Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yaz sessiyasında İnsan hüquqları komitəsinin ilk iclası keçirilib

Yanvarın 24-də Milli Məclisin İnsan hüquqları komitəsinin yaz sessiyasında ilk iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onlayn formatda keçirilən iclası açan komitənin sədri Zahid Oruc gündəlik barədə məlumat verib və bildirib ki, gündəliyə Milli Məclisin 2021-ci ilin payız sessiyası ərzində İnsan hüquqları komitəsində görülən işlər barədə hesabat və 2022-ci ilin yaz sessiyası üçün iş planı daxil edilib.

Əvvəlcə komitənin ötən sessiyada gördüyü işlər barədə hesabatı müzakirə edilib.

Sonra İnsan hüquqları komitəsinin 2022-ci il yaz sessiyası üçün iş planı müzakirə edilib. İş planı haqqında məlumat verən komitə sədri Zahid Oruc bildirib ki, daxil olacaq qanun layihələrinin və digər sənədlərin müzakirəsi, onlara rəy və təkliflərin hazırlanması ilə yanaşı, sənəddə bir sıra dinləmələrin keçirilməsi nəzərdə tutulub. Komitə sədri işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın və reinteqrasiyanın tənzimlənməsi barədə fikirlərini bölüşüb.

İş planının müzakirəsində komitə sədrinin müavini Tahir Kərimli, deputatlar Bəhruz Məhərrəmov, Elşad Mirbəşiroğlu, Naqif Həmzəyev, Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin İnsan hüquqları üzrə qanunvericilik sektorunun müdiri Sarvan Sadıqov iş planı barədə fikirlərini açıqlayıblar. Çıxış edən deputatlar insan hüquqlarının, o cümlədən qadın hüquqlarının qorunmasının tənzimlənməsi kimi məsələlərlə bağlı müzakirə və dinləmələrin təşkili barədə rəylərini səsləndiriblər. Sonra iş planı səsə qoyularaq təsdiqlənib.

Bununla da İnsan hüquqları komitəsinin 2022-ci ilin yaz sessiyasında ilk iclası başa çatıb.

Onlayn iclasda deputatlar Jalə Əhmədova, Fazil Mustafa və digər rəsmi şəxslər iştirak ediblər.

24 Yanvar 2022 15:38 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə