Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Omicron”un yoluxuculuğu yüksək, ölüm göstəricisi aşağı səviyyədədir

Yeni növ koronavirusun ”Omicron” ştammı digər variantlarla müqayisədə daha yüngüldür, ölüm göstəriciləri aşağıdır. Yəni, koronavirusun “Omicron” ştammına yoluxanların sayının sürətlə artmasına baxmayaraq, xəstələr arasında ölüm faizi (letallıq) çox aşağıdır. Hazırda ABŞ-da bütün yoluxma hallarının 90 faizi “Omicron”la bağlıdır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı xəbərə görə, ilk dəfə olaraq 24 saat ərzində dünyada koronavirusa təxminən 3,4 milyon yoluxma halı qeydə alınıb. 
Bu, pandemiya başlayandan bəri ən yüksək gündəlik göstəricidir. Ümumiyyətlə, koronovirusla bağlı statistikaya istinadən deyə bilərik ki, yoluxmaların sayına görə ABŞ, Hindistan və Braziliya öndədirlər. Bütün bunlar həmin variantın daha sürətlə yayılma xüsusiyyətlərinə malik olmasını sübut edir. Ona görə də Azərbaycanda da “Omicron” ştammı­nın qeydə alınmasını nəzərə alaraq, vətəndaşlar daha diqqətli davranmalı, kütləvi toplaşmalardan, mümkün qədər, uzaq qalmalıdırlar. Bu fikirləri ATU-nun Tədris Cərrahiyyə Klinikası­nın şöbə müdiri, tibb üzrə fəlsəfə dok­toru Nurlana Əliyeva koronavirusun “Omicron” ştammı barədə danışarkən dedi. Həkim daha sonra bildirdi:
– “Omicron”un simptomları klassik ştammların əlamətləri ilə, demək olar ki, eynidir. Həmin ştamma yoluxanlar­da, xüsusilə, yuxarı tənəffüs yollarının xəstələnməsi müşahidə edilir. Lakin ağciyərlərin zədələnməsi hallarına da rast gəlinə bilər. Digər ştammlar­la müqayisədə daha az kəskindir. Ümumiyyətlə, bu ştammın təhlükəli olmaması təkcə həmin variantın xüsusiyyətləri ilə əlaqədar deyil. Bu, müəyyən qədər də kütləvi vaksinasi­yanın effektidir. COVID-19-un hansı ştammının yayılmasından asılı olma­yaraq, pandemiyanın sona çatması­nın yeganə yolu vətəndaşların kütləvi vaksinasiyasıdır. İstənilən halda, “Omicron” ölkədə yenidir. Ona görə də, yeni ştammın ölkənin epidemioloji vəziyyətinə necə təsir göstərəcəyi barədə dəqiq söz demək olmaz. Dünya təcrübəsi isə göstərir ki, ölüm halı yüksək olmasa da, bu variant əhali arasında xəstələnmə hallarını sürətləndirəcək.
Mütəxəssislərin fikrincə, ko­ronavirusun Fransanın Marsel şəhərində qeydə alınan “IHU” ştammı “Omicron”dan daha təhlükəlidir. Çünki, “IHU” hətta “Omicron”dan da yoluxdurucudur və 46 mutasiyası var. Yəni, yoluxduruculuq xüsusiyyəti yüksək olduğuna görə bu ştammın yaratdığı problemlər də çox ola bilər. İlkin proqnozlara görə, “IHU” ştammı ilə yoluxanlar arasında hospitalizasiya olunanlar çox olacaq.
N.Əliyeva koronavirusun ştamm­ları ilə bağlı vətəndaşlarda yaranan gərginlikdən də danışdı:
– Hər yeni ştamm yarananda əhali arasında təlaş və qorxu hissi əmələ gəlir. “Omicron”dan əvvəl “Delta” ştammı yarananda da əhali arasında belə gərginlik var idi. İndi də “Omic­ron” ştammı həmin narahatlığa səbəb olub. Məlum olduğu kimi, Ümum­dünya Səhiyyə Təşkilatı ciddi qəbul etdiyi ştammları yunan əlifbasının hərfləri ilə adlandırır. “Omicron”un ciddi qəbul edilməsi onda mutasiya­ların sayının çoxluğu ilə əlaqədardır, onda 32 mutasiya aşkarlanıb. Bu, COVID-19-un ilk ştammları ilə müqayisədə ciddi şəkildə fərqlənir. Həm də bu, “Omicron”un xəstəlik törətmə qabiliyyətinin yüksək olduğu­nu göstərir. Bu, indiyədək xəstəliyin yayıldığı ölkələrdə, o cümlədən qonşu ölkələrdə də özünü göstərib. Əsas məsələ ondadır ki, “Omicron”un yoluxuculuğu yüksəkdir. Lakin onun öldürücülüyü virusun digər ştammla­rından fərqlənmir.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib ki, Azərbaycanda ölkə xaricindən gələn şəxslərdən yanvarın 10-da götürülmüş nümunələrin hələlik 12-də “Omicron” variantı aşkarlanıb. Mütəxəssislərin bildirdiklərinə görə, bu ştamm yoluxma sürətinə görə dünya ölkələrində bir neçə aydır ki, aktuallığını qoruyub saxlayır. Hətta bir sıra ölkələrdə yeni yoluxmaların bö­yük əksəriyyəti məhz “Omicron” ştam­mı ilə bağlıdır. Bəzi ölkələrdə pan­demiya başlayandan bu günə qədər “Omicron”dan sonra rekord sayda yoluxma qeydə alınıb. Amma koro­navirusun indiyə kimi yeni ştammları yaransa da, virusdan qorunma üsulla­rı, demək olar ki, dəyişməyib. Sadəcə olaraq, xəstəlik əleyhinə peyvəndlər aşkar edildikdən sonra əsas profilak­tik vasitə vaksinasiya hesab edilib və bu təsdiqlənib. Digər sanitar-gigiyenik qaydalar isə olduğu kimi qalıb. 
İnfeksionist bildirib ki, koronavi­rusun istənilən ştammından qorun­maq üçün peyvəndlərdən istifadə edilməlidir: 
– Peyvəndlər aktuallığını, bütün ştammlara qarşı effektivliyini qoruyub saxlayır. Vətəndaşlar özlərini və ya­xınlarını qorumaq üçün peyvəndləmə prosesində aktiv iştirak etməlidirlər. Hətta iki doza peyvənd alanlar da 5 ay keçdikdən sonra “buster” doza vur­durmalıdırlar. Nəzərə almaq lazımdır ki, vaksinasiyadan bir müddət sonra immunitet zəifləməyə başlayır. Bu, həm xəstələnmə, həm də vaksinasi­ya nəticəsində yaranmış immunitetə aiddir. Yəni, hər kəs “buster” doza ilə mütləq peyvəndlənərək, xəstəliyə qarşı güclü immunitetin yaranma­sına nail olmalıdır. Təbii ki, şəxsi gigiyena qaydalarına əməl etmək, kütləvi toplaşmalardan uzaq dur­maq, yaxın kontaktlardan çəkinmək də vacibdir. Vətəndaşlar, həmçinin xəstəlik əlamətləri hiss etdikdə evdən çıxmamalı, digər şəxslərlə, yaxın ətrafla təmasda olmamalıdı­lar. COVID-19 simptomu hiss edən vətəndaşlar test cavabı çıxana qədər özlərini izolyasiya etməlidirlər. Hesab edirəm ki, həmin qaydalara riayət etsək, xüsusilə də, vaksinasiyada aktivləşsək, “Omicron” ştammından da qısa müddətdə xilas ola bilərik.
Xarici mütəxəssislərin fikrincə, “BioNTech/Pfizer” şirkətinin apardığı araşdırmalar sübut edib ki, “Omicron” ştammına qarşı “Pfizer” peyvəndinin ciddi şəkildə qoruyuculuğu var. Xarici ölkə mütəxəssisləri bildirirlər ki, ona görə də təşvişə və panikaya düşməyə əsas yoxdur. Xəstəxanada stasionar müalicə alanların sayı da ciddi şəkildə azalmağa doğru gedir. Yeni ştamm­dan qorunmaq üçün ən yaxşı üsul­lardan biri “Pfizer” peyvəndi vurdur­maqdır. İki “Sinovac” peyvəndindən sonra “Pfizer” vaksinindən istifadə edilməsi də orqanizmdə çox böyük qoruyuculuğa səbəb olur. Ona görə də peyvəndlərin vurulması prosesi davam etdirilməli, əl gigiyenası və so­sial məsafə gözlənilməsi qaydalarına ciddi şəkildə əməl edilməlidir.
Zərifə BƏŞİRQIZI,

“Xalq qəzeti”

23 Yanvar 2022 11:07 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə