Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şirvanda 20 Yanvar faciəsinin 32-ci ildönümü qeyd edilib

20 Yanvar faciəsinin 32-ci ildönümü münasibətilə Şir­van Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şura üzvləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri öncə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucalan abidəsini ziyarət etdilər. Abidə önünə gül-çiçək dəstələri qoyaraq ulu öndərin əziz xatirəsinə dərin ehtiramlarını ifadə etdilər. 
Sonra Vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlü­yü uğrunda canından keçən Şirvan şəhidlərinin uyuduğu Şəhidlər Xiyabanı ziyarət olundu. Şəhər rəhbərliyi və ictimaiyyət nümayəndələri Birinci Qarabağ müharibəsində itkin düşənlərin xatirəsinə ucaldılan abidənin, “Əbədi məşəl” abidəsinin və şəhid məzarlarının önünə tər qərənfillər düzərək ruhlarına dualar oxudular. 
Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bü­tün şəhid analarına ehtiram əlaməti olaraq ucaldılan “Şəhid anası” memorial abidə komp­leksinin önünə əklil qoydu. Sonra 20 Yanvar–Ümumxalq Hüzn Gününə həsr olunmuş ümumşəhər tədbiri keçirildi. Öncə Vətənimizin müstəqilliyi, müdafiəsi, ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 
Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çı­xış edərək tarixin yadda­şına xalqımızın ən faciəli günlərindən biri, eyni za­manda qəhrəmanlıq səhifəsi kimi yazılan Qanlı 20 Yanvar faciəsindən 32 il keçməsinə baxmayaraq ağır nəticələrinin unudulmadığını, Vətənin azadlığı və suverenliyi uğrun­da canından keçənlərin hər il dərin ehtiramla yad edildiyini bildirdi. 1990-cı ilin yanvar hadisələrindən geniş bəhs edərək Ulu öndər Heydər Əliyevin faciədən dərhal sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy oldu­ğunu nümayiş etdirməsinin həmin ağır günlərdə Azərbaycan xalqında necə böyük inam və ruh yüksəkliyi yaratdığını vurğuladı. 
Natiq qeyd etdi ki, 20 Yanvar faciəsindən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrildi, dönməz xa­rakter aldı, xalq öz gələcəyini müstəqil Azərbaycanda gördü. Yalnız ümummilli lider Heydər Əliyevin res­publika rəhbərliyinə qayıdışı ilə faciəyə hüquqi-siyasi qiymət verildiyini vurğuladı. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin “Dəmir yumruğu” ətrafında birləşən Şanlı Azərbaycan Ordusunun 2020-ci ilin sentyabrın 27-dən torpaqlarımızın işğal­dan azad edilməsi uğrunda başladığı Vətən müharibəsi ilə şəhidlərimizin qisasının alındı­ğını, dünyanın Azərbaycanın ədalətli haqq savaşının və şan­lı qələbəsinin şahidi olduğunu diqqətə çatdırdı. O, Şirvan Şəhər İcra Hakimiyyətində şəhidlərə və onların ailələrinə xüsusi diqqət və qayğı nüma­yiş etdirdiyini dilə gətirdi. 
Tədbirdə çıxış edən millət vəkili İltizam Yusifov torpaqları­mızın bütövlüyü və Vətənimizin azadlığı uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət və ailələrinə səbir dilədi. 
Tədbirdən sonra Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və hüquq-mühafizə orqanlarının rəhbərləri Birinci Qarabağ müharibəsində şəhid olan Milli Qəhrəmanlar Nofəl Quliyevin, Tahir Bağırovun, Rəfael Həbibovun büstlərini ziyarət edərək, gül dəstələri düzdülər və xatirələrini ehti­ramla yad etdilər. Büstlərin önündə Milli Qəhrəmanların ailə üzvləri, təhsil aldıqla­rı məktəblərin müəllimləri onların həyat və fəaliyyətləri, göstərdikləri şücaətlər barədə məlumat verdilər. 
Sonra şəhərin el qəbiristanlığında uyuyan şəhidlərin məzarları ziyarət edildi, ruhlarına dualar oxundu. Daha sonra Sovet İttifaqı Qəhrəmanı Şirin Şükürovun məzarı və məzarüstü abidəsi ziyarət edilərək önünə gül dəstələri qoyuldu.
Səməd HÜSEYNOĞLU,

“Xalq qəzeti”nin bölgə müxbiri 

22 Yanvar 2022 23:13 -

Köhnə versiyamızdan xəbərləri izlə