Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əsrin faciəsi: Narkomaniya

Narkomaniya qlobal sosial problem, milyonlarla insanın həyatına son qoyan dəhşətli müharibədir. Bu, müharibə başqa amansız müharibələr kimi, xalqların genofondlarını məhv edir. Narkomaniya, heç də bəzilərinin dediyi kimi, xəstəlik deyil. Narkomaniya şəxsiyyətin total məğlubiyyəti və onun sağlamlığının amansız cəlladıdır.
Ötən il dünyada təxminən 275 milyon insan narkotik vasitələrdən istifadə edib. 36 milyon insan isə narkomaniyanın törətdiyi fəsadlardan əziyyət çəkib. Onlardan 13 milyonu narkotikdən asılı olan insanlardır. Bu siyahıya əsasən ağır sintetik maddələrdən istifadə edən insanlar daxildir. Onların da yarısı gənclərdir. Təkcə 2019-cu ildə narkotiklərdən istifadə edən 494 min insan bu səbəbdən səhhətində yaranan xəstəliklərdən dünya­sını dəyişib. Bu faktlar Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) təqdim etdiyi “Narkotiklər haqqında ümumdünya hesabatı – 2021” məruzəsində açıqlanır. 
Adını çəkdyimiz sənəddə qeyd edilir ki, narkotikdən istifadə edənlərin sayı 2010-cu illə müqayisədə 22 faiz artıb. Demoqra­fik dəyişikliyə əsaslanan proqnoza görə, 2030-cu ilə qədər narkotik istifadəçilərinin sayı bütün dünyada daha 11 faiz artacaq.
Ən qorxulu məqam ondan ibarətdir ki, mütəxəssislərin haqlı olaraq XXI əsrin bəlası adlandır­dığı narkomaniya bütün dünyada daha böyük sürətlə yayılmaqda davam edir. Əgər əvvəllər hər ölkədə çox az sayda insanlar təbii narkotik vasitələrdən istifadə edib uzun müddət yaşaya bilirdilərsə, indi narkomaniya daha kütləvi hal alıb. Bunun bir səbəbi də asan əldə olunan və populyarlaşan böyük sayda sintetik narkotik maddələrin geniş yayılmasıdır. Gənclər ara­sında sürətlə yayılmaqda olan bu bəla, son vaxtlar bəşəriyyətin ən qiymətli dəyəri olan uşaqların və yeniyetmələrin həyatı üçün böyük təhlükəyə çevrilməkdədir. Narkotikə aludəçilik gənclərin özü, onların ailəsi və cəmiyyət üçün əksər hallar­da faciəyə çevrilir. 
Aparılan araşdırmalardan aydın olub ki, bütün dünyada 11 milyon in­san ineksiyalı narkotiklərdən istifadə edir ki, onların da yarısına qədəri hepatit C xəstəliyi ilə yaşayır. 
Ümumdünya təşkilatlarının apardığı araşdırmalara görə bu gün dünyada ən çox narkotik istifadə edən və narkotrafik ölkələr sırasında yer alan İran, Rusiya, Əfqanıstan və Orta Asiya ölkələridir ki, Azərbaycan bu ölkələrlə ya quru ərazilərlə, ya da dəniz vasitəsilə qonşudur və geniş iqtisadi-ticarət əlaqələrinə malikdir.Ölkəmizin dövlət səviyyəsində bu bəlanın aradan qaldırılmasına böyük qüvvə sərf etməsinə baxmayaraq narkotikdən istifadə edənlərin, xüsusilə gənclərin sayı durmadan artır. 
Əlbəttə, bu tendensiya dövlətimizi və cəmiyyətimizi nara­hat etməyə bilməz. Hələ 1990-cı illərin ortalarından, ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıt­dıqdan dərhal sonra, dövlətçiliyin möhkəmləndirilməsi sahəsində çox mühüm və vacib işlərin olma­sına baxmayaraq, bu problemin qarşısının alınması üçün bir sıra vacib qərarlar qəbul etmişdir. Ulu öndər narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edərək, bununla bağlı 1996-cı il avqustun 26-da mü­vafiq fərman imzalamışdır. Məhz bu fərmandan sonra ölkədə problemin həlli istiqamətində həyata keçirilən tədbirlər öz bəhrəsini verməyə başlamış, xüsusilə narkotrafikin qar­şısının alınması ilə bağlı beynəlxalq təşkilatlarla birgə fəaliyyət mexanizmləri işlənib hazırlanmış­dır. Bu fərman əsasında 2000-ci ilə qədərki dövr üçün narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Ümummilli Dövlət Proqramı hazır­lanmış, Narkomanlığa və Narkotik Vasitələrin qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komis­siyası yaradılmış, 18 iyun 1999-cu ildə isə Milli Məclis tərəfindən “Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Qanun qəbul olunmuşdur.
Ümummilli liderin milli genefon­dun qorunmasına və gənc nəslin sağlam böyüməsinə xidmət edən narkomaniyaya qarşı mübarizə siyasəti 2003-cü ildən başlaya­raq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən daha geniş şəkildə davam etdiril­mişdir. Son 18 ildə məhz Prezident İlham Əliyevin tapşırığına əsasən müvafiq strukturların hazırladığı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekur­sorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə” üç Dövlət Proq­ramı qəbul edilmişdir. Dövlət başçısının sərəncamları ilə təsdiq edilən 2007-2012, 2013-2018 və 2019–2024-cü illəri əhatə edən bu proqramlar cəmiyyəti nara­hat edən narkomaniya bəlası ilə mübarizədə hüquq-mühafizə orqanları və bu məsələyə cavabdeh olan digər dövlət təsisatları üçün sözün əsl mənasında yol xəritəsinə çevrilmişdir. 
2019 – 2024-cü illər üçün Dövlət Proqramının əsas məqsədləri narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursor­larının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğatı, ictimai maarifləndirmə işinin əhatəsinin genişləndirilməsi, müasir informasiya texnologi­yalarının imkanlarından istifadə olunmaqla narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicəsi və reabilitasiyası istiqamətində müasir texnologiyaların və yeni üsulların tətbiqi, bu sahədə qanunvericili­yin təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, beynəlxalq təcrübədən istifadə etməklə ixtisaslaşmış seminarların keçirilməsi və digər genişmiqyaslı məsələlərdən ibarətdir.
Etiraf etməliyik ki, proqramın ic­rasında ölkənin Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsi üzərlərinə düşən vəzifəni uğurla icra edirlər. Lakin təəssüflə qeyd etməliyik ki, bütün mübarizə tədbirlərinə baxmayaraq, son illərdə ölkəmizdə narkotik və psixotrop maddə istifadəçilərinin, o cümlədən narkotiklərlə bağlı cinayət hadisələrinin sayı xeyli artıb. Məsələn, 2000-ci ildə narkotik vasitələrlə bağlı cinayətlərin sayı 1989 olubsa, 2020-ci ildə bu rəqəm iki dəfədən çox artaraq 5041-ə çatıb. 2020-ci ildə 301 nəfərdən ibarət 131 cinayətkar qrup zərərsizləşdirilmişdir ki, bunların əksəriyyəti transmilli cinayətkar qruplardır. 2019-cu ildə qanunsuz dövriyyədən bütövlükdə 3 ton 318 kq narkotik vasitələr götü­rülmüşdür.
Bu tendensiya 2021-ci ildə də davam edib. Belə ki, 2021-ci ilin 11 ayı ərzində hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanun­suz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində, ümumilikdə, 8095 cinayət faktı aşkarlanmışdır. On­lardan 3066-sı narkotik vasitələrin qanunsuz satışı, 4553-ü narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 375-i qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 101-i isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olmuş­dur.
Aşkarlanmış faktlar üzrə qanun­suz dövriyyədən, ümumilikdə, 6 ton 582 kiloqram müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr müsadirə olunmuşdur. Onlardan 3 ton 192 kiloqramını heroin, 1 ton 217 kiloqramını marixuana, 1 ton 317 kiloqramını tiryək, 73 kiloqra­mını həşiş, 90 qramını kokain, 580 kiloqramını psixotrop maddələr, 200 kiloqramını isə digər narkotik vasitələr təşkil etmişdir. Həmçinin göstərilən dövr ərzində 22 min 311 ədəd metadon həbi və 46 min 966 ədəd çətənə bitkisi qanunsuz dövriyyədən götürülmüşdür. 
Müvafiq dövr ərzində 810,469 hektar sahədən çəkisi 174 ton 970 kiloqram olan 433 min 716 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilmişdir.
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 5725 nəfər cəlb edilmişdir. Onlardan 62 nəfəri xarici ölkə vətəndaşıdır. 24-ü İran İslam Respublikası, 12-si Gürcüstan, 14-ü Rusiya, 7-si Türkiyə, 3-ü Ukrayna, 1-i Hindistan və 1-i isə Pakistan vətəndaşı olmuşdur. Xarici ölkə vətəndaşlarından, ümumilikdə, 1 ton 856 kiloqramdan çox, 5004 ədəd müxtəlif növ narkotik vasitə, psixotrop maddə və 1580 ədəd güc­lü təsir edən maddə götürülmüşdür.
Bu sahədə Dövlət Gömrük Komitəsinin fəaliyyəti də xüsu­si qeyd edilməlidir. Rusiya, İran, Türkiyə, Gürcüstan və Ermənistanla, suda Xəzəryanı ölkələrlə həmsərhəd olan Azərbaycan Respublikasının əlverişli coğrafi mövqeyi, narkotiklərin “istehsalçısı” olan Asiya və “istehlakçısı” olan Avropa qitələri arasında yerləşməsi, avtomobil, su, hava və dəmir yolları şəbəkəsi vasitəsilə daşınan yüklərin həcminin, nəqliyyat vasitələrinin və sərnişinlərin sayının ilbəil artması, həmçinin uğurla həyata keçirilən çoxsaylı irimiqyaslı iqtisadi layihələr nəticəsində hər il orta hesabla dün­yanın 140-a yaxın ölkəsi ilə qurulan ticarət əlaqələri narkoqaçaqmalçıları özünə cəlb edir. Onlar bu imkan­lardan istifadə etməklə, bilavasitə “əfqan” narkotiklərini Avropaya və digər regionlara daşımağa cəhd göstərirlər.
Dövlət Gömrük Komitəsinin müvafiq orqanlarının opera­tiv əməliyyat-axtarış tədbirləri nəticəsində təkcə 2021-ci ildə qanunsuz dövriyyədən 2 ton 800 kiloqram narkotik vasitələr çıxarıl­mışdır. Bunun əksər hissəsi heroin olmuşdur. Əlbəttə, bu dəhşətli bəlanın yayılmasında əsas amili narkobaronların və narkotacirlərin insanların bədbəxtliyi üzərində qazandıqları çox böyük məbləğdə pullardır. Məsələn, son illər daha çox genişlənən kokain bazarının illik dövriyyəsi 88 milyard dollara çatır. Məhz bu səbəbdən narkotik vasitələrin yayılmasında maraqlı olan qüvvələrə qarşı daha amansız və kəskin mübarizə aparılmalıdır. 
Son 10 ildə narkotacirlər narkotik vasitələrin yayılmasında informasiya texnologiyalarının imkanlarından da geniş istifadə etməyə başlamışlar. Belə narkotik satışının “darknet” adlanan kölgə interneti yaran­masının 10 ili ərzində çox sürətlə genişlənmişdir. Hazırda ən böyük “darknet” şəbəkəsinin narkotik satışının illik dövriyyəsi 315 mil­yon dollar təşkil edir. Səssiz ölüm yayan bu şəbəkələr sürətlə bizim ölkəyə də ayaq açır və bilavasitə gənclərin və yeniyetmələrin həyatını zəhərləməklə milli genefondumuz üçün çox böyük təhlükəyə çevrilirlər. Ən təhlükəli məqam ondan ibarətdir ki, xüsusi laboratoriyalarda kimyəvi üsulla hazırlanan sintetik müasir narkotik vasitələr demək olar ki, 2-3 dəfə istifadədən sonra insanda güclü asılılıq yaradır. Bu xəstəliyin nəticələri isə son dərəcə ağır olur. Çünki onun tərkibində olan ağır və kəskin toksinlər insanın daxili orqan­larının və əsəb sisteminin funksiya­larını kobud şəkildə pozur və qısa zamanda şəxsiyyətin deqradasiyası­na səbəb olur. 
Bəli, ağır narkotik vasitələr bir neçə həftədə insan iradəsini özünün quluna çevirməyə və onu özünə tabe etməyə qadirdir. Bir neçə ildə isə bu ağu insanı “yandırıb” məhv edir, onu köməksiz, insanlığı məhv edilmiş, əldən düşmüş bir tüfeyliyə çevirir ki, bundan sonra belələrinin həyatda yeganə amalı növbəti “dozanı” axtarıb tapmaq və istifadə etmək olur. Belələri isə, sözün həqiq mənasında, gözlərində həyat eşqi sönmüş, ətrafdakı reallıqla əlaqələrini itirən, dostları, bəzən ən əziz adamları tərəfindən qəbul edilməyən lazımsız bir insana çevrilirlər. 
Çox təəssüf ki, cəmiyyətimizdə belələri çoxdur. Müvafiq orqanların verdiyi rəsmi statistik məlumatlara görə hazırda Azərbaycanda 33 min 788 narkotikdən asılı olan insan var. Bu orta səviyyəli bir şəhərin əhalisinin sayına bərabərdir. Əgər qeydiyyatdan yayınanları da bura əlavə edə bilsəydik bunun 10 milyonluq əhalisi olan bir ölkə üçün nə qədər böyük problem olduğunu daha aydın görərdik. 
Bütün bunlardan çıxış edib həyəcan təbili çalmağın vaxtını ötürməkdə olduğumuzu bildirmək istəyirəm. Dövlət öz tərəfindən lazımi mübarizə tədbirlərini yüksək səviyyədə görür. Ancaq bu tədbirlər narkomaniya kimi amansız bəlanın qarşısını almaqda acizdir. Bu prob­lem xalqın gələcəyini, sağlam gene­fondumuzu düşünənləri bir dəqiqə belə rahat buraxmamalı və ciddi düşündürməlidir. Cəmiyyətimiz, zi­yalılarımız, xüsusilə müəllimlərimiz, jurnalistlərimiz, televiziya və radio kanallarımız bu problemə biganə yanaşmamalıdırlar. Yalnız hüquq-mühafizə orqanları səylərimizi birləşdirməklə müsbət nəticələr əldə etmək və bizim bugünkü həyatımızın bu qlobal probleminin qarşısını almaq mümkündür. 
İnzibati orqanların üzərinə düşən vəzifələr aydındır: narkotiklərin və narkotik maddələrin qanunsuz dövriyyəsini ən kəskin tədbirlərlə ləğv etmək, onların satışına və yayılmasına imkan verməmək. Bu, məsələnin inzibati yoludur. 
Cəmiyyətdəki narkotikdən asılı insanların müalicəsi də dövlət səviyyəsində təşkil edilib. Ölkədə narkoloji dispanserlər fəaliyyət göstərir və onların müalicə metodla­rının təkmilləşdirilməsi, pasiyentlərə yanaşmalarında da ciddi dönüş etməyin vaxtı çatıb. Çünki narko­maniyadan xilas olmaq kompleks və sistemli yanaşma tələb edir: orqanizmi toksinlərdən təmizləmək, psixoloji reabilitasiya və ardıcıl­lıqla cəmiyyətdə sosiallaşma, ailə ilə kəsilmiş əlaqələrin bərpası, həyatda yeni hədəflər və məqsədlər müəyyənləşdirməyə yardım etmək. 
Amma bütün bunlarla yanaşı, ən vacib olanı gənclərin, yeniyetmələrin bu yola düşməsinə imkan verməmək üçün davamlı profilaktik tədbirlərin görülməsidir. Əgər cəmiyyətimiz bu istiqamətdə lazımi tədbirləri vaxtın­da, ləngimədən həyata keçirə bilsə zaman-zaman narkomaniya proble­mini aradan qaldırmaq istiqamətində çox böyük uğurlar qazanmaq olar. 
Təbii Sərvətlər və Ekologiya Na­zirliyinin regional idarələrindən biri olaraq son illər özündə yeniyetmələr və gənclər arasında narkotiklərə qarşı təbliğatı, cəmiyyətə adapta­siya olunmaq vərdişlərinin forma­laşmasını və həyatda çətinliklərin dəf edilməsini özündə ehtiva edən ümumi profilaktik tədbirlərin real­laşmasında yaxından iştirak edirik. Bunda əsas məqsəd gənclərdə narkotik vasitələrə aludəçiliyə yol açan amillərə qarşı təbii müqavimət şəraitinin yaradılmasından ibarətdir. Bunun üçün idarəmizin əməkdaşları psixoloqlar, sosial müəllimlər və işçilərlə birgə risk qruplarında olan uşaqlarla seçmə profilaktik tədbirlər keçirlər. Başlıca olaraq problemli və sosial təminatı zəif olan, ciddi sosial-iqtisadi problemlərlə üzləşən ailələrdən olan yeniyetmələrdə yar­dım üçün mütəxəssislərə müraciət etməkdən çəkinməmək hissi yaradı­rıq. Həmçinin belə ailələrin uşaq­larının narkotacirlərin təsiri altına düşməməsi üçün təbliğat aparılır. 
Etiraf etmək lazımdır ki, nar­komaniyaya qarşı təbliğatımızın əsas məqsədlərindən biri 2024-cü ilə qədər fəaliyyətdə olacaq “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorları­nın qanunsuz dövriyyəsi və nar­komanlığın yayılması ilə mübarizə üzrə” Dövlət Proqramı haqqında cəmiyyəti məlumatlandırmaqdır. Bu istiqamətdə həyata keçirilən tədbirlərə idarəmizlə yanaşı təhsil müəssisələri – orta ümumtəhsil məktəbləri, liseylər, universitetlər, kolleclər də cəlb edilmişdir. Stra­tegiyada əsas diqqət sağlam həyat obrazının, idmanın, ailə və insani dəyərlərin təbliginə yönəlib. Mütəmadi olaraq xidməti ərazidə yerləşən qeyd etdiyim təhsil müəssisələrində yeniyetmələr və gənclərlə davamlı görüşlər keçi­rilir və onlar arasında “Narkotik vasitələrin insan orqanizminə dağıdıcı təsiri”, “Narkomaniya əsrin bəlasıdır”, “Azərbaycan gənclərinin milli-mənəvi tərbiyəsinin aktual problemləri”, “Ağ ölümə yox deyək” və digər oxşar mövzular­da məruzələr oxunur, disputlar və müzakirələr keçirilir.
Bu mövzuda geniş müzakirələr açıb, narkomaniyaya qarşı mübarizənin ən müxtəlif yolları barədə uzun-uzadı danışmaq olar. Lakin nəzərə alsaq ki, narkotiklər və narkomaniya müasir cəmiyyətin başlıca problemlərindən biridir, o zaman bir gerçəyi dərk etməliyik: cəmiyyət özü narkomaniyaya qarşı birləşməli və narkobiznesə qarşı amansız mübarizədə fəal və barış­maz mövqe tutmalıdır. İnsanlığın, xalqın gələcəyinə və genefondu­muzun sağlamlığına biganə qalmaq istəmiriksə, təxirə salmadan bu bəşəri bəlaya qarşı mübarizədə bü­tün imkanlarımızı səfərbər etməliyik. 
Bəxtiyar HÜSEYNOV, 
Azərbaycan Yazıçılar Birliyinin üzvü, 
yazıçı-ekoloq

 

23 Yanvar 2022 10:59 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə