Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

DİM: Fizika, kimya və biologiya fənləri üzrə hazırlıq kurslarının ilk məşğələləri keçirilib

Yanvarın 23-də fizika, kimya və biologiya fənləri üzrə qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kurslarının ilk məşğələləri keçirilib.

Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, COVID-19 pandemiyası ilə bağlı ölkədə tətbiq edilən karantin rejiminin qaydaları nəzərə alınaraq hazırlıq kursları onlayn – “Zoom” platforması üzərindən həyata keçirilib.

Hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.

Moderatorlar – fizika fənni üzrə Sona Hacılı və Əlövsət Rəcəbli, kimya fənni üzrə Elşad Abdullayev, biologiya fənni üzrə Nailə Əliyeva müvafiq fənn kurikulumunun mahiyyəti, məzmunu haqqında və imtahanlarda mənimsənilmə səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi mümkün olan alt standartlar, onları reallaşdıran mövzular, qiymətləndirmə vasitələrinin formaları, məzmunu və qiymətləndirmə meyarlarının hazırlanması ilə bağlı təqdimatlar ediblər.

Sonra moderatorlar iştirakçılara ev tapşırıqları veriblər. Ev tapşırıqları hazırlıq kursunun ikinci (praktik hissə) mərhələsinə aiddir. İştirakçılar bir ay müddətində ev tapşırıqlarını internet vasitəsilə onlara təqdim edilən elektron ünvana göndərməlidirlər. Hazırlıq kursunun sonuncu mərhələsi cavabı yazı ilə ifadə olunan açıq tipli qiymətləndirmə tapşırıqlarının yoxlanılması prosesidir (kalibrləmə). Bakı şəhərindən olan iştirakçılar bu prosesdən DİM-in akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən binasında, regionlardan olanlar isə yaşadığı əraziyə yaxın DİM-in regional bölməsində keçməlidirlər.

Kursu başa vurmuş müdavimlərin şəxsi məlumatları mərkəzin elektron “Məlumat bazası”na daxil ediləcək. Onlara DİM-in sertifikatı veriləcək. Sertifikat almış şəxslər gələcəkdə DİM-lə əməkdaşlığa cəlb ediləcəklər.

24 Yanvar 2022 11:48 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə