Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünənədək xaricdən gətirilən güllər indi Gəncənin özündə yetişdirilir

Gəncəçayın sağ sahilində bir sahə var ki, kim buradan keçirsə, gülün-çiçəyin ətri onu, necə deyərlər, bihuş edir. Özü də ilin bütün fəsillərində. Bura Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma şöbəsinin Gülçülük sahəsidir. Təxminən 15 hektarlıq ərazini əhatə edən bu əsrarəngiz məkanda yetişdirilən müxtəlif növ dekorativ bitki, gül-çiçək və ağaclar ilin müəyyən fəsillərində şəhər ərazisindəki yaşıllıq zolaqlarına köçürülür.
Belə bir faktı daha qabarıq nəzərə çat­dırmaq istəyirik ki, əgər əvvəllər şəhərin yaşıllıq sahələrini bəzəyən dekorativ bitkilər xaricdən gətirilirdisə, indi artıq buna ehtiyac qalmayıb. Çünki şəhərin gözəlliyinə əlavə rəng qatan həmin gül-çiçəklər elə buradakı istixanalarda yetişdirilir.
Müxtəlif növ qızılgül, çöbanyastığı və bənövşə, ətirşah (geran), primula, kazaniya, maqnoliya, çinerariya kimi güllər burada çalışanların gərgin əməyi və bacarığı sayəsində yetişdirilir və şəhəri zövqlə bəzəməyə imkan verir. 
Bağçılıq təsərrüfatının açıq sahəsində isə çinar, sərv, Eldar şamı, tuya və digər ağaclara rast gəlmək olar. Qeyd edək ki, hazırda Gülçülük sahəsində 30 minə yaxın Xan çinarı, 50 minə yaxın Eldar şamı, 40 minə yaxın tuya, 200 minə yaxın həmişəyaşıl kollar becərilir. Bitkilərə lazımi qaydada qulluq göstərilməsi üçün burada 2 ədəd 50 tonluq su çəni, böyük hovuz və əlavə yardımçı tikililər var.
Şəhər mənzil-kommunal təsərrüfat istehsalat birliyinin rəisi Elmar Əzizov de­yir ki, Gülçülük sahəsinin bugünkü uğuru birbaşa Niyazi müəllimin diqqət və qayğı­sının nəticəsidir. Şəhər icra hakimiyyətinin başçısı müntəzəm olaraq az qala hər gülün-çiçəyin vəziyyəti ilə maraqlanır, onların lazımi qaydada yetişdirilməsi üçün hər cür köməklik göstərir, özü tez-tez sahəyə gəlir, işçilərlə görüşür, tövsiyə və tapşırıqlarını verir.
Məlumat üçün bildirək ki, uzun illərdir şəhərin mərkəzi hissəsini bəzəyən, sakinlərin və qonaqların diqqətinə, mara­ğına səbəb olan, Gəncənin “Yaşıl təqvim”i də məhz burada hazırlanır.
Hamlet QASIMOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

23 Yanvar 2022 10:05 -

Köhnə versiyamızdan xəbərləri izlə