Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu Əməkdar jurnalist Vasif Səmədovu təltif edib

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda 20 Yanvar faciəsinin 32-ci ildönümünə – Ümumxalq hüzn gününə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbiri giriş nitqi ilə açan Hüquq və İnsan Haqları İnstitutunun baş direk­toru, hüquq üzrə elmlər doktoru, pro­fessor Aytən Mustafazadə 20 Yanvar faciəsi haqqında danışaraq qeyd edib ki, 1990-cı il yanvar faciəsinə aparan yol 1988-ci ildən azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyası ilə baş­layıb. Sovet rəhbərliyi artan xətt üzrə davam edən bu gərginliyin qarşısını al­maq əvəzinə, Azərbaycan xalqına qar­şı dəhşətli cinayət törədib. Sumqayıt­da ermənilərin törətdiyi iğtişaş həmin dövrdə bu sıradan olan məqsədyönlü təxribatların kulminasiyası idi: “1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Azərbaycanın paytaxtı Bakı şəhərinə və bir neçə rayonuna yeridilib. Dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutula­raq kütləvi qətlə yetirilib”. 
Professor Aytən Mustafazadə qeyd edib ki, böyük dövlət xadimi Heydər Əliyev Moskvada xüsusi nəzarət altın­da ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirib. Ulu öndər SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirib və həmin əməliyyata rəhbərlik edənləri ifşa edib.
Tədbirdə Hüquq və İnsan Haqları İnstitutunun və “Professor Rövşən Mustafayev” adına Fondun birgə təsis etdiyi növbəti medalı və sertifikatı XX yüzillikdən başlayaraq erməni terror­çularının Azərbaycanda törətdikləri kütləvi qırğın və soyqırımı aktların­dan, xalqımızın azadlıq mübarizəsi, 20 Yanvar faciəsindən, Ermənistanın işğalçılıq siyasəti, Xocalı soyqırımı, Qarabağ həqiqətlərindən bəhs edən məqalələri, o cümlədən respublika­mızın siyasi-iqtisadi, sosial-mədəni həyatını əks etdirən yazıları ilə trans­milli mediada Azərbaycanı ləyaqətlə təmsil etdiyinə, müstəsna xidmətlərinə görə Əməkdar jurnalist Vasif Həzərxan oğlu Səmədova təqdim edilib. Xatırla­daq ki, AMEA Hüquq və İnsan Haqları İnstitutu erməni məsələsi üzrə elmi tədqiqatları və səmərəli fəaliyyəti ilə seçilən alimləri, tədqiqatçıları “Profes­sor Rövşən Mustafayev” adına medalı və sertifikatla təltif edir.
Aytən xanım Mustafazadə bil­dirib ki, Vasif Səmədov 20 Yanvar hadisələrinin baş vermə səbəbinin arxasında dayanan əsil məqsədləri, o vaxtki Sovet rejimindən qorxma­dan, çəkinmədən bədii emosional mühakimə və şərhlərlə mətbuat səhifələrində işqlandıran, bu faciə barədə geniş açıqlamalar verən jurnalistlərimizdən biri olub.
Tədbirdə Hüquq və İnsan Haqları İnstitutunun Dövlət və Konstitusiya hüququ şöbəsinin müdiri Nazim Cəfərli Əməkdar jurnalist Vasif Səmədovun həmin illərdə vətəndaş qeyrəti ilə qələmə aldığı yazılarından danışıb. Bildirib ki, həqiqətlərimizi dünya ictimaiyyətinə çatdırmağa böyük ehti­yac duyulan, çətin, mürəkkəb dövrdə Vasif Səmədov “Krasnaya zvezda” qəzetində Yanvar hadisələrinin həqiqi mahiyyəti barədə kəskin yazılarla çıxış edib. 1992-ci ildə “İzvestiya” qəzetində dərc etdirdiyi “Müdaxilə” adlı silsilə yazıları Yanvar hadisələri haqqında o zaman mətbuatda dərc edilən ən sanballı məqalələr idi: “20 Yanvar hadisələrindən sonra Azərbaycan informasiya blokadasında idi. Belə mürəkkəb bir dövrdə Vasif müəllim dərhal Moskvaya gedərək, Sovet İttifa­qı Qəhrəmanı, SSRİ Müdafiə nazirinin müavini Vladimir Çernavinlə görüşıb, Bakıdakı hadisələr barədə fikirlərini öyrənib. Hadisələrə dəqiq və qərəzsiz mövqe bildirən admiral ermənilərə xüsusi rəğbət bəsləmədiyini də bildirib. Vasif müəllim müsahibəni dərhal na­zirliyin makina bürosunda çap etdirib, Çernavin hər səhifənin altında şəxsən imza atıb və hər səhifənin nazirliyin möhürü ilə təsdiqlənməsinə icazə ve­rib. Çox təəssüf ki, Bakıda o zamankı respublika rəhbərliyi belə əhəmiyyətli müsahibənin respublika qəzetlərində dərc edilməsinə imkan vermədi. Vasif müəllim Moskvaya qayıdaraq müsahibənin “Krasnaya zvezda” qəzetində dərc edilməsinə nail oldu. Müsahibə böyük sensasiya doğurdu və dərhal respublika qəzetlərində də dərc edildi. Bu, Vasif müəllimin böyük cəsarət və yüksək peşəkarlığı ilə yanaşı, təmənnasız Vətən sevgisinin təcəssümü idi”.
Kaspian İzvestiya Beynəlxalq İnformasiya Agentliyinin prezidenti, Azərbaycan Respublikasının Əməkdar jurnalisti Vasif Səmədov “Professor Rövşən Mustafayev” adına medalla təltifə görə AMEA Hüquq və İnsan Haqları İnstitutunun rəhbərliyinə təşəkkürünü bildirib. 20 Yanvar şəhidlərinin ruhunu ehtiramla ana­raq 1990-cı illərdəki fəaliyyətindən danışıb: “Həmin illərdə SSRİ-nin baş prokuroru, SSRİ Daxili İşlər naziri, SSRİ Müdafiə nazirinin müavini ilə müsahibələrimə, “İzvestiya” qəzetində çap olunan “Müdaxilə” silsilə pub­lisistik-analitik məqalələrimə görə məni ölümlə hədələyirdilər. 1990-cı ildə Çernavinlə “Krasnaya zvezda” qəzetində çap etdirdiyim müsahibəyə görə Moskvadakı ermənilər ayağa qalxmışdı. Redaksiyadan mənə təzyiq olunurdu, özüm və ailə üzvlərimin taleyi sual altında idi. İstəyirdilər ki, kollegiya iclasında “Müdaxilə” məqaləsi, eləcə də Qarabağ hadisələri ilə bağlı bütün yazılarımın rəsmi Bakının təzyiqi ilə qələmə alındı­ğını deyim. Bu təkzibi öz imzamla “İzvestiya”da dərc etdirim və işdən gedim. Əks təqdirdə, ermənipərəst jurnalist Nyukin Azərbaycan əleyhinə böyük məqalə ilə “İzvestiya”da çıxış edəcəkdi, mən işdən qovulacaqdım. Təbii ki, bunu etmədim, iki ay sonra “İzvestiya”da Nyukinin Azərbaycan əleyhinə məqaləsi dərc olundu, ancaq dərhal elə həmin qəzetin səhifələrində ona tutarlı cavab verdim. “İzvestiya” qəzetinin səhifələrində çap olunan “Müdaxilə”, “Vtorjeniye” silsilə yazıları sonradan kitab şəklində Azərbaycan və rus dillərində 50 min tirajla nəşr edildi”. Rus variantında olan kitab­ları Bakıdan müxtəlif respublika­lara təyyarə və qatarla səfər edən vətəndaşlarımıza verirdik. Bu, qlobal informasiya şəbəkəsinin, interne­tin olmadığı bir dövrdə informasiya blokadasını qırmaq, dünya oxucula­rına həqiqətləri çatdırmaq məqsədi daşıyırdı.
Vasif Səmədov 50 ildən artıq fəaliyyəti dövründə xalqımızın dünəni və bu günü haqqında həqiqəti, Azərbaycan elm və mədəniyyətinin uğurlarını, bu nailiyyətlərin qazanıl­masında müstəsna xidmətləri olan həmvətənlərimizi dünyaya tanıtdırmış, ermənilərin apardığı məkrli siyasətə qarşı vətəndaş təəssübkeşliyi ilə mübarizə aparmış qələm adamıdır. Onun müxtəlif ölkələrin geniş oxucu kütlələrinə çatdırılmış, 20 Yanvar faciəsini təsvir edən “Müdaxilə”, Azərbaycanın Milli qəhrəmanlarının, müqəddəs şəhidlik zirvəsinə yüksələn Vətən övladlarının həyat yolunu əks etdirən “Təki Vətən yaşasın”, “Vətən üçün lazım gəlsə” kitablarının tarixi, siyasi, mənəvi dəyəri olduqca böyük­dür. “İzvestiya” qəzetinin səhifələrində çap olunan və sonra Azərbaycan və rus dillərində nəşr edilən “Müdaxilə”, “Vtorjeniye” silsilə yazıları 20 Yanvar həqiqətləri ilə yanaşı, ermənilərin əsassız ərazi iddialarını, planlı fitnəkarlıqlarını da beynəlxalq auditori­yaya geniş açıqlayıb.
Leyla RƏŞID, 
“Xalq qəzeti”

23 Yanvar 2022 09:02 - ELM
ELM

Köhnə versiyamızdan xəbərləri izlə