Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistan sülh müqaviləsini imzalamağa məhkumdurDünənədək

İkinci Qarabağ müharibəsi Azərbaycanın gücünü dünyaya nümayiş etdirdi. Ölkəmiz Vətən müharibəsində, sadəcə, Ermənistan dövlətini, onun hərbi və siyasi rəhbərliyini məğlub etmədi, eyni zamanda, regionda və dünyada mövcud olan erməni faşizmini və erməni lobbisini, yalan və saxtakarlıq üzərində qurulmuş ermənilik ideologiyasını yerlə-yeksan etdi. Hazırda Ermənistanda vəziyyət getdikcə pisləşir. Siyasi və iqtisadi tənəzzül, yoxsulluğun daha da artması, daxili qarşıdurma, qonşu ölkələrlə əlaqələrin kəsilməsi vəziyyəti olduqca ağırlaşdırıb. İndi bu ölkənin yalnız bir yolu var: sülh müqaviləsini imzalamaq, işğalçılıq siyasətindən birdəfəlik əl çəkmək. Azərbaycan tərəfi sülh müqaviləsini imzalamağa, sərhədləri tanımağa hazır olduğunu bəyan edib. 
Prezident İlham Əliyev müsahibələrində bu məsələyə münasibət bildirərkən dəfələrlə deyib ki, Azərbaycan sülh müqaviləsini imzalamağa ha­zırdır: “Bizim bu təklifimiz qalib ölkənin təklifidir, güclü tərəfin təklifidir, müzəffər xalqın təklifidir. Əgər buna Ermənistanda mənfi reaksiya varsa, bunu da özləri bilərlər. Amma yenə də deyirəm, yenə də peşman olacaqlar. Biz isə bundan sonra ancaq və ancaq irəli gedəcəyik” .
Dövlətimizin başçısı qəti olaraq bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həll olunmadığını düşünənlər “yanlış və təhlükəli” yoldadırlar.
Ermənistan və havadarları postmüharibə dövründə yeni geosiyasi reallıqları düzgün qiymətləndirməlidir. Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, məsələ artıq həll olunub: “Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi olmalı­dır. Bir-birinin ərazi bütövlüyünün tanınması olmalıdır, sərhədlərin tanınması olmalıdır, delimitasiya işlərinə start verilməlidir”. 
Ermənistanın siyasi və hərbi rəhbərliyi unutmamalıdır ki, Azərbaycan Ordusu işğalçıları darmadağın etmək üçün cəmi 44 gün vaxt sərf etdi. Bu tarixi Qələbə, həm də işğalçı ölkəyə havadarlıq edənlərə mesajdır. Bundan sonra yenidən müharibə sevdasına düşənlər yenə də başları üzərində “dəmir yumruğ”u görəcəklər.
Otuz illik işğala öz gücü ilə son qoyan Azərbaycan vaxt itirmədən Ermənistanın illər ərzində dağıtdığı, talan etdi­yi torpaqlarımızı dirçətmək istiqamətində bərpa-quruculuq işlərinə başladı. Qarabağda geniş vüsət almış yenidənqurma-bərpa işlərinin hamısına, reallaşdırılan bütün layihələrə möhtərəm Prezidentimiz İlham Əliyev şəxsən nəzarət edir. Müharibə dövründə olduğu kimi, bərpa-quruculuq işlərində də Azərbaycan xalqı dövlət baş­çısının ətrafında sıx birləşib. Ermənistanda isə mövcud nizamsızlıq, qarşıdurmalar, qeyri-sabitlik gündən-günə dərinləşir. Birincisi, bu amil müharibədəki ağır məğlubiyyətlə bağlıdır­sa, digər tərəfdən də, mövcud hakimiyyətə tabe olmamaqla və birincilik uğrunda qeyri-sivil mübarizə ilə əlaqədardır. Bu re­allıqları ölkənin birinci şəxsindən tutmuş, hökumət üzvlərinin digər nümayəndələri, ictimai xadimlər, sadə xalq da görür və etiraf edir. Ermənistanın ictimai-siyasi xadimlərindən hesab edilən Vahe Hovhannisyan da bu qənaətdədir. Onun sözlərinə görə, bu gün Ermənistanın kəskin problemi ölkənin müharibədən sonrakı mərhələyə daxil olmamasıdır. Bu isə heç şübhəsiz ki, özündə olduqca ciddi riskləri və nəticələri ehtiva edən çox acınacaqlı bir vəziyyətdir.
Artıq Ermənistan rəhbərliyi də sülh müqaviləsinə məhkum olduqlarını dərk edir. Təbii ki, bu, son çıxış yoludur. Görünür, baş nazir Nikol Paşinyan da bunu dərk etməyə başlayıb. Məhz bu səbəbdəndir ki, son günlər Paşinyan administrasiyası tərəfindən Azərbaycan və Türkiyə ilə əlaqədar verilən müsbət siqnallara daxildəki qruplaşma­lar tərəfindən kəskin tənqidlər səsləndirilir. Bu işdə əsas rol oynayan Koçaryan – Sarkisyan qruplaşmasıdır. Həmin cütlü­yün üzvləri – əlləri zamanında azərbaycanlı, türk qanına bulaş­mış və hələ də yaranmış mövcud durumu geriyə çəkmək üçün revanşist ideyalarla çıxış edirlər.
Revanşizmə meyilli digər tərəf, erməni lobbisidir ki, hələ də dünyada qondarma “erməni soyqırımını” güclü maliyyə xərcləməklə təbliğ edir. Bununla belə, hazırda lobbinin özünün də daxilində destabilizasiya hökm sürür. Daha dəqiq desək, diaspor gücünü əvvəlki kimi toplayıb zərbəni bir yerə vura bilmir. Hətta bununla əlaqədar olaraq, katalikos I Aramın da giley-güzarı eşidilir. O bildirir ki, Azərbaycan və Türkiyə ilə münasibətlərin yaxşılaşması Ermənistanda, ilk növbədə, erməniçiliyin 100 ildən çox hökm sürən ideoloji əsaslarını sarsıdacaq. Bu əsasların sarsıdıl­masında isə Azərbaycan tərəfinin apardığı informasiya savaşının rolu danılmazdır . Müharibənin bitməsinə baxmayaraq, hələ də informasiya savaşı davam edir və bu da Ermənistana böyük zərbə vurur. Belə ki, müharibə dövründə bir tərəfdən ağır döyüşlər gedirdisə, digər tərəfdən də Azərbaycan dövləti sistemli və koordinasiyalı iş görərək, onların yalan üyüdən dəyirmanını susuz qoyurdu. Üçüncüsü, revanşistlər ASALA terror təşkilatıdır ki, onlar da Azərbaycan və Türkiyə ilə bağlı son zamanlar Paşinyan ad­ministrasiyası tərəfindən verilən pozitiv siqnallara qarşı çıxırlar.
Hazırda Ermənistan müharibədən keçən bu müddətdə hələ də özünə gələ bilmir. Belə çətin dönəmdə həm Koçaryan – Sarkisyan koali­siyası, həm diaspor, həm də terror təşkilatları aranı qızışdır­maq əvəzinə, düşünməlidirlər ki, Ermənistanın artıq sülh müqaviləsini imzalamaqdan baş­qa çıxış yolu yoxdur. 
Şəbnəm HƏSƏNOVA,

politoloq

22 Yanvar 2022 10:12 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə