncamlar yazmaqdan sanki bir vampircəsinə zövq alırdı. Təkcə bir fakt: 2018-ci il oktyabrın 2-də bu adam birdən-birə 6 nazirin istefaya göndərilməsini rəsmiləşdirmişdi. İndi də növbə Armenin özünə çatdı. Necə deyərlər, “Su çanağı suda sınar”. O, səlahiyyət müddətinin bitməsinə 3 il qalmış “oyun”dan çıxdı.

Artıq adının əvvəlinə “sabiq” sifəti əlavə olunan prezident Sarkisyan qeyd edib ki, onun bu qərarı emosionallıqdan deyil, müəyyən məntiqdən irəli gəlir. O, hazırda prezidentin xarici və daxili proseslərə təsir etmək üçün müəyyən səlahiyyət və vasitələrinin olmadığını vurğulayıb. Sarkisyanın dediyinə görə, Ermənistanda paradoksal vəziyyət yaranıb: “Prezident faktiki olaraq heç bir real alətə malik olmadan dövlətçiliyin təminatçısı olmağa məcburdur. Ermənistan formaca parlamentli res­publikadır, məzmunca isə belə deyil”. Yazıq özgə nə desin ki?

Armen Sarkisyan son ayaqda Ermənistanda konstitusiya islahatları­nın aparılmasını təklif edib. Bildirib ki, bu halda qarşılıqlı nəzarət və tarazlıq mexanizmlərinə əsaslanan dövlət sistemi yaradıla bilər. Onun sözlərinə görə, hazırda Ermənistan prezidentin sülh və müharibə məsələlərinə qa­rışa bilməyəcəyi, demokratiya üçün əlverişsiz hesab etdiyi qanunlara veto qoya bilməyəcəyi reallıqda yaşayır və bu vəziyyətdə vəzifənin quruca adı var.

Əslində, Armen Sarkisyan ölkənin taleyi ilə bağlı heç nə edə bilmirdi, yalnız baş nazirin təqdimatları əsasında onun istədilkərini öz imzası ilə rəsmiləşdirirdi. Bir də 4 il əvvəl – aprelin 9-da ona verilmiş yarlı-yaraşıqlı kabinetin pəncərəsindən bayıra baxıb etiraz aksiyalarını izləyirdi. Müharibənin acı nəticələrindən hiddətlənən, ağır sosial vəziyyətdən cana doyan və küçələrə çıxan erməni xalqı onu prezi­dent seçməmişdi. Armen bu vəzifəyə parlament tərəfindən qoyulmuşdu. Bu səbəbdən də hüquqları və mandatı son dərəcə məhdud idi.

Doğrudur, arabir prezident Sarkis­yan mətbuata boz-bulanıq açıqlamalar verir, vəzifəsinin möhtəşəm səslənişini gündəmə gətirirdi. Özü də yalan danış­maqda mahir olduğu üçün Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edərkən həddən artıq ifrata varmağı sevirdi. Yadımıza gəlir ki, İkinci Qa­rabağ müharibəsindən 20 gün əvvəl Ərəbistanda çıxışı zamanı Azərbaycan rəsmilərinin Ermənistanı oradakı Metsa­mor atom elektrik stansiyasını vurmaqla (?!) hədələməsindən bərk narahat oldu­ğunu dilə gətirmişdi. O, dəfələrlə belə bic-bədzat tərzdə bizim haqq işimizə kölgə salmağa çalışıb, məkrli və riyakar erməni ideologiyasının dürüstlüyündən dəm vurub.

Ermənistandakı kataklizmləri yaxın­dan izləyənlər bilirlər ki, İkinci Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük “Zəfər yürüşü” sayəsində bu ölkənin bel sütunu “Dəmir yumruq”la qırıldıqdan sonra prezident Armen Sarkisyan məsuliyyətdən yayın­mağa çalışır, sanki demək istəyirdi ki, “səlahiyyət məndə olsaydı, nəticə fərqli olardı”. Diqqətçəkən bir məqam da budur ki, Sarkisyan son aylarda bir sıra ərəb ölkəsinə səfər edərək fəal xarici siyasət yürütməyə çalışırdı. Görünür, bu amil Nikol Paşinyanın vəzifə qısqanclı­ğına səbəb olub və o da “özündənbəy” prezidentə mesaj yollayıb ki, səlahiyyət çərçivəsini aşmasın. Əlbəttə, Paşinyan bilmərrə istəməz ki, başı üzərində güclü bir fiqur səlahiyyət sahibi olsun.

Armen Sarkisyan fizika-riyaziy­yat elmləri namizədidir. Prezident vəzifəsini ona 2018-ci ildə bir həftəlik baş nazir olmuş həmsoyadı – Serj Sarkisyan “hədiyyə” etmişdi. Sadəcə, o zaman vəziyyət elə gətirmişdi ki, baş nazir postuna “məxməri inqilab” dalğasında hakimiyyəti ələ alan Nikol Paşinyan yiyələnmişdi və Armen bir növ oyundankənar vəziyyətə düşmüşdü. Nə o, bunu idarəetmədə yaxına buraxırdı, nə də bu, əl-ayağını bağlayan vəzifəyə görə öz xeyirxahına tərəf addım ata bilirdi. İndi, necə deyərlər, Paşinyana qarşı əl-qolu əməlli-başlı açılmış oldu. Digər tərəfdən, Armen hazırda ömrünün qürub çağını yaşayır, fizika-riyaziyyat elmləri namizədidir. Uzaq başı, gedib universitetlərin birində dosent olacaq. Vay onun kimilərinin pis günə qoyduqla­rı millətin halına.

Ermənistanda aysberqin görünməyən tərəfləri, baş verənlərin müəmmalı cəhətləri də var. Məsələn, Armen Sarkisyan öz istefası ilə eyni gündə son sərəncamını imzalayaraq, silahdaşı Emil Tarasyanı Ermənistan Respublikası Prezidenti Administrasi­yasının rəhbəri vəzifəsindən azad edib. Bu barədə sabiq dövlət başçısının şəxsi saytında məlumat yerləşdirilib.

Bundan başqa, qanuna görə, Sar­kisyan bir neçə gün ərzində öz istefa­sını geri də götürə bilər. Ermənistan parlamentinin spikeri Alen Simonyanın sözlərinə görə, Parlamentin hazırkı reqlamentinə əsasən, istefa ərizəsi dərc edildikdən sonra bir həftə ərzində həmin ərizəni vermiş müvafiq vəzifəli şəxs onu (yazılı şəkildə) geri götürərsə, bu, öz səlahiyyətləri çərçivəsində parlamentin sədri tərəfindən açıqlanacaq.

Onu da qeyd edək ki, məlum istefa heç də birmənalı qarşılanma­yıb. Məsələn, keçmiş müdafiə naziri, Xocalı qatili, “Hayastan” fraksiyasının başçısı Seyran Ohanyan deyib ki, o, prezident institutunu hakimiyyəti saxlayan mexanizmə çevirə bilməyib, öhdəliklərini yerinə yetirməyib. Özü də düz adamdırsa, niyə gedib xaricdən istefa ərizəsi verib? Demokratik Parti­yanın rəhbəri Aram Sarkisyan bildirib ki, bu, siyasi böhrandır və istefa guya Türkiyə ilə təhlükəli “ittifaq”da iştirakçı olmamaq qərarı ilə əlaqəlidir. Erməni politoloq Stepan Danielyan da buna bənzər fikir söyləyib. Rusiyalı politoloq Andrey Areşev isə prezidentin istefasını fikir ayrılığı deyil, konflikt adlandırıb. Onun dediyinə görə, Qarabağda alçal­dıcı məğlubiyyətdən sonra məhz Armen Sarkisyan birinci olaraq Paşinyanı istefaya getməyə çağırmışdı.

Göründüyü kimi, bu xəmir hələ çox su aparacaq və atılan addımın arxasında daha nə kimi gizli niyyətlərin durduğunu bilmək üçün müəyyən vaxt lazım gələcək.

Armen Sarkisyandan sonra onu prezident kürsüsündə müvəqqəti olaraq Alen Simonyan əvəz edir. Yəqin ki, bu qəfil istefa Ermənistanda növbədənkənar prezident seçkisinin təyinatına səbəb olacaq və Paşinyan yaxın ətrafından birinin namizədliyini irəli sürəcək. Bununla da Paşinyan konstitusiya islahatlarına razılıq verərək prezidentin səlahiyyətlərini yenidən artırmaqla bağlı qayğılara qərq olma­yacaq.

Əli NƏCƏFXANLI,

“Xalq qəzeti”

25 Yanvar 2022 05:30 -

Köhnə versiyamızdan xəbərləri izlə