Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Delimitasiya və demarkasiya regional təhlükəsizliyə xidmət edəcək

Sərhədlərin delimitasiyası qonşu ölkələr arasında dövlət sərhədinin ümumi istiqamətinin müəyyənləşdirilməsidir. Ümumiyyətlə, bu, sərhədlərin yaradılması və ya dəyişdirilməsinə dair sülh müqavilələrinin və ya xüsusi razı­laşmaların tərkib hissəsi sayılır. Demarkasiya xətti isə ayırma deməkdir və döyüşən tərəflərin qoşunlarını daimi sərhədlər müəyyənləşənə qədər ayıran zolaq anlamındadır.
Ermənistan və Azərbaycan arasında sərhəd xətlərinin dəqiqləşdirilməsi prosesinin baş­lamasından sonra bu terminlərə daha çox rast gəlirik. Məlum olduğu kimi, ötən il noyabrın 26-da Soçidə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Azərbaycan Res­publikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü növbəti üçtərəfli Bəyanatın imzalanması ilə başa çatıb. Bəyanatda əksini tapan əsas məsələlər nəqliyyat əlaqələrinin blokadadan çıxarılması və Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın yaradılmasın­dan ibarətdir.
Azərbaycan nəqliyyat dəhlizlərinin açılmasına dair üzərinə düşən öhdəlikləri yerinə yetirməkdə tam qərarlı olduğu üçün, bu məsələdə əsas “ilişik” Ermənistan tərəfinə aiddir. Bəyanatda qeyd olunan məsələlərin həlli, xüsusilə də dövlət sərhədinin delimitasiyası sülh sazişinin imzalanması üçün mü­hüm hazırlıq mərhələsidir. Adətən, 10-20 maddədən ibarət olan sülh müqaviləsinin tərkibində və ya ona əlavə olaraq sərhədlərin qarşılıqlı tanınmasına dair ayrıca bir akt tərtib olunur. Delimitasiya zamanı qarşı­lıqlı razılaşma ilə əldə olunan imzalı sərhəd xəttinin xəritəsi akta əlavə edilir.
Ermənistanın bu prosesi bilərəkdən uzatmasının başlıca səbəbləri ondan ibarətdir ki, qarşı tərəf hələ də beynəlxalq təsisatların köməyi ilə qondarma DQR-in status almasına xəyalpərvərliklə ümid edir və delimitasiya baş tutduğu təqdirdə bu ümiddən tamamilə əlini üzməli olacağını bilir. Bundan başqa, delimitasiya prosesi zamanı Qazax və Naxçıvanın hələ də ermənilərdə qalan 8 kəndinin taleyinə aydınlıq gətiriləcək. Delimitasiya iki ölkə ara­sındakı bütün dövlət sərhəd xəttinin xəritə üzərində razılaşdırılması ilə başa çatmalıdır. 
Delimitasiya prosesi zamanı hazırlanan və tərəflərin imzaları ilə təsdiq edilən sənədlər sərhədin müəyyənləşdirilməsinin növbəti mərhələsi hesab olunan demar­kasiya üçün baza rolunu oynayır. Başqa sözlə desək, xəritə üzərində əldə olunan razılaşma sərhədlərin işarələnməsi və çəkilməsi üçün əsas sənəddir. Demarkasiya prosesi zamanı ərazinin topoqrafik, hava və peyk çəkilişləri aparılacaq. Bu məsələdə müasir PUA-lar mühüm əhəmiyyət daşıyır. Həmin çəkilişlərin əsasında sərhəd zolağının iri­miqyaslı topoqrafik xəritəsi tərtib ediləcək, sərhəd nişanları (dirəklər, tikanlı məftillər və s.) qurulacaq və onların koordinatları müəyyən ediləcək. Analoji proseslər digər qonşu dövlətlərlə sərhəddə çoxdan həyata keçirilib, qalır Ermənistanla sərhəd ərazilər.
Ekspertlər qeyd edirlər ki, Cənubi Qafqazdakı ərazi mübahisələri və sərhəd problemləri regional sabitlik və təhlükəsizliyə böyük təhdiddir. Xüsusilə Azərbaycan və Ermənistan arasın­dakı münaqişə səbəbindən dövlət sərhədinin delimitasiyası və demar­kasiyası prosesinin tormozlanması yolverilməzdir. Doxsanıncı illərdə başlanan Qarabağ münaqişəsi Azərbaycanın ərazi itkiləri ilə nəticələnib. O zaman düşmən bizim ərazilərimizin 20 faizini işğal etmişdi və nəticədə həm Ermənistan, həm də İranla dövlət sərhədinin böyük hissəsinə nəzarəti itirmişdik. İşğal illərində həmin ərazilərin silah və narkotik maddələrin qanunsuz dövriyyəsi üçün istifadə edildiyi sirr deyil. Prezident Ilham Əliyev bu barədə fikirlərini dəfələrlə açıq şəkildə bildirib.
Araşdırmalar göstərir ki, qa­nunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin bir hissəsinin əkilməsi, yetişdirilməsi, toplan­ması və tranziti Azərbaycanın Ermənistan tərəfindən işğal olun­muş ərazilərində təşkil edilib. Narkoticarətin Ermənistanın dövlət siyasətinə çevrildiyi dəfələrlə sübut olunub.
Qeyd edək ki, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının bir neçə il əvvəlki hesabatında da bildirilirdi ki, Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ narkotik tranziti, narkotiklərin becərilməsi, satılması, transmilli cinayət üçün nəzarətsiz ərazi kimi istifadə olunub. Ölkənin 132 kilometrlik cənub sərhədi nəzarət olunmayan ərazi idi. Oradan narkotiklərin daşınması üzrə marşrutlar keçirdi. Ermənistan və Dağlıq Qarabağ separatçı rejiminin rəhbərliyi narkotik ticarəti birbaşa himayə edirdilər. Yalnız 44 günlük Vətən müharibəsi nəticəsində buna son qoyulub. 
Sərhədlərin müəyyənləşməsi, delimitasiya və demarkasiya üzrə dəqiqləşmələr aparılması olduqca zəruri prosesdir. Bununla bağlı müxtəlif baxışlar var. Rusiya tərəfi də bu məsələ ilə bağlı müəyyən hərbi xəritələri təqdim etmək istəyir. Amma görünən odur ki, ermənilər hər vasitə ilə bu prosesləri yubat­maqda davam edirlər. 
Hazırda Azərbaycanla Ermənistan arasında sərhəd təmas xəttindən ibarətdir. Ermənistan iddia edə bilməz ki, Azərbaycan hansı nöqtədə dayanmalıdır. Onların Azərbaycana aid qondarma rəsmi qərarları var idi. Məsələn, “Miatsum” layihəsinə görə, qarşı tərəf Qaraba­ğı Ermənistana birləşdirmək istəyir, hətta işğal edilmiş əraziləri də özü­nünkü hesab edirdi. Elə Nikol Paşin­yan vaxtilə “Qarabağ Ermənistandır” deməklə bunu etiraf etmişdi. Yəni erməni tərəfinin iddiasına görə, bu sərhədlər sovet vaxtında və yaxud Tiqranın dövründə filan yerdən keçib. Sərhədin haradan və necə keçməsi məsələləri mütləq həll olun­malıdır ki, möhkəm sülh üçün əsaslı zəmin olsun. 
Dövlətimizin başçısı İlham Əliyev də müsahibələrində bu zərurəti dönə-dönə vurğulayıb. “Biz, əslində, bu sülh gündəliyini onlara təqdim etmişik və delimitasiya ilə bağlı, əgər o baş tutarsa, ondan sonra demarkasiya ilə bağlı çox ay­dın təkliflər irəli sürmüşük. Bildiyiniz kimi, ilkin mərhələdə Ermənistan cavab vermirdi, nə hə, nə yox deyir­di. Yəni, bu, bir daha onu göstərir ki, Ermənistan rəhbərliyində gələcəklə bağlı açıq-aydın təsəvvür yoxdur. Bizim siyasətimiz isə tam aydındır – istər müharibə ilə bağlı, istər keçmiş Qarabağ münaqişəsinin baş vermiş həlli ilə bağlı, istər gələcəklə bağlı. Biz təklif etmişik ki, hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanısın, sərhədlərin delimitasiyası ilə bağlı işlərə start verilsin, kommunikasiya­ların açılması prosesinə start veril­sin və sülh müqaviləsi imzalansın. Yəni, sülh müqaviləsinin imzalan­ması 100 faiz qarantiya olmasa da, hər halda, müharibə riskini böyük dərəcədə minimuma endirir. Halbuki biz onu da bilməliyik ki, istənilən sülh müqaviləsi Ermənistan üçün, sadəcə, kağız parçası ola bilər. İndi imzalansa da, imzalanmasa da, biz dediyim kimi, öz hərbi gücümüzü, qüdrətimizi daim artıracağıq və artırmalıyıq. Ermənistan tərəfi isə tərəddüd edir. Yenə də bu, onu göstərir ki, rəsmi dairələr bu məsələ ilə bağlı öz fikrini hələ formalaşdıra bilməyib. Bir tərəfdən, onlar başa düşürlər ki, sülh müqaviləsi olmasa və güclü Azərbaycan mövcud oldu­ğu halda onların müəyyən narahat­lığı ola bilər. Digər tərəfdən başa düşürlər ki, sülh müqaviləsi imzala­narsa, orada mütləq hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanıma­sı müddəası olmalıdır və onlar buna hazır olmalıdırlar. Ona görə, bilirsi­niz, necə deyərlər, iki daş arasında qalıblar. Ancaq seçim etməlidirlər, düzgün seçim etməlidirlər. Mən demişəm, bizim xoşniyyətli davra­nışımız şərt deyil ki, əbədi olacaq və şərt deyil ki, bu təkliflər əbədi masa üzərində qalacaq. Əgər bizim ərazi bütövlüyümüzü tanımaq istəmirlərsə, o zaman biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Bizim Ermənistanın ərazi bütövlü­yünü tanımamaq üçün bəlkə də yüz dəfə daha çox əsasımız var, nəinki onların bizim ərazi bütövlüyümüzü tanımaması üçün”.
Bəli, Vətən müharibəsi başa ça­tandan sonra, elə ertəsi gün cənab İlham Əliyevin tapşırığı ilə işlərə başlanıb ki, müharibənin nəticələri beynəlxalq birlik tərəfindən tam qəbul edilsin. Yəni, Azərbaycan bir gün belə həm ərazilərin bərpası baxımından, həm də yüzlərlə kilo­metrlik sərhədin qaydaya salınma­sı, beynəlxalq birliyin bunu qəbul etməsi baxımından hədəfə aldığı və nail olduğu işləri dayandırmayıb. Bu iş tədricən gedib, lakin ardıcıl xarak­ter daşıyıb və xeyli irəliləyiş var. 
Regionda təhlükəsizlik ba­xımından Avropa qurumlarının və qonşu Rusiyanın səyləri diqqətəlayiqdir. Noyabrda baş tutan Soçi görüşündən sonra mətbuata bəyanatlarla çıxış edən iştirakçı tərəflər avtomobil və dəmir yollarının açılmasını nəzərdə tutan layihələrə başlanması ilə bağlı qərarların qəbul olunması, mübahisəli məsələlərin ədalətli həllinə dair çalışmaların davam etdirilməsi üzrə nikbin fikirlər söyləyiblər. 
Avropa İttifaqının da Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində dəstəyi hissediləndir. Prezident İlham Əliyev dekabrda Brüssel səfəri zamanı bu məsələlərə verdiyi töhfəyə görə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə təşəkkürünü bildirib. Eyni zamanda, Avropa İttifaqı, Azərbaycan və Ermənistan arasında keçirilən üçtərəfli görüş konstruktiv olub. Orada, həmçinin Ermənistan–Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı məsələlər müzakirə olunub. Bundan başqa, regionda kommunikasiyaların açılması, humanitar xarakterli məsələlər və digər mövzular gündəmdə saxlanır. Fakt budur ki, Azərbaycan regionda sülh və inkişaf naminə konstruktiv dialoqa hər zaman hazırdır. Zəngəzur nəqliyyat dəhlizinin istifadəyə verilməsi, heç şübhəsiz, bölgə ölkələri üçün geniş imkanlar aça bilər. Bunun üçün Ermənistandakı siyasi qüvvələr revanşist xülyalarından əl çəkməlidirlər.
Prezident İlham Əliyevin ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyinə işarə edərək bildirdiyi kimi, münaqişə başa çatıb və artıq bu təsisatın ilkin anlamda görəcəyi bir iş qalmayıb. Əgər Minsk qrupu yenə də fəaliyyət göstərmək istəyirsə, onda elə sülh müqaviləsinin imza­lanmasında, delimitasiya və demar­kasiya proseslərinin reallaşdırılma­sında səylər göstərə bilər. Minsk qrupunun həmsədrləri zamanın reallıqlarına uyğun addımlar atmalı, nizamlamaya yeni müstəvidə kömək etməyə çalışmalıdırlar. 
Əli NƏCƏFXANLI,

“Xalq qəzeti”

22 Yanvar 2022 10:23 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə