Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın Avropa Şurasına qəbul edilməsi müstəqilliyimizin möhkəmlənməsində mühüm addım oldu

 Biz ölkəmizin Avropa Şurasına qəbulunu yalnız indiyə qədər gördüyümüz işlərə, həyata keçirdiyimiz islahatlara verilən qiymət kimi deyil, həm də ölkəmizə və xalqımıza doğru uzadılan dost əli kimi qiymətləndiririk... Azərbaycanın bayrağı Avropa Şurası sarayının önündə dalğalanacaqdır. Bu bayra­ğın rənglərindən birinin mənası müasirləşmək, yəni avropalılaşmaqdır.

Ulu öndər Heydər Əliyevin ölkəmizin Avropa Şurasına üzv qəbul edilməsi ilə əlaqədar keçirilən təntənəli mərasimdəki çıxışından.

Strasburq, 25 yanvar 2001-ci il.

 

 Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmasından 21 il keçir. Bu dövrdəki fəaliyyətimiz, əldə olunan uğurlar və perspektivdə bizi gözləyənlər barədə çox yazmışıq. Ona görə də bu sətirləri xüsusi bir məqamı yada salaraq başlamaq istəyirik.

Belə ki, 2020-ci ilin payızındakı şanlı qələbəmizin ölkəmizə və regiona bəxş etdiyi yeni reallıqlar barədə danışan Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, Azərbaycan bu haqq mübarizəsinə başlayanda beynəlxalq hüquq da bizim tərəfimizdə idi, dünyanın aparıcı beynəlxalq təşkilatları da. Dövlət başçımız qeyd edirdi ki, bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyan qərar və ya qətnamələr qəbul etmişdir.

Fikrimizcə, söhbət Avropa Şurasına üzvlüyümüzün ildönümündən getdiyinə görə məhz bu qurumun Cənubi Qafqazdakı münaqişə, Ermənistanın işğalçı, Azərbaycanın isə işğala məruz qalmış ölkə kimi tanınması barədə qəbul etdiyi sənədləri xatırlatmaq yerinə düşür.

2001-ci il aprelin 24-27-də Avropa Şurası Parlament Assamb­leyasının plenar sessiyası keçirilirdi. Azərbaycan parlamentinin AŞPA-dakı nümayəndə heyəti deputat İlham Əliyevin rəhbərliyi ilə ilk dəfə olaraq bu qurumun iclasında tamhüquqlu üzv kimi iştirak edir və elə ilk sessiya­dan başlayaraq Ermənistanın işğalçı­lıq siyasətinin nəticələri avropalıların diqqətinə çatdırılırdı.

Sessiyada 9 ölkə və AŞPA-da fəaliyyət göstərən 5 siyasi qrupu təmsil edən 29 nümayəndə tərəfindən imzalanmış “Ermənilər tərəfindən azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımının tanınması” adlı yazılı bəyanat və 14 ölkəni təmsil edən 20 nümayəndə tərəfindən imzalanmış “Ermənistan və Dağlıq Qarabağ­da saxlanılan müharibə əsirləri və girovları” adlı tövsiyə xarakterli təklif AŞPA-nın rəsmi sənədləri qismində yayıldı. Göstərilən sənədlərdə ermənilər tərəfindən Xocalı əhalisinin tamamilə qətlə yetirilməsi, Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi, Ermənistanda və işğal altındakı Azərbaycan torpaq­larında uşaqlar, qadınlar və yaşlılar da daxil olmaqla, 783 azərbaycanlı girovun saxlanılması faktı və digər vacib məsələlər vurğulandı.

Bəli, AŞPA-dakı fəaliyyətimiz münaqişənin ədalətli şəkildə həll edilməsi üçün atılan addımlarla yadda qalmışdır. Bəs Azərbaycan tərəfi öz deputatlarının həmin tribunaya çat­masına necə nail olmuşdu? Bu sualın çox yığcam cavabı var: Ulu öndər Heydər Əliyevin işləyib hazırladığı xarici siyasət kursunun reallaşdırılma­sı nəticəsində.

Müstəqillik tariximizin rəsmi sənədləri göstərir ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu xarici siyasət kursunda beynəlxalq təşkilatlarla münasibətlərin qurul­ması və inkişaf etdirilməsi prioritet istiqamətlərdən biri idi. Həmin siyasi kursun nəticəsi olaraq Azərbaycan dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının – BMT, ATƏT, Av­ropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər mötəbər qurumların üzvü kimi onların işində yaxından iştirak edir. Ötən illərdə Azərbaycanın üzv olduğu və əməkdaşlıq etdiyi bütün beynəlxalq təşkilatlarla əlaqələri daha da genişlənib və möhkəmlənib. Azərbaycanın Avropa Şurasına üzv kimi qəbulu isə ölkəmizin beynəlxalq münasibətlər sistemindəki mövqe­yinin formalaşmasında önəmli rol oynayıb.

Məhz ulu öndərin siyasi-diplomatik fəaliyyətinin nəticəsi olaraq, 1996-cı il martın 17-18-də Azərbaycan Avropa Şurasının Qanun vasitəsilə Demok­ratiya üzrə Avropa Komissiyasına üzv qəbul olunub.Həmin il iyunun 28-də AŞPA bürosu Azərbaycana “xüsusi dəvət edilmiş qonaq” statusunun verilməsi barədə qərar qəbul etdi. İyulun 13-də isə Azərbaycan Res­publikasının Prezidenti Heydər Əliyev Avropa Şurası baş katibinin adına məktub göndərərək, Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmaq və digər üzv dövlətlər kimi İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasına qoşulmaq arzusunda olduğunu bildirdi.

1997-ci il oktyabrın 10-11-də Azərbaycan Prezidenti Heydər Əliyev Avropa Şurası üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Stras­burqda keçirilən ikinci Zirvə toplantı­sında iştirak edib, Avropa Şurasının rəhbərliyi ilə Azərbaycanda demokra­tik proseslərin gedişi, ölkəmizin Avro­pa strukturları ilə əlaqələri barədə fikir mübadiləsi aparıb, Dağlıq Qarabağ münaqişəsinə dair Azərbaycanın mövqeyini açıqladı.

1998-ci il yanvarın 20-də isə Pre­zident Heydər Əliyev “Azərbaycan Respublikası ilə Avropa Şurası ara­sında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənafelərinin müdafiə edilməsi sahəsində tədbirlər haq­qında”, 1999-cu il oktyabrın 21-də “Avropa Şurasında Azərbaycan Res­publikasının təmsilçiliyinin təşkilati təminatı haqqında” sərəncamlar imzaladi. Əsrin sonuncu ili – iyunun 26–28-də AŞPA-nın növbəti sessi­yasında Azərbaycan Respublikası­nın Avropa Şurasının tamhüquqlu üzvlüyünə qəbul edilməsinə dair müsbət rəy verdi. Avropa Şurası Nazirlər Komitəsinin həmin il noyab­rın 7-9-da keçirilən sessiyasında “Azərbaycanın Avropa Şurasına üzv olmağa dəvət edilməsi” adlı 14 saylı qətnamə qəbul edildi.

Nəhayət, yeni əsrin birinci ili­nin ilk ayının 17-də Avropa Şurası Nazirlər Komitəsinin nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycan Respublikasının Avro­pa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul olundu. Yanvarın 25-də isə Prezident Heydər Əliyevin iştirakı ilə Strasburqda Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi münasibətilə rəsmi mərasim keçirildi və qurumun bina­sının qarşısında dövlətimizin bayrağı ucaldıldı.

Həmin qurumdakı fəaliyyətimizin əsas uğurlarından biri deputat İlham Əliyevin AŞPA-dakı Azərbaycan və Türkiyə nümayəndə heyətlərinin birgə fəaliyyətinə nail olması, 2003-cü il yanvarın 27-də AŞPA bürosunun iclasında Azərbaycan Respublika­sının Assambleyadakı nümayəndə heyətinin rəhbəri İlham Əliyev büro üzvü və AŞPA-nın vitse-prezidenti seçilməsi oldu. Cənab İlham Əliyev ölkəmizin 2014-cü il mayın 14-dən altı aylıq dövr üçün təşkilatın Nazirlər Komitəsində sədrlik etdi.

... Xatırladaq ki, ulu öndər Heydər Əliyev 2001-ci il yanvarın 25-də Strasburqda həm Azərbaycanın Avro­pa Şurası üznlüyünə qəbul edilməzi mərasimində, həm də AŞPA sessi­yasında çıxış etmişdi. Bu sətirləri də ümummilli liderimizin sessiyadakı çıxışından seçdiyimiz cümlələrlə tamamlamaq istəyirik. Çünki həmin fikirlər Azərbaycanın 90-cı illər real­lıqlarını kifayət qədər açıq şəkildə ifadə edir: “Ölkəmizdə qəbul edilən qanunlar Avropa Şurası ekspertlərinin bilavasitə iştirakı ilə hazırlanır. Hüquq islahatları nəticəsində hər bir insan şəxsiyyət azadlığı və toxunulmazlığı­na, barəsində qaldırılmış işin müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətlə və açıq şəkildə araşdırıl­masına, hüquq müdafiəsinə təminat almışdır.

2000-ci ilin iyununda mən korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi haqqında fərman im­zalamışam. Həmin fərmana əsasən, korrupsiyaya qarşı mübarizəyə dair qanun və dövlət proqramı hazırlanır. Penitensiar sistemin islahatı uğurla aparılır. Məhbusların saxlanması şəraitini yaxşılaşdırmaq və Ədliyyə Nazirliyinin tabeliyinə verilmiş peni­tensiar müəssisələrin idarə olunma­sını təkmilləşdirmək üçün tədbirlər görülür.

Mənim təşəbbüsümlə son beş ildə 55 min şəxs barəsində amnistiya elan edilmişdir. Bundan əlavə, mən 2500-dək məhbusu əfv etmişəm. Onların arasında hüquq müdafiəsi təşkilatlarının, Avropa Şurası Parla­ment Assambleyası deputatlarının müraciəti ilə əfv olunanlar da vardır. Bu il yanvarın 16-da mən 9 minədək şəxs barəsində amnistiya elan olun­masına dair təşəbbüslə respublika parlamentinə müraciət etmişəm...

Biz bundan sonra da Azərbaycan xalqının və dövlətinin humanizm, insanpərvərlik ideallarına və prinsiplərinə, demokratiyaya, qanunun aliliyinə, insan hüquqlarına və əsas azadlıqlara hörmət bəslənilməsinə əsaslanan dəyərlərə sadiqliyini nümayiş etdirəcəyik”.

İttifaq MİRZƏBƏYLİ,

“Xalq qəzeti”

25 Yanvar 2022 05:21 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə