Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tamaşaçılar onu böyük ehtiramla xatırlayırlar

Bəlkə də çoxlarınız onun haqqında az məlumatlısınız. Kinomuzda bənzəri olmayan həyat yoldaşı, mehriban ana, qayğıkeş qayınana olan Səkinə obrazı ilə o, əsl aktrisa bacarığını nümayiş etdirib.

Bəs o, həyatda kim idi? Bu aktrisa 1962-ci ildə görkəmli rejissor Həbib İsmayılovun Xalq yazıçısı Mirzə İbrahimo­vun ssenarisi əsasında çəkdiyi "Böyük dayaq" filmində Səkinə rolunun ifaçısı Leyla Rzayeva idi...
Leyla xanım, “Böyük dayaq”dan əvvəl də filmlərə çəkilmişdi.1959-cu ildə “Əsl dost”, 1960-cı ildə “Aygün” və “Səhər” filmlərində müxtəlif xarakterli rollar oynamışdı. “Böyük dayaq”dakı uğurlu ifasından sonra 1966-cı ildə çəkilən “İstintaq davam edir” filmində də ana obrazı ona etibar olunmuşdu.
“Böyük dayaq” filmi sovet Azərbaycanında kəndin mənəvi həyatından və problemlərindən, eləcə də şəxsiyyətə pərəstiş dövrünün törətdiyi çətinliklərdən bəhs edir. Filmdə Rüstəm kişi kolxoz sədri olmaqla yanaşı, zəhmli, ağır təbiətli ailə başçısı, Səkinə ana isə onun sədaqətli həyat yoldaşıdır.
Aktrisa Leyla Rzayeva bu rolu çox real və təbii şəkildə canlandırmaqla tamaşaçıların sevimlisinə çevrildi. Səkinə ana filmdə yenilik tərəfdarları olan gənclərlə həmfikir insandır.
Leyla Rzayeva Mehdi Məmmədovun sinfində təhsil al­mış, sonra Milli Dram Teatrında səhnə fəaliyyətinə başlamışdı. Və ömrünün sonuna kimi də bu sənət məbədində çalışmışdı.
Leyla xanım bu teatrın səhnəsində müxtəlif rollar ifa edib. “Хоşbəхtlər” tamaşasında Gülər, “Şöhrət və ya unudulan adam”da stenоqrafçı, “Ana ürəyi”ndə Nurəngiz, “Vaqif”də Tükəzban, “Əliqulu evlənir”də Yasəmən ... rоlları onun yarat­dığı çox sayda obrazdan bir neçəsidir.
Leyla Rzayeva “Böyük dayaq” filminə görkəmli aktyor, bu ekran əsərində Rüstəm kişi rolunda çəkilmiş Xalq artisti Ələsgər Ələkbərovun dəvətilə gəlib. Maraqlıdır ki, həmin filmdə çəkilərkən onun 32 yaşı olub. Amma gənc olmasına baxmayaraq, orta yaşlı Leyla Rzayeva yaşlı ana obrazının öhdəsindən çox məharətlə gələrək, həm rejissorun etima­dını doğruldub, həm də tama­şaçıların rəğbətini qazanıb.
Leyla Rzayevanın 4 övladı olub – 2 oğlu, 2 qızı. Nəvəsi Sona Rzayeva deyir ki, Leyla nənəmlə bağlı bunu deyə bilərəm ki, o iki dəfə ailə həyatı qurub.
Birinci həyat yoldaşı Məmmədtağı kişidən 3 ovladı dünyaya gəlib – Məsumə, Xanlar və Qəmər. İkinci həyat yoldaşı Adildən isə Əziz adlı oğlu doğulub.
Yeri gəlmişkən qeyd edək ki, Leyla Rzayevanın böyük qızı Məsumə Rzayeva da aktrisa olub. Məsumə xanım 30 ildən çox Musiqili Komediya Teatrında çalışıb. 1949-cu ildə dünyaya gəlmiş Məsumə Rza­yeva 2002-ci ildə 53 yaşında vəfat edib. 
Nəvəsi Sona Rzayeva deyir ki, böyüklərdən eşitdiyinə görə, Leyla Rzayeva “Böyük dayaq” filmindəki kimi, həyatda da xaraktercə mehriban, xoşxasiyyət, ədəb-ərkanlı xanım olub.
Qeyd etdiyimiz kimi, Leyla Rzayeva həyatda bəxti gətirməyən qadınlardan olub, əcəl onu erkən yaxalayıb. Aktrisa 1970-ci il noyabrın 5-də beyninə qan sızmasından vəfat edib. Dünyasını dəyişərkən Leyla xanımın 40 yaşı olub.
M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

23 Yanvar 2022 10:25 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə