Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yaponiya səfiri Lerikdə

Gündoğar ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi Lerikdə səfərdə olub. Rayon icra hakimiyyətinin inzibati idarə binasında səfirlə rayon rəhbərliyinin görüşü keçirilib.

Görüşdə rayon icra hakimiyyəti başçısı­nın səlahiyyətlərini icra edən Cəlil Baxşıyev qonağa rayonun qədim tarixi, coğrafi mövqeyi, adət-ənənəsi, mədəniyyəti haqqında məlumat verərək, aqrar bölmənin dirçəldilməsi üçün həyata keçirilən tədbirləri qeyd edib, rayonun turizm potensialı və son illərdə görülmüş tikinti-quruculuq işlərini diqqətə çatdırıb. Bu səfərin Yaponiyanın ölkəmizdə səfirliyinin yaranması gününə təsadüf etdiyini bildirən C.Baxşıyev səfiri bu münasibətlə və ölkələrimiz arasında diplomatik əlaqələrin yaranmasının 30 illiyi münasibəti ilə təbrik edib.

Bildirilib ki, ötən müddət ərzində iki ölkə arasında səmərəli qarşılıqlı əməkdaşlıq həyata keçirilmiş, çox yüksək səviyyədə münasibətlər qurulmuşdur. Yaponiya hökuməti Azərbaycanda yaşayan insanların ilkin ehtiyaclarını qarşıla­ya biləcək inkişaf layihələri üçün “Ot Kökləri Layihələri üzrə Qrant Yardımı (GGP)” adlı sxem üçün maliyyə yardımı göstərmişdir. 2000-ci ildən bəri sözügedən sxem, bələdiyyələr, tibb müəssisələri və QHT-lər tərəfindən təqdim olunan və insanların yaşayış standartlarını yaxşılaşdırmağa xidmət edən 200-ə yaxın layihəni əhatə etmişdir. Qeyd edək ki, Yaponiya hökumətinin maliyyə dəstəyi ilə Lerik rayonunda bir neçə layihə üzrə qrant müqaviləsi imza­lanmaqla 3 saylı şəhər orta məktəb binasının inşası, Şingədulan, Pirəsora və Conu kənd tibb məntəqələrinin tikintisi, "Lerik Rayon Mərkəzi Xəstəxanasının Uşaq Xəstəlikləri şöbəsinin təmiri" layihəsi üzrə qrant müqavilələri həyata keçirilmişdir. Görülmüş işlərə görə təşəkkür edilib və yeni layihələrin icrasına ümid ifadə olunub. 
Səmimi görüşdən məmnunluğunu bildirən cənab Vada Cüniçi Azərbaycanda gedən sosial-iqtisadi inkişafın onda xoş təəssürat oyatdığını, paytaxtla yanaşı region şəhərlərində də inki­şafın, müasirləşmənin getdiyini, Lerikdə qarın yaratdığı füsunkar mənzərənin insanda xoş əhval-ruhiyyə yaratdığını və burada olmasından məmnun qaldığını bildirib.
Görüşün sonunda qonağa hədiyyələr təqdim edilib. Sonra səfir “Uzunömürlülər” muzeyi ilə tanış olub, xatirə kitabına ürək sözlərini yazıb. 
Əli NƏCƏFXANLI,

“Xalq qəzeti”nin bölgə müxbiri

23 Yanvar 2022 08:25 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə