Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan alternativ enerji siyasətini uğurla inkişaf etdirir

İnsan tərəfindən mənimsənilən ilk sabit enerji mənbələrindən biri də küləkdir. Böyük coğrafi kəşflər məhz külək sayəsində baş verdi, bəşəriyyət səyahət etmək, əkin sahələrini suvarmaq, taxıl üyütmək imkanı əldə etdi və nəhayət, insan küləyin elektrik enerjisi şəklində təmiz enerjiyə çevrilməsini öyrəndi. Bu gün də külək enerjisi gündəmdədir. Belə ki, bir çox ölkədə külək enerjisinə alternativ və təmiz enerji kimi böyük üstünlük verilir, o, gələcəyin enerjisi adlandırılır. 
Bərpaolunan enerji layihələrinə böyük investisiya yatıran Azərbaycanda da külək enerjisinin inkişafına xüsusi diqqət ayrılır. Yanvarın 13-də Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməlqoyma mərasiminin keçirilməsi bu faktı bir daha təsdiqlədi. 
Külək enerjisindən istifadə ilk dəfə, təxminən, eramızdan əvvəl 3000-ci ildə Misirdə baş vermişdir. Nil çayında yelkənli qayıqları hərəkət etdirmək üçün küləkdən istifadə olunmuşdu. Sonradan külək enerjisindən istifadənin yeni üsulları dünyaya yayılmışdı. XI əsrdə Yaxın Şərqdə külək dəyirmanlarından geniş istifadə etməyə başlamışdılar, tacirlər və səlibçilər bu ideyanı Avropaya gətirmişdilər. Avropada, xüsusilə də Hollandiyada yel dəyirmanları təkmilləşdirilmiş və onlardan Reyn deltasındakı gölləri və bataqlıqları qurutmaq üçün istifadə etmişlər. 
XIX əsrin sonlarında isə Amerikaya köç edən avropalılar bu texnologiyanı “Yeni Dünya”da daha da inkişaf etdirmişdilər. Yel dəyirmanlarından kənd təsərrüfatında, daha sonra isə evlərin və sənaye müəssisələrinin elektrik enerjisi ilə təmin olunmasında istifadə etməyə başlamışdılar. Elektrik enerjisi istehsal edən ilk külək turbini də 1887-88-ci illərdə tikilmişdi. Onun dizayneri Amerika elektrik sənayesinin qabaqcıllarından olan Çarlz Frensis Braş olmuşdu. Lakin onun dizaynı bu gün bildiyimiz külək stansiyalarına bənzəmirdi. 
Alternativ cərəyan istehsal edən ilk belə elektrik stansiyası yalnız 1957-ci ildə Johannes Juul tərəfindən tikilmişdi. Məhz həmin hadisə bu gün külək stansiyaları dediyimiz işin başlanğıcı sayıla bilər. Xüsusilə qeyd etmək yerinə düşər ki, külək dəyirmanlarının istifadəsi neft böhranı nəticəsində populyarlıq qazanmışdı. Məhz 1970-ci illərin neft böhranı dünya ölkələrində enerji mənzərəsini dəyişdirmişdi. Belə ki, neft böhranı alternativ enerji mənbələrinə maraq yaratmış, elektrik enerjisi istehsalı üçün külək elektrik stansiyalarının tikilməsinə yol açmışdı. 
Xatırladaq ki, 1980-ci illərin əvvəllərində külək enerjisi ABŞ-ın Kaliforniya ştatında bərpa olunan enerji mənbələrindən istifadəni təşviq edən hökumət siyasəti sayəsində inkişaf etməyə başlamışdı. Hazırda külək enerjisi dünyanın bir çox ölkəsində iqtisadi güc mənbəyi sayılır. Məsələn, hazırda Danimarka külək enerjisinin inkişafında dünya lideridir. Bundan başqa, dünyanın ən böyük külək elektrik stansiyası Böyük Britaniyadadır və həmin stansiyanı da məhz danimarkalı mühəndislər tikmişdilər. Əlavə edək ki, Liverpulda yerləşən “Burbo Bank” külək elektrik stansiyasının ilk inşa edilən bloku 25 külək generatorundan ibarətdir və hər biri 3,6 MVt olmaqla, ümumilikdə, 90 MVt elektrik enerjisi istehsal edir. 
İnşasına 2017-ci ildən başlanılan ikinci blok isə 32 külək generatorundan ibarətdir və ümumi gücü 256 MVt-dır. Maraqlıdır ki, külək vintinin bir dəfə dövrə vurması bir evi 29 saat elektrik enerjisi ilə təmin etməyə qadirdir. İkinci blok istismara verildikdən sonra “Burbo Bank”ın ümumi gücü 346 MVt-a çatmışdır. Yeni stansiyanın istismar müddəti 25 ildir. Bu, nəinki dünyanın ən böyük stansiyasıdır, həmçinin onun külək turbinləri də rekord nəticələr göstərir. İkinci blokdakı 8 MVt gücündə olan turbinlərin hər birində 79,8 metr uzunluğunda üç pər var və hər bir konstruksiyanın ümumi hündürlüyü 195 metrdir. Müqayisə üçün Londonun mərkəzində yerləşən məşhur Merieks göydələnini nümunə göstərmək olar. Həmin göydələnin hündürlüyü 180 metrə bərabərdir. 
Ümumiyyətlə, Böyük Britaniya uzun müddətdir ki, alternativ enerjini inkişaf etdirir. 2016-cı ilə qədər onun qurudakı külək stansiyaları 9000 MVt-dan çox, dənizdəki külək stansiyaları 6000 MVt/saat istehsal etmişdir ki, bu da ölkənin tələbatının 23 faizini ödəmişdir. Lakin bu yüksək göstərici ilə belə, ölkə elektrik enerjisinin, demək olar ki, yarısının küləklə istehsal edildiyi Danimarkadan geri qalır. Qeyd edək ki, Avropada, xüsusən də ümumi istehsal gücü artıq 15 faizi ötmüş Danimarka və Almaniyada külək turbinlərinə xüsusi ümidlər bəslənilir. Qeyd etmək lazımdır ki, Avropa ərazisindəki külək stansiyaları getdikcə daha çox dəniz sahillərində və ya dənizin özündə yerləşdirilir.
Bu gün iqlim böhranı ilə əlaqədar olaraq, bərpa olunan enerji mənbələrinə daha çox diqqət yetirilir. Onlardan biri də külək stansiyalarıdır. Bundan əlavə, külək stansiyalarının fəaliyyəti istixana (parnik) qazları yaratmır. Külək stansiyaları istismar zamanı zərərli maddələr buraxmadığına və tikintisində istifadə olunan materiallara görə ən təmizlərdən biri hesab olunur. Bundan başqa, külək stansiyalarının elektrik enerjisi istehsalı üçün böyük gələcəyi ola bilər.
Onların üstünlüklərinə tullantıların olmaması, elektrik enerjisi istehsalının aşağı qiyməti daxildir. Elektrik enerjisinin bahalaşması və bir çox səbəblərdən mərkəzi şəbəkələrə qoşula bilməməsi külək turbinləri və Günəş panelləri kimi bərpa olunan enerji mənbələrinin tətbiqinə gətirib çıxarır və hər il təbii olaraq daha çox iqtisadi cəhətdən özünü doğruldur. Külək stansiyalarının həm də enerji təhlükəsizliyinin təmin olunmasında da rolu getdikcə artır. 
Bu mənada, Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının da xüsusi rol oynacağı gözlənilir. Prezident İlham Əliyev stansiyanın təməlqoyma mərasimində çıxışında stansiyanın inşa ediləcəyini “gözəl hadisə” adlandıraraq bildirdi ki, “Xızı-Abşeron” Külək Elektrik Stansiyası Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verəcəkdir. 240 MVt gücündə olacaq yeni stansiya ildə, təxminən, 220 milyon kubmetr təbii qaza qənaət etməyə imkan yaradacaq. 
Bundan başqa, tikintisi, təxminən, 18 ay çəkəcək stansiya istismara verildikdən sonra ildə 1 milyard kilovat-saat elektrik enerjisi istehsal edəcəyi gözlənilir. Hesablamalara görə, bu qədər elektrik enerjisi, təqribən, 300 minə yaxın evi elektrik enerjisi ilə təmin edə biləcək. Buna görə də, 300 milyon dollara başa gələcək külək stansiyası Azərbaycan dövlətinin alternativ və bərpa olunan enerji mənbələrinin inkişafına istiqamətlənmiş siyasətinin uğurla həyata keçirilməsinin əyani sübutu kimi qiymətləndirilməlidir.
Bir sözlə, alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı baxımından vacib mərhələ olacaq “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının inşası həm ekologiyaya müsbət təsiri, həm ənənəvi enerji resurslarına daxili bazarda qənaət edilməsi, həm də enerji təhlükəsizliyinin daha da gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Qeyd edildiyi kimi, Azərbaycan 2030-cu ilə qədər bərpa olunan enerji mənbələrinin payını 30 faizə çatdırmaq niyyətindədir. Bu mənada, “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının tikintisi bu istiqamətdə atılan növbəti mühüm addımdır. 
Səbuhi MƏMMƏDOV,

“Xalq qəzeti”

23 Yanvar 2022 10:46 - İQTİSADİYYAT
İQTİSADİYYAT
20 May 2022 | 09:12
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə