Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Vikipediya”da şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışov haqqında məqalələr yaradılıb

Şəhid jurnalistlər - Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin operatoru Sirac Abışov haqqında “Vikipediya”nın Azərbaycan dili bölməsində məqalələr yaradılıb.
Bu barədə AZƏRTAC-a “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.
O bildirib ki, “Qorqud” Vikipediya Metodik Klubunun könüllüləri tərəfindən hazırlanan məqalələrdə şəhid jurnalistlərin həyat və fəaliyyəti barədə ətraflı məlumat verilib. Məqalələr etibarlı istinadlarla zənginləşdirilib.
Milli Məclisin deputatı Elnur Allahverdiyevin təşəbbüsü ilə yaradılan “Qorqud” Vikipediya Metodik Klubunun ekspertləri tərəfindən “Susuzluq kəndi yaxınlığında partlayış” adlı məqalə onlayn ensiklopediyanın türk, rus, ingilis, yunan, italyan, ərəb, fransız və digər dillərdəki bölmələrində də yaradılıb.
Xatırladaq ki, 2021-ci il iyunun 4-də saat 11:00 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş bir qrup jurnalisti aparan “KamAZ” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində üç nəfər - AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olublar.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Məhərrəm İbrahimov və Sirac Abışov ölümlərindən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif ediliblər.

22 Yanvar 2022 23:27 -

Köhnə versiyamızdan xəbərləri izlə